Tehran hər vəchlə Ermənistanı Azərbaycana qarşı silahlandırır.
Qeyd edək ki, İranın “Telegram” kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Politoloq Elxan Şahinoğlu isə özünün “Facebook” hesabında İrandan Ermənistana SEPAH-a məxsus hərbi yük təyyarəsi ilə PUA və digər silahlar daşınması barədə məlumatı belə şərh edib ki, Tehran Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək istəyir: “Tehranın başqa bir təzyiq aləti İranın dini liderinin hərbi müşaviri Yəhya Səfəvinin “dünyanın müxtəlif yerlərdəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil” açıqlamasıdır. Əvvəlcə İran parlamentinin deputatı İsrailin Azərbaycandakı səfirliyini nişan göstərdi, ardınca bu açıqlamanın rəsmi təsdiqi gəldi”. Bəzi ekspertlər də eyni fikirdədirlər və məhz bu bölgədə real vəziyyət göstərir. Xatırladaq ki, 29 mart - 4 aprel tarixlərində İranın Sərab və Tehran şəhərlərindən SEPAH-a məxsus “Boinq” hərbi yük təyyarəsi İrəvana 5 dəfə reys həyata keçirib. Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları mərkəzinin sədri Sədrəddin Soltan “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, İran hakimiyyəti Cənubi Qafqazı sabit və təhlükəsiz bir region kimi görmək istəmir: “Hazırda Azərbaycan ilə İran arasında münasibətlər hələ də normallaşmayıb. Sadəcə olaraq, Tehran ikitərəfli atılan addımları normallaşma kimi təqdim edir. Azərbaycan-İran münasibətlərində bir çox problemlər hələ öz həllini tapmayıb. Bildirim ki, İran hakimiyyəti bütün imkanları ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Tehran Azərbaycanı zəiflətməyə və İrandan asılı vəziyyəti salmaq niyyətindədir. Bu məqsədlə İran Ermənistanın silahlandırılmasında aparıcı rol oynayır. Düzdür, əvvəllərdə İran hakimiyyəti Ermənistana silah-sursat və hərbi ləvazimatlarla yardım edirdi. Hətta İkinci Qarabağ müharibəsi zamanı Rusiyadan gələn hərbi texnikanı öz ərazisindən Ermənistana ötürülməsinə şərait yaratmışdı. İran hakimiyyəti Ermənistana hər zaman neft və neft məhsulları ötürüb. Bununla yanaşı, İranın rəhbərliyi Ermənistanın iqtisadiyyatının güclənməsinə əlindən gələn köməyi edib. İran hakimiyyəti Ermənistanın silahlandırılmasında iştirak edərkən özünə haqq qazandırmaq üçün belə bir iddia ortalığa atır ki, Azərbaycan İsraildən silah aldığı üçün İran da Ermənistanı silahlandırır. Son hadisələr onu göstərir ki, İran hakimiyyəti Azərbaycana qarşı təzyiqləri artırmaq üçün Ermənistandan siyasi alət kimi istifadə etmək marağındadır. Tehran Ermənistanın silahlanmasına, onun iqtisadiyyatının möhkəmlənməsinə dəstək göstərməklə, hətta İrəvanın Azərbaycana qarşı ərazi iddialarını haqq qazandırmaqla regionda tarazlığı pozur. Yəni İran hakimiyyəti öz addımları ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına və ikitərəfli münasibətlərin normallaşmasına əngəl yaradır. Bu onu göstərir ki, İran Cənubi Qafqazı münaqişəli region kimi görmək istəyir”.
Sorğu
Yeni dizaynımız necədir?