Heydər Əliyev oğluna K.Heydərovla bağlı nəyi vəsiyyət edib? Və ya FHN şefini niyə “bitirmək” istəyirlər?
gundemxeber.az Son zamanlar hakimiyyət daxilində cərəyan edən proseslər yenidən ölkə gündəminin əsas mövzularından birinə çevirilib. Bu da səbəbsiz deyil. Çünki 2013- cü ildə keçiriləcək prezident seçkilərinin nəticələri və seçkilərdən sonra formalaşa biləcək hakimiyyət komandası bu proseslərdən çox asılıdır. Digər tərəfdən, hakimiyyət daxilində gedən proseslər ölkədəki ümumi vəziyyəti tənzimləyir, dövlətin daxili və xarici siyasətinə ciddi şəkildə təsir göstərir. Bu dəfəki araşdırmamızda Dövlət Gömrük Komitəsinin keçmiş sədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hakimiyyətdə yeri, rolu, imkanları, zəif və üstün cəhətləri, ictimai-siyasi proseslərə təsir imkanları, mövcud durumu, yaxın dövr üçün perspektivi və siyasi aqibəti barədə olacaq. Araşdırma yazını təqdim etməzdən öncə qeyd edək ki, “Gündəm-xəbər” qəzeti vaxtaşırı olaraq öz səhifələrində fövqəladə hallar nazirini obyektiv və davamlı şəkildə tənqid edən mətbu orqanlardan biri, bəlkə də birincisidir. Bu yazıda da biz öz tənqidi mövqeyimizi saxlayacağıq. Amma eyni zamanda, araşdırdığımız obyektin müsbət çalarlarını, onun haqqında ifadə olunan xoşniyyət, nikbin ovaqtlı fikirləri də diqqətinizə çatdıracayıq. Dəyərli oxucular bilməlidir ki, bu fikirlər qəzetimizin mövqeyini ifadə etmir...
Hakimiyyətdaxili qruplar və şəxslər arasında təhlil aparsaq görərik ki, güc və təsir baxımdan, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi qrup hazırda kifayət qədər favorit durumdadır. Onun əsas rəqiblərindən olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son zamanlar “zəifləməsi” və bir neçə gün öncə birdən-birə ona rəqib olan 4 nəfərin müavin təyin edilməsi həm “boz kardinal”a olan etimadın formal, həm də onun birdəfəlik yola salınmasına hazırlıq xarakteri daşıdığını göstərir. Bu barədə az sonra... Gəlin baxaq görək, doğrudanmı K.Heydərov hakimiyyət daxilində güclü fiqurlardan biridir? Onun gücü nədədir? Əvvəlcə statistik və rəsmi real məlumatlara diqqət yetirək.
K.Heydərov haqqında Wikileaks saytı nə yazıb?
Onun haqqındakı gerçəkliklərlə doğruluğu az adamda şübhə doğuran Wikileaks saytının bir müddət öncə yaydığı məlumatlar çərçivəsində tanış olaq. Məşhur Wikileaks saytı ABŞ-ın ölkəmizdəki səfirliyinə istinadən yaydığı məlumatda qeyd etmişdi ki, adıçəkilən böyük elçilik öz ölkəsinə göndərdiyi rəsmi və məxfi dosyedə göstərmişdir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkənin ən güclü və varlı şəxslərindən biridir. Dosyedə bildirilir ki, gömrük xidmətinin keçmiş rəisi olan Kəmaləddin Heydərovun ailəsi, hətta Azərbaycanda ikinci ən zəngin ailədir. Məlumatda daha sonra deyilir: “...Onların sərvətlərinin mənbəyi barədə soruşanda Heydərovlar deyir ki, bu sərvətlər malik olduqları böyük biznes imperiyasından – qablaşdırıcı firmalardan, tikinti materialları istehsal edən zavodlardan, kimyəvi məhsulların istehsalından, tekstil məmulatlarının, kompakt- disklərin, videodisklərin, süd məhsullarının, dəri məmulatlarının satışından və digər sahələrdən qaynaqlanır. Heydərovlar, həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı, fortepiano satışı, araq və şərab məhsullarının istehsalı və satışı, sığorta fəaliyyəti və digər bizneslərlə də məşğuldur. Nar şirəsi və qara kürü istehsalında da Heydərovlar inhisar haqlarına malikdir".
