Ekspertlər prezidentin fikirlərini tənqid edir Azərbaycan yaxın perspektivdə Dünya Ticarət Təşkilatına (DTT) daxil olmaq niyyətində deyil. Bu barədə prezident İlham Əliyev «Rusiya - 24» telekanalına müsahibəsində bildirib. “Azərbaycan indiyə qədər Dünya Ticarət Təşkilatının üzvü olmayıb, hərçənd bizi ora çox fəal dəvət edirlər. Lakin biz hər şeyi «lehinə» və «əleyhinə» götür-qoy edirik. Əlbəttə, «lehinə» olan məqamlar da çoxdur, biz hamımız bunu çox gözəl bilirik, hesab etmişik ki, bizim iqtisadiyyatın inkişafının indiki mərhələsində bu, bizim kənd təsərrüfatına, fermerlərə, xüsusi sahibkarlığa və yerli istehsala ziyan vurar», - dövlət başçısı vurğulayıb. Lakin müstəqil ekspertlər İ.Əliyevin bu fikrini bölüşmür. Belə ki, İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu prezidentin dedikləri ilə qismən razıdır. Ekspert təəssüflə qeyd edib ki, Azərbaycanda ölkənin DTT-yə daxil olmasının müsbət və mənfi tərəfləri ilə bağlı ekspertlərin, biznes nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılmayıb. Onun fikrincə, ixrac-idxal rüsumunun DTT qaydaları ilə unifikasiyası, gömrük prosedurlarının sadələşdirilməsi Azərbaycan mallarının beynəlxalq bazara çıxışına yardım edərdi. Neft hasilatının azalması nəzərə alınmaqla, bu məsələ xüsusi aktuallıq kəsb edir, çünki DTT-yə daxil olmaq diversifikasiya edilmiş, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasına xidmət edəcək. Azərbaycanın DTT-yə daxil olmamasında ən çox ixrac-idxal da daxil olmaqla, iqtisadiyyata nəzarət edən inhisar maraqlıdır. Gömrük prosedurlarının şəffaf olmaması, inzibati maneələr, inhisarlaşma ölkənin uzunmüddətli inkişafını təmin edən rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasına əngəl törədir, - Q.İbadoğlu vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?