M.Ə.Sabir: “Düşdü bütün qəzetlər, hörmətdən ay can-ay can” Hələ XX əsrin əvvələrində böyük Sabir ürək ağrısı ilə yazırdı ki, “düşdü bütün qəzetlər, hörmətdən, ay can-ay can”. Üstündən bir əsrdən çox keçməsinə baxmayaraq, biz hələ də azad sözə, mətbuata münasibətdə çox da dəyişməmişik. Düzdür, ölkə başçısı “jurnalistlərin dostu” elan olunsa da, bir çox yüksək ranqlı məmurlar özlərini sözün əsl mənasında jurnalistlərin düşməni kimi aparmaqdan çəkinmirlər. Təsadüfi deyil ki, bu gün Azərbaycan söz azadlığının boğulduğu ölkələr sırasında xüsusi yer tutur. Müstəqil mətbu orqanlara qarşı müxtəlif səviyyələrdə göstərilən təzyiqlər, məhkəmə prosesləri azad sözü, fikir azadlığını boğmağa yönləndirilən addımlardır. Onsuz da çətin durumda olan müstəqil mediya orqanları ən müxtəlif vasitələrlə çöndürülməyə çalışırlar. Çünki, xalqın iradəsini ifadə edən, məmurların total özbaşınalıqlarını ifşa edən bu mətbu orqanlar mənsəb sahibləri üçün sanki bir “demokl qılıncı”dır. Heç kimə sirr deyil ki, rəsmi mətbu orqanları dövlət təşkilatlarında çalışanlara zorla abunə olaraq kifayət qədər vəsaitlə təmin olunurlar. Az-çox satış hesabına mövcudluğunu qoruyan müstəqil KİV-lər isə artıq bu imkandan da məhrum olunublar. Öncə yeraltı dünyanın əfsanəsi Tağı müəllim metro stansiyalarda qəzet satışına qadağa qoydu. Guya metropolitendə alt tuman köynəyi Çinin, Türkiyənin şmotkasını satmaq eyib deyilmiş, amma beş-altı qəzet satmaq eyibmiş. İllərdir metro keçidlərini şəxsi bazarına döndərən Tağı Əhmədov nədənsə burada qəzet satışını milli təhlükəsizliyimizə zərbə hesab edərək qəzetlərin satışını dayandırdı. Mənsəb sahiblərimiz daha sonra bir az da irəli gedərək şəhərdə səyyar qəzet satışına qadağa qoydular. Sən demə, qəzet satmaq nəinki yerin altında, heç üstündə də milli maraqlarımıza uyğun gəlmirmiş. Bəs necə? Axı, xaricdən gözəl Bakımıza təşrif gətirən, hörməti dağdan ağır olan zırpı-zırpı qonaqlar görsə ki, bizdə də qəzet satılır, qəzet oxunur nə deyərlər? Bu bizim inkişafımıza vurulan ağır zərbə olardı. Bu qədər modern, təmiz şəhərin küçələrini qəzet satanlarla, qəzet oxuyanlarla zibilləməkmi olar? Küçənin ortasında yenə bir dananı kəsmək olar, harda gəldi bazar açıb cır-cındır satmaq olar, amma qəzet satmaq qəbahətdir. Orta məktəblərin yanında gecə barları açmaq mümkündür, di gəl ki, qəzet satışı insanların əxlaqına pis təsir edir. Budur, bizim əhli-mənsəblərimizin azad sözə, müstəqil mətbuata münasibəti. Bütün ölkəni bazar gözüylə görənlər üçün burada hər şeyi satmaq və almaq olar, amma, sözün düzünü demək olmaz. Məddahların, yaltaqların yalanları ilə gözləri pərdələnənlər üçün düz söz zəhərli ox kimidir. Odur ki, son rıçaqlarını da işə salaraq müstəqil mətbuatı çökdürmək niyyətini gerçəkləşdirməyə çalışrlar. Bu yolla nəinki mətbu orqanları çıxılmaz vəziyyətə salınır, həm də dolanacağını qəzet satışından çıxaran sadə insanlar bir parça çörəkdən məhrum olunurlar. Bir gün Nazim Hikməti hakimin yanına çağırırlar. Özündən razı, kobud birisi olan hakim N.Hikmətə oturmağa belə yer göstərmir. Otağı tərk edərək N.Hikmət hakimdən soruşur: -Ömər Xəyyamı tanıyırsınızmı? -Əlbəttə, Xəyyamı kim tanımır ki. -Bəs o dövrdəki kökmdarı necə, tanıyırsınızmı? Hakim düşünüb deyir: -Yox, onu tanımıram. N.Hikət gülərək deyir: -Görürsünüzmü, qələm əhlini hamı hər zaman xatırlayır, amma, hökmdarlar unudulurlar. Bu gün millətin yükünü çiyinlərində daşıyaraq azad sözün, mətbuatın keşiyində dayananlara qarşı bütün vasitələrdən istifadə dərək, təzyiq göstərənləri tarix özü mühakimə edəcəkdir. Amma, həqiqət və həqiqəti əks etdirən söz əbədi yaşayacaqdır. Unutmayın. Nicat Mahmudov.
Sorğu
Yeni dizaynımız necədir?