“Şübhəli imicə malik, olduqca varlı məmur” – “Azərbaycanın Abramoviçi”
WikiLeaks saytı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu, onun biznes imperiyasına rəhbərlik edən Taleh Heydərovdan, Qərb mediasının deyimi ilə yazsaq, Heydərovların ailə biznesindən də bəhs edib. Britaniyanın “The Daily Telegraph” qəzeti yazır ki, amerikalı diplomatlar, “fövqəlnazir”lə yanaşı, onun biznesmen oğlunun fəaliyyətini də yaxından izləyib. Bakıdan ABŞ-ın əsas qurumlarına gedən teleqramda T.Heydərovun Britaniya şahzadələri Uilyam və Harri ilə əlaqələri barədə də yazılıb. Sənəddə T.Heydərov “Azərbaycanın Abramoviçi” adlandırılıb və bildirilir ki, o, İngiltərə yığmasının keçmiş kapitanı Toni Adamsa sahibi olduğu “Qəbələ” futbol klubuna məşqçilik etmək üçün ildə 1 milyon funt ödəyib. Yazıda deyilir ki, Britaniya şahzadələrinin T.Heydərovla əlaqələri Bakıdakı amerikalı diplomatları narahat edib, bu narahatlıq Kəmaləddin Heydərovun şəxsiyyətilə bağlıdır. Sənəddə K.Heydərov “şübhəli imicə malik, olduqca varlı məmur” kimi xarakterizə olunur. Qəzet xatırladır ki, 2010-cu ilin fevralında ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu K.Heydərov barədə 2500 sözdən ibarət emosional hesabat göndərmişdi. Orada Heydərovların ailə biznesilə bağlı kəskin ifadələr yer alırdı. Diplomat yazır ki, Azərbaycan iqtisadiyyatını Heydərov kimi iri inhisarçılar nəzarətdə saxlayır. Qeyd edək ki, WikiLeaks saytı bir neçə dəfə K.Heydərov haqqında dosye yayıb. ABŞ səfirliyi əməkdaşlarından birinin hazırladığı hesabatda “fövqəlnazir”in Azərbaycanın ikinci ən varlı ailəsi olduğu qeyd edilirdi. Hesabatda Heydərovların ailə bizneslərinə geniş yer verilirdi: “Heydərovların imperiyasına Azərbaycanda və onun hüdudlarından kənarda, meyvə şirələrinin istehsalından tutmuş, daşınmaz əmlak biznesinə qədər – ən müxtəlif sahələrdə fəaliyyət göstərən çoxsaylı şirkətlər daxildir. Kəmaləddin Heydərov ölkənin ən güclü adamlarından biridir, bəzi müşahidəçilər deyir ki, o, hətta prezidentdən də nüfuzlu ola bilər. Onun atası Fəttah Heydərov dağlıq rayon olan Qəbələdən deputatdır, bu rayon ailənin Bakıdan kənardakı əsas bazasıdır”.
Beynəlxalq diqqət və dəstək.. Və ya xarici əlaqələrin qurulmasında Avropa-Azərbaycan Cəmiyyətinin rolu
K.Heydərova böyük beynəlxalq diqqət və dəstək mövcuddur. Son zamanlar elə bir həftə olmur ki, xarici ölkə səfirlikləri və ölkəyə gələn beynəlxalq təşkilatların nümayəndələri onunla görüşməsinlər. FHN-nin rəsmi saytına ötəri baxmaq yetər ki, belə işgüzar görüşlərin və təmasların, ölkəmizdəki səfirlərlə ünsiyyətin intensivliyini sezmək mümkün olsun. K.Heydərovun beynəlxalq əlaqələrinin qurulmasında oğlu Taleh Heydərov fəal iştirak edir. T.Heydərov hazırda diaspor təşkilatları içində tanınan Avropa-Azərbaycan Cəmiyyətinin sədridir. Cəmiyyətin Avropanın bir sıra ölkələrində ofisləri və nümayəndəlikləri var. Vaxtaşırı olaraq Azərbaycanla bağlı müxtəlif səpkili tədbirlər təşkil edir. Digər nazir oğullarından fərqli olaraq, Taleh Heydərov başını aşağı salıb konkret fəaliyyətlə məşğul olan, özünə, atasına və təmsil etdiyi ölkəyə nüfuz gətirmək istiqamətində çalışan azsaylı azərbaycanlı nazir övladlarından biridir, bəlkə də birincisidir.
