Müəllimlər BŞTİ-nin I müavini Elnur Əliyev xofundan qurtulmaq üçün çarəni redaksiyamıza müraciət etməkdə gördülər.
Azərbaycan təhsilinin mövcud acınacaqlı durumu, bu sahədə illərlə hökm sürən böyük problemlər hər zaman gündəmin əsas müzakirə predmetlərindən biri olmuşdur. Dövlətin və xalqın tərəqqisi üçün ən strateji sahələrdən olan təhsilin bu qədər bərbad durumda olması bilavasitə bu sahəyə cavabdeh olan məmurların səriştəsizliyi şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmasının nəticələridir. Ötən il Təhsil Nazirliyində edilən kadr dəyişikliyi nəticəsində Misir Mərdanov öz postunu itirərək “sabiqlər” siyahısına əlavə olundu. Bu postda onu daha gənc və potensiallı kadr kimi təqdim olunan Mikayıl Cabbarov əvəz etdi. Nazir dəyişikliyindən sonra təhsil sahəsində əsaslı dəyişikliklərin olacağı gözlənilsə də, artıq bir ilə yaxın müddət keçməsinə baxmayaraq çoxlu kadr dəyişikliklərindən başqa ciddi bir islahat nəzərə çarpmayır. M.Cabbarov təyinatından sonra daha çox Misir Mərdanova yaxın olan kadrları vəzifədən uzaqlaşdırmaqla onların yerini yeni kadrlarla doldurmağa başladı. Gözləmək olardı ki, bu başlanacaq yeni islahatların həyata keçirilməsi üçün vacibdir. Lakin, sonrakı proseslər bunun tam əksini sübut etdi. Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, nazirlikdə mühim postlara təyin olunan kadrların böyük əksəriyyətinin təhsil sahəsinə bilavasitə heç bir aidiyyatı yoxdur. Belə ki, yeni təyinat almış kadrların çoxu indiyə qədər təhsil sahəsində çalışmamış, bu sahədə ciddi bir təcrübəsi olmayan şəxslərdir. Onların əksəriyyətinin təyinatdan öncəki iş yerləri qəribə olsa ya Vergilər Nazirliyi, ya da İçəri şəhər Dövlət Qoruğu idarəsidir. Bu isə yeni nazirin təhsil sahəsindəki problemləri aradan qaldırmaq üçün hansı islahat xəttini götürdüyünü göstərir. Yoxsa Təhsil Nazirliyinin,Vergilər Nazirliyinin sanki bir şöbəsinə çevrilməsinə başqa hansı adı vermək olar? Məgər ölkənin vergi sistemində bütün problemlər kökündən həll olunubmu ki, indi də Vergilər Nazirliyinin əməkdaşları təhsil problemlərinin həllinə girişirlər? Və yaxud İçəri şəhər Qoruğunun əməkdaşları Təhsil Nazirliyini kimlərdən və nələrdən qorumaq üçün görəvləndirilib? Təhsil sahəsinin çox həssas, bilavasitə xalqın taleyi ilə bağlı olan bir sahə olduğunu nəzərə alsaq,bu sahədə istənilən kənar şəxs və ya təcrübəsiz addımın hansı ağır fəsatlara səbəb olduğunu düşünmək o qədər də çətin olmaz. Amma, ömrünü-gününü xalqın maariflənməsinə sərf edən çoxsaylı pedoqoji ictimaiyyət bu gün qeyri-peşəkar təhsillə heç bir əlaqəsi olmayan şəxslərin rəhbərliyi altında əzab çəkməyə məhkum olunmuşlar. Yeni nazirin belə “uğurlu təyinatlarından” olan Bakı şəhər Təhsil İdarəsi müdirinin birinci müavini Elnur Əliyevin fəaliyyəti haqqında əvvəlki yazılarımızda ətraflı məlumat vermişdik. Bu gün paytaxt məktəblərində çalışan pedoqoqlar Elnur Əliyev diktaturasından, özbaşınalıqlarından əziyyət çəkirlər. Özünü BŞTİ-nin tam hüquqlu sahibi kimi aparan E.Əliyev burada yeni idarəetmə sistemi formalaşdırmaqla pedoqoji metodlara, əxlaqa uyğun gəlməyən üsullarla məkətb direktorlarını, müəllimləri incitməklə, hətta təhqir etməklə bütün nəzarəti öz əlinə almışdır. Paytaxt məktəblərinin işinə yersiz müdaxilələr artıq gündəlik iş prinsipinə çevrilib. Elnur Əliyevin fəaliyyəti bu gün Bakı məktəblərinin işini əməlli-başlı iflic etmişdir. Məktəb direktorları, müəllimlər necə işləməli olduqlarını, qarşıya qoyulan tələblərin nə olduğunu bilmədikləri üçün çaş-baş qalmışlar. Çünki onları hədə-qorxu, xof altında saxlayan E.Əliyevin özü də nə etdiyini bilmir. Paytaxt məktəblərinin kollektivləri yaranmış vəziyyətlə əlaqədar ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət ünvanlamışdılar. Lakin görünən odur ki, E.Əliyev diktaturası Bakı təhsilində hələ bir müddət də davam edəcəkdir. Bu isə kadr təyinatlarında qeyri-peşəkarlara üstünlük verilməsinin hansı nəticələrə səbəb olduğunun bariz nümunəsidir. Təhsil Nazirliyinə Vergilər Nazirliyindən transfer olunmuş əlliyə yaxın kadrın isə bu sahədəki fəaliyyətinin nəticələrini yəqin ki, xalqımız çox gözləməli olacaq. Təhsil Nazirliyinə təyinat almış kadrların əvvəlki iş yerləri təhsil sisteminə nə dərəcədə aidiyyatı olmaları barədə geniş araşdırmalarımızın nəticələri növbəti saylarımzda diqqətinizə çatdırılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?