“Rayonlarda fəaliyyət göstərən avtovağzallarda ciddi yoxlamalar aparılacaq. Artıq bununla bağlı qanunda nəzərdə tutulan standartlara cavab verməyən avtovağzal sahiblərinə ciddi xəbərdarlıq edilib”. bunu APA TV-yə açıqlamasınada Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyib. Onun sözlərinə görə, son illərdə avtovağzalların şəraitsizliyi ilə bağlı nazirliyə regionlardan şikayətlər daxil olub.
Bunu yerində araşdırmaq üçün artıq Nəqliyyat Nazirliyində xüsusi yoxlama qrupları yaradılıb: “Rayonlarda fəaliyyət göstərən avtovağzallar özəldir. Lakin buna baxmayaraq həmin sahibkarlar fəaliyyət göstərmək üçün icazəni Nəqliyyat Nazirliyindən alırlar. Hazırda nazirlik tərəfindən həmin avtovağzalların pasportlaşdırılması prosesi həyata keçirilir. Əgər həmin avtovağzallar nazirliyin müəyyən etdiyi tələblərə cavab verməsə, avtovağzal şəraitinə uyğun gəlməyən avtovağzallara pasport verilməyəcək. Pasportsuz avtovağzal lisenziyasız taksi kimidir, yəni qanunsuzdur”.
Namiq Həsənovun sözlərinə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, bir sıra rayonlarda fəaliyyət göstərən avtovağzallar nəinki avtovağzal standartlarına cavab vermir, hətta sadəcə avtostansiya kimi də fəaliyyəti qənaətbəxş hesab edilmir. Belə avtostansiya və avtovağzalların gələcək fəaliyyəti sual alında ola bilər: “Elə avtovağzallar var ki, sadəcə avtostansiyadır, amma avtovağzal kimi fəaliyyət göstərir, hansı ki, orda heç avtostansiya üçün də şərait yoxdur. Bu cür qanun pozuntuları araşdırılacaq və onlara pasport verilməyəcək. Hətta onların gələcək fəaliyyəti sual altında qala bilər”.
Aparılacaq yoxlamalar rayon və şəhərlərdə fəaliyyət göstərən həm özəl, həm də dövlətin nəzdində olan avtovağzallarda həyata keçiriləcək.
Ekspertlər isə “Azadlıq”a bildirib ki, əslində bu yoxlamaların arxasında başqa məqsədlər dayanır. Onların fikrincə, nəqliyyat naziri Ziya Məmmədovun özəl avtovağzalları ələ keçirməsi üçün bu yoxlamalara zərurət yaranıb. “Nəqliyyat Nazirliyi elə standart tətbiq edəcək ki, avtovağzal sahibləri obyektlərini yenidən söküb-tikməli olacaqlar. Buna isə təbii ki, külli miqdarda vəsait lazım olduğundan sahibkarlar bunu edə bilməyəcəklər, nəticədə avtovağzalları itirməli olacaqlar”, - deyə ekspertlər bildiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?