ABŞ kəşfiyyatının “fövqəlnazir”lə bağlı narahatlığı...
Wikileaks-in yaydığı sənədlərdən və ABŞ səfirliyinin Ağ Evə göndərdiyi məlumatlardan görünür ki, amerikalı diplomatlar Heydərovların fəaliyyətini yaxından izləyir. K.Heydərovun biznes və siyasi hakimiyyətindən bəhs edən sənədlərin çoxluğu və o materialların ardıcıl olaraq açıqlanması göstərir ki, ABŞ kəşfiyyatı “fövqəlnazir”in siyasi fəallığından narahatdır. Əslində, açıqlanan materialları Qərbin (konkret ABŞ-ın) Heydərovu vurması kimi də qiymətləndirmək olar. Yeri gəlmişkən, bir qədər əvvəl yerli mətbuatda K.Heydərovun ölkəyə baş nazir gətiriləcəyilə bağlı xəbərlər də yayılmışdı. Cənab Heydərovun işgüzar imici, ailəyə yaxınlığı onun yeni dövrdə hökumətin başına gətirilməsi ehtimalını gücləndirir. Ancaq görünən odur ki, həm ölkədə (hakimiyyət daxilində), həm də xaricdə Heydərovu istəməyənlər çoxdur. Maraqlıdır, bəs Amerika ilə Heydərovun arasında soyuqluğun (yazılara baxsaq, düşmən münasibəti də demək olar) arxasında hansı amillər dayanır? WikiLeaks saytının gəldiyi qənaətə görə, “K.Heydərov Amerikanın Azərbaycan iqtidarında ən arzu etmədiyi məmurlardan biridir. Belə ki, ən çox korrupsiyalaşmış sahələrə nəzarət edən cənab Heydərov “çirkli pulların yuyulması”, xarici ölkələrlə, o cümlədən İranla şübhəli maliyyə əməkdaşlığına sahibdir. WikiLeaks sənədlərinin birində Heydərovun ortağının iranlı iş adamı olduğu yazılır. 2005-ci ildə baş tutan gurultulu həbslər dalğasında vurulan kadrlardan bəziləri Qərbyönlü cinah hesab edilirdi. İddialara görə, o zaman bu kampaniyada, xüsusən Qərbyönlü cinahın (başda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev olmaqla – red.) vurulmasında Heydərovun mühüm rolu olub. Bu mənada Azərbaycanda ikinci ən böyük biznes şəbəkəsinə sahib olan, üstəlik, şübhəli biznes əlaqələrinə sahib ailənin nümayəndəsinin bu arada vurulması heç də təsadüfi görünə bilməz. Məxfi sənədlərdə ardıcıl olaraq Heydərovun vurulması, həm də, bu şəxsin daha yüksək hakimiyyət postuna iddialı olmasına işarədir. Bir də onu açıq göstərir ki, ABŞ onun bundan artıq böyüməsini istəmir.”
Böyük kapitala, media dəstəyinə, fiziki gücə və ictimai diqqətə malik fiqur...
