Bəzi yüksək çinli məmurların əlaqələri yoxlanılır və hakimiyyəti zərbə altına qoyan oliqarx-nazirlər cəzalandırıla bilər; iqtidar təhdidlərə qarşı bir neçə cəbhədə döyüşür, seytnot vəziyyəti yaranıb
Azərbaycanda bir gündə baş verən silsilə partlayışlar, vəhabilərin şiələri hədələyən bəyanatları, dini mağazalarda qadağan olunmuş kitablar və disklərin müsadirəsi, parlamentdə ABŞ-ın inqilab hazırlaması barədə müzakirələr hakimiyyətin narahatlığının əlamətləridir. İqtidar onu gözləyən təhlükələrə qarşı eyni vaxtda bir neçə səngər açıb. Hökumət müxtəlif cəbhələrdə döyüşməklə ömrünü uzatmağa can atır. Xüsusilə də sələfilərin fəallaşması və Azərbaycanın təhdid etməsi, 4 jurnalist barədə fitva verilməsi hakimiyyəti hərəkətə keçirib. Mərkəz bilir ki, Suriyada döyüşən xəvariclərin Azərbaycana qayıdıb iqtidara qarşı hərbi birləşmələr təşkil etməsi təhlükəsi var. Xəvariclərin hakimiyyətə ələ keçirməsi, şəriət dövlət qurmaq istəkləri xüsusi xidmət orqanlarını tam nəzarətindədir. Hakimiyyət həm onları qıcıqlandırmaq istəmir, həm də bu təhlükəyə qarşı mübarizə aparır. Azərbaycanda bu cür radikal dini qruplaşmaların xaricdəki dəstəkçiləri Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyindədir. Vəhabi təriqətinin formalaşdığı ilk yer Səudiyyə Ərəbistanıdır və hazırda oradan idarə olunurlar. Hətta vəziyyət o həddə çatıb ki, “Meşə qardaşları”, “Ceyşullah” kimi qruplar hakimiyyəti təhdid edir, hədələyici bəyanatlar səsləndirirlər. Ancaq hakimiyyətin içində onlara dəstək verən qüvvələrin də olduğu sirr deyil. Bakı meri Hacıbala Abutalıbovun oğlunun sələfi olması, ticarətdə sələfilərə dəstək verməsi, vergilər naziri Fazil Məmmədovun adamının vəhabiləri maliyyələşdirməsi haqda mətbuatda yayılan xəbərlər belə deməyə əsas verir ki, bu günkü nəticəyə gətirib çıxmağın səbəbkarı məmurlardır. Əldə etdiyimiz xəbərə görə, hakimiyyət çox ciddi şəkildə əndişə içindədir, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb, Azərbaycanı hədələyən qruplarla bağlı təhqiqat gedir, yaxın vaxtlarda səs-küylü əməliyyatların olacağı istisna olunmur. Bəzi ekspertlər belə təhlil edirlər ki, gələn il keçiriləcək Avropa Olimpiya Oyunları ərəfəsində vəziyyət daha da dərinləşəcək, təhdidlərin dozası artacaq. Hakimiyyətə qarşı güclü bir təzyiq kampaniyasının olacağı ehtimal edilir. O da qeyd olunur ki, proseslər gözlənilməz şəkildə cərəyan edə bilər. Məlumata görə, hüquq-mühafizə orqanları vəhabilərlə, radikal qruplarla əlaqələri olan, onlara dəstək verən məmurların siyahısını tutur. Bu da həbs dalğasının olacağına işarədir. Hər halda qarşıda proqnoz verilməsi daha çətin hadisələr yaşana bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?