Bəzi araşdırmaçı ekspertlər Kəmaləddin Heydərovun imkanları və təsir gücü barədə aşağıdakı fikirləri bölüşürlər; “O, öz çətiri altında çoxlu sayda nazirliyi, naziri, yüksək vəzifə tutan məmurları, icra başçılarını, deputatları, iqtidaryönlü və «konstruktiv müxalifət» partiyalarını, iri biznes strukturlarını, media qurumlarını birləşdirən nəhəng oliqarxdır. Bu gün hakimiyyətin, xüsusilə də maliyyə-iqtisadi sektorunda təmsil olunan yüksək rütbəli məmurların böyük əksəriyyəti, məhz K.Heydərovun təqdimatı ilə seçilib. Çoxsaylı orta və kiçik vəzifələrdə Heydərova yaxın insanların yerləşdirilməsini bir kənara qoyuruq. Ölkədə aparıcı strukturların bir çoxunun rəhbəri birbaşa fövqəladə hallar nazirinin kadrıdır. Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, «Azərlotereya» ASC-nin, Hesablama Palatasının, Dovlət Taxıl Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərlərinin, məhz Kəmaləddin Heydərovun kadrları olduğu, nəinki Azərbaycanda, ölkə sərhədlərindən kənarda da çoxlarına məlumdur. Təsadüfi deyil ki, Hüseynqulu Bağırovun “fövqəlnazir”ə yaxın kadr olmasını ictimaiyət ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili olmuş Donald Lunun Vaşinqtona ünvanladığı və WikiLeaks saytının açıqladığı məxfi hesabatdan sonra çoxlarına məlum oldu”. Göründüyü kimi, K.Heydərov kifayət qədər kapitala, media dəstəyinə, fiziki gücə və müəyyən qədər də beynəlxalq əlaqələrə malikdir. Başda “Gilan Holdinq” və Azəri-Trans olmaqla, böyük inşaat və tikinti şirkətləri var. Media dəstəyi – hazırda onun dəstəyilə 10-a yaxın qəzet, saysız-hesabsız informasiya agentlikləri, xəbər portalları və birbaşa təsirində olan TV- lər var. Fiziki gücü – Karate-do və Boks Fedarasiyası onun monopoliyasında olmaqla, adıçəkilən qurumların prezidentidir. Hər iki qurumda onlarca dünya və Avropa çempionları və yüzlərlə, hətta minlərlə idmançılar var. Eyni zamanda, K.Heydərov tərəfindən onların əksəriyyətinə normal yaşayış şəraiti yaradılıb. K.Heydərov hazırda kifayət qədər tanınmış, güclü və zəngin bir şəxsdir. Yerli və xarici mətbuatda ən çox diqqət yetirilən və oxunan, izlənən azərbaycanlı məmurlardan biridir. Eyni zamanda azsaylı məmurlardandır ki, nə özü, nə oğlu, nə də müavinləri vasitəsilə, hətta onu aşağılayan və təhqir edən mətbuatla zor və məhkəmə dililə danışmayıb. Haqqında yazılanlara və deyilənlərə kifayət qədər dözüm və səbr nümayiş etdirməyi bacarır. Bəzi analitiklər və ekspertlər hesab edir ki, hakimiyyətə nüfuz, təsir gücü, əlaqə, kapital və dəstək baxımdan ciddi təhlükə törədir. O, həm də nə qədər gizlətsə də, siyasi baxımdan iddialı adamdır. Bir müddət öncə baş nazirliyə can atması da onun daxili, gizli. uzaqgedən iddia və istəklərindən xəbər verirdi. Əldə etdiyimiz məlumata görə, Azərbaycanın imza atdığı bəzi beynəlxalq miqyaslı layihələrdə, məsələn, 2011-ci il Eurovison yarışmasında Azərbaycanın qalib gəlməsi və bu möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi, eləcə də ömürlük həbsə məhkum Ramil Səfərovun Macarıstandan azadlığa buraxılması və s. kimi tarixi hadisələrdə onun fövqəladə imkanlarından istifadə olunub. Buna görə Kamal müəllimin hakimiyyət daxilində gücü hər kəsə bəllidir. Eyni zamanda, hakimiyyətin müxtəlif təbəqələrindən, Prezident Administrasiyasından tutmuş, hüquq-mühafizə orqanlarına, parlamentə qədər ona sadiq çoxsaylı qüvvələr var. Atası və özü, Naxçıvan və Qəbələ rayonu daxil olmaqla, bir sıra bölgələrdə və insanlar arasında “çörəkverən şəxs”, “əliaçıq insan” kimi ayamalara məxsusdurlar ki, bu da Heydərovlar ailəsinə əlavə hörmət və imic gətirir. Əlavə qeyd: K.Heydərov kiafəyət qədər işgüzar dövlət məmuru, daşdan çörək pulu çıxarmağı bacaran biznesmen, siyasi iddiasını qabiliyyətinə uyğun qurmağı bacaran siyasətçidir. Onu yaxından tanıyanlar bildirir ki, FHN şefinin son illərdə nə zaman məzuniyyətə və istirahətə getdiyi bəlli deyil. Hətta o, dəfələrlə bir neçə günlük dincəlmək adı ilə işdən gedərkən, istirahətdə də işlərini və adamlarının işi necə görməsini təqib edib, istirahətini yarımçıq qoyub, iş başına qayıdıb. Onu yaxından tanıyanlar bildirir ki, K.Heydərov daxilən narahat, bir yerdə qərar tuta bilməyən, çox şeyə qane və razı olmayan iddialı bir şəxsdir.
Zəif nöqtələri...
Geniş imkanlara və əlaqələrə, təsir imkanlarına baxmayaraq, onun da zəif nöqtələri var. Əlində kifayət qədər media imkanları olsa da, həm özünün, həm də təmsil etdiyi FHN-nin ictimai əlaqələri çox zəifdir. Öz üzərindən “korrupsiyalamış məmur” imicini qaldıra bilmir. Ətrafına topladığı adamlar, daha çox, naxçıvanlı qruplaşmasına aiddir ki, bu da onun yerliçilik xəstəliyindən qurtula bilmədiyini göstərir. Yəni o, məhəlli liderliyindən ümumölkə liderliyinə yüksəlməkdə müəyyən qədər çətinlik çəkir. Vətəndaş Cəmiyyəti institutları ilə əməkdaşlıqdan, hesabatlılıqdan və ictimaiyyətə açıqlıqdan qaçır. Sanki daha çox qapalı və səssiz fəaliyyət göstərməyə üstünlük verir ki, bu da müasir tələblərə cavab vermir. K.Heydərov bir çox dairələrdə siyasi hakimiyyətə iddialı şəxs kimi qəbul olunur Son zamanlar müşahidə olunan məqam ondan ibarətdir ki, bir çox hallarda xarici ölkələrin səfirləri və paytaxtımıza təşrif buyuran qonaqlar, dövlət başçısı ilə yanaşı, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da görüşürlər. Buna misal olaraq, K.Heydərovun ötən bir neçə ayda ABŞ-ın, Niderlandın, Latviyanın, Polşanın, Ispaniyanın, İranın, Türkiyənin, Moldovanın səfirlərilə görüşməsini göstərmək olar. Maraqlıdır ki, bir çox hallarda dövlətin ikinci və üçüncü şəxsləri qaldığı halda, xaricilər məhz K.Heydərovla bir araya gəlməyə üstünlük verirlər. Bir çox hallarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bu görüşlərdən kənarda qalır. Bütün bunlar isə WikiLeaks-dəkı bir sıra məlumatlara diqqəti çəkir. Belə ki, həmin saytda gedən məlumatlara görə, K.Heydərov bir çox dairələrdə siyasi hakimiyyətə iddialı şəxs kimi qəbul olunur. Bir çox ekspertlərin fikrincə, bu tendensiyanın əsas səbəbi xarici diplomatların ölkəmizdə məmurların formal olaraq sıralamasına deyil, real təsir imkanlarına diqqət yetirmələridir. Çünki Azərbaycanda, formal olaraq, ikinci və üçüncü sırada yer alan məmurların təsir imkanları bir çox hallarda tutduqları yerə adekvat olmur. Amma tam tərsinə, formal olaraq 30-cu yerdə qərarlaşan şəxslərin təsir imkanları daha geniş olur.
“... Prezidentdən də nüfuzlu şəxs” və ya FHN şefinin vurulma səbəbi
Əslinə baxanda, ölkənin ən nüfuzlu və zəngin şəxslərindən biri Kəmaləddin Heydərovun “böyüməsilə” yanaşı, son zamanlar onun üzərində nəzarət də güclənir. Bu nəzarət, həm də onun artan nüfuzunun azaldılması, müəyyən qədər zərərsizləşdirilməsi və nəzarətdə saxlanmasına xidmət edir. Hazırda bir müddətdir ki, onun zəiflədilməsi istiqamətində işlərə start verilib və artıq bu prosesin real nəticələri də var. Belə ki, onun nəzarətində olan bir sıra şirkətlər, istehsal müəssisələri, media qurumları ya ondan alınıb, ya da həmin qurumlarda onun təsir dairəsi məhdudlaşdırılıb. Bir sıra yüksək vəzifədə çalışan, vaxtilə onun təqdimatı ilə vəzifəyə təyinat alan şəxslər onun təsir dairəsindən çıxarılıb. Hazırda da bu proses davam edir. Maraqlıdır, görəsən nə baş verir? Axı mövcud hakimiyyətin möhkəmlənməsində onun və atasının gücü, maliyyəsi kifayət qədər rol oynayıb. Bəs, nədən hakimiyyət daxilində K.Heydərovun zərərsizləşdirilməsi prosesi gedir, onun suçu nədir? Apardığımız araşdırmalar və əldə etdiyimiz dəqiq məlumatlar onu deməyə əsas verir ki, FHN şefinin vurulması səbəbini də elə WikiLeaks saytı dəqiq göstərib: “...K.Heydərov prezidentdən də nüfuzlu ola bilər”. Hazırda hakimiyyətdaxili proseslər bu istiqamətdə cərəyan edir. Yəni əgər qarşıdan gələn 2013-cü ildə keçiriləcək prezident seçkilərində hakimiyyət daxilindən ən optimal namizəd axtarışına baş vurulsa, heç şübhəsiz, Kəmaləddin Heydərovun namizədliyi daha real və ümidverici görünür. Təbii ki, 3-cü dəfə prezident seçkilərində iştirak etmək üçün İlham Əliyevin namizədliyi irəli sürülməsə və ölkənin idarəetmə quruluşu ilə bağlı konstitusiyon dəyişikliklər (bu barədə növbəti yazımızda yazacağıq – red.) həyata keçirilməsə... Hələ YAP və hakimiyyətdə həlledici qərar qəbul etmək imkanına malik Paşayevlər qrupu 2013-cü il seçkilərilə bağlı qəti qərara gəlməyiblər. Hələ ki, onların xəyali namizədləri İlham Əliyev, o olmasa, Mehriban Əliyevadır. Məhz bu baxımdan hakimiyyətdaxili güclər, xüsusən də Əliyev-Paşayevlər siyasi kursunun “ixtiyarları” var-güclərilə Kəmaləddin Heydərovun zərərsizləşdirilməsi yönündə fəaliyyət göstərirlər.
Böyük etimaddan kompramat qovluğuna gedən yol...
2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınları ilə bağlı fəalkətin nəticələrinin aradaqan qaldırılması istiqamətində böyük həcmdə ayrılan vəsaitlərin xərclənməsinin və həmin vəsaitlərlə böyük həcmdə işlərin görülməsinin ona etibar edilməsi (3500-dən artıq evin tikilməsi, 1700 evin bərpa gücləndirilməsi, 23 min ailəyə kompensasiya verilməsi və s.) onun mənsub olduğu güc və qüdrət qarşılığında verilən və əldə etdiyi imtiyaz olmaqla yanaşı, həm də ona göstərilən etimaddır. Bu etimad sabah onun vurulması üçün ciddi kompramat qovluğu rolunu da oynaya bilər. Belə ki, bir sıra vətəndaş qurumları, xüsusən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı həm Kür daşqınları, həm də Qax-Zaqatala zəlzələsilə bağlı böyük mənimsəmə və korrupsiya faktları əldə edib ki, bir neçə gün öncə həmin faktların cüzi hissəsi hesabat halında ictimaiyyətə açıqlandı. Çox maraqlıdır ki, hesabata daxil edilən məlumatların bir hissəsi adının çəkilməsini istəməyən hakimiyyətçi (oxu – Heydərova qarşı – red.) qüvvələr tərəfindən “Kür” Cəmiyyətinə təqdim olunmuşdu və görünən bu prosesin davam edə biləcəyi ehtimalıdır. H.Əliyev öz oğluna K.Heydərovla bağlı nəyi vəsiyyət edib? K.Heydərovun nə vaxtsa “...prezidentdən də nüfuzlu ola biləcəyi” qənaəti dövrünün nəhəng siyasətçisi, mərhum Heydər Əliyevin də diqqətindən qaçmayıb. H.Əliyev ömürünün son günlərini yaşayarkən, onun yanında olmuş bir şəxsdən sızan məlumata görə, mərhum prezident oğlu İlham Əliyevin gələcək komandası ilə bağlı ona maraqlı, həm də çox ciddi vəsiyyət edib. Eks-prezident oğluna həmişə öz yanında Ramil Usubovu, Ramiz Mehdiyevi və Bəylər Əyyubovu saxlamağı, onları qorumağı tapşıraraq “nə qədər onlar səninlə bir yerdədir, sənə zaval yoxdur” desə də, “oçkarikdən” (K.Heydərov nəzərdə tutulur – red.) ehtiyatlı ol və ondan özünü gözlə” deyərək, Kəmaləddin Heydərovla bağlı ona mühüm mesajlar verib. Artıq Heydərov, adıçəkilən şəxslərlə müqayisədə, kifayət qədər nüfuzlu, təsirli olduğu qədər də hakimiyyət üçün əməlli-başlı təhlükə mənbəyidir. Digər tərəfdən, hərbiləşdirilmiş nazirliyə rəhbərlik edən, böyük kapitala və gücə malikdir. Heydərov istənilən vaxt hakimiyyət daxilində, hətta çevriliş etmək iqtidarındadır. Son zamanlar onun bütün cəbhə boyu vurulması da, məhz bu “ehtiyatlılığın” təzahürüdür. K.Heydərovun rəqibləri, əslində müxalifət deyil, onun hakimiyyətiçi əleyhdarlarıdır. Son zamanlar onunla bağlı bəzi müxalifyönümlü KİV-in də hərəkətə gəlməsi və FHN şefini yaylım atəşinə tutması, məhz hakimiyyət içindən ötürülən kompromat savaşının və “vur” komandasını tərkib hissəsidir. Proseslərin gedişi onu göstərir ki, 2013-cü il prezident seçkiləri K.Heydərov üçün son seçkilər ola bilər. Çünki siyasətin öz qanunları var, hakimiyyətə təhlükə varsa, vurulmalıdır. Yaxud “iki qoçun başı bir qazanda qaynamaz”. Mehdiyev və Heydərovun payızı... ... İndi payızdır. Ağaclar yarpaqlarını tökür. Təbiət çılpaqlaşır, tənhalaşır. Günlər qısalır, günəşin rəngi dəyişir. Batmağa tələsir. İnsanlar da təbiət kimidir. Ömrünün payızında qürub çağını yaşayır. Siyasətin və siyasətçilərin də payız fəsli, fəaliyyətin qürub çağı olur... Məsələn, Ramiz Mehdiyev siyası fəaliyyətinin payız fəslini, qürub çağını yaşayır. Son günlər hakimiyyət daxilində onun “yarpaq tökümü”, qürub çağı yetişməkdədir. Bu proses açıqdan-açığa hamının gözü qarşısında baş verir. Bir neçə gün öncə ona arzulamadığı 4 nəfərin müavin təyin edilməsi, kadrlarının əlindən alınması da ağacların yarpaqlarının tökülməsi, çılpaqlaşıb tənhalaşması kimidir. Mehdiyevin siyasi qürubu, çılpaqlaşıb tənhalaşması aşkar gedir. Amma hakimiyyətdaxili güclər var ki, onların da siyasi fəaliyyətinin son payızı gəlməkdədir və bu proseslərin bəziləri gizli gedir. Onların biri də, məhz Kəmaləddin Heydərovdur. Prezident Administrasiyası rəhbərinin son təyin olunan 4 müavin, əslində, yaxın 2013-cü il üçün hesablanan hakimiyyət komandasının etibarlı nüvəsi də adlandırmaq olar. Həmin nüvədə, nəinki Heydərovun adı, heç güvəndiyi adamların da adları yoxdur. Elə 4 müavin arasında da onun təklif etdiyi şəxslər yer almadı. Dövlət başçısı FHN şefinin dəstək verdiyi şəxsi – Fuad Ələsgərovu dörd nəfərdən biri etmədi. Halbuki hüquq şöbəsinin müdiri daha qocaman və təcrübəli bir şəxs kimi bu görəvə təyinat alanlardan daha üstün idi. Bu kiçik misal da növbəti son payızını yaşayacaq dövlət məmurunun K.Heydərov olacağına kiçik bir ismarıcdır... “Gündəm-xəbər” qəzetinin Analitik Qrupu
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?