“Fitch Ratings” beynəlxalq reytinq agentliyi nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, Fransanın “Lans” futbol klubunu alandan sonra bu ölkə mediasında az qala Napoleon qədər məşhurlaşan Hafiz Məmmədovun şirkətlər qrupunun defolt həddində olduğu açıqlanıb. Nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Azərbaycanda neft daşımalarından tutmuş “London taksiləri”nin istismarına qədər bir çox biznes sahələrində fəaliyyət göstərən “Baghlan Group FZCO”-nun emitent defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb. Bu barədə əldə etdiyimiz xəbərdə deyilir. “Fitch Ratings” həmçinin şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazlarının gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırıb. Müvafiq olaraq “Fitch Ratings” daha mövcud emitentə - “Baghlan Group”a reytinq vermir və onunla bağlı təhlil aparmır. Məlumatda deyilir ki, “Baghlan”ın reytinqinin aşağı salınması borc öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməməsini əks etdirir: “Reytinq ona görə geri çağırılıb ki, “Fitch Ratings”in reytinqləri dəstəkləmək üçün kifayət qədər informasiyası yoxdur”. Agentlik qeyd edir ki, “Baghlan” 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il, martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib. Qeyd edək ki, Hafiz Məmmədov ötən ilin noyabrında Fransanın “Canal+” kanalına müsahibə verəndə biznesinin nə dərəcədə şəffaf olduğu barədə suala cabab verərkən “Baghlan Group”un nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Ratings”lə uğurlu əməkdaşlığını xatırlatmışdı. Lakin bu müsahibədən sonra çox keçmədi ki, “Fitch Ratings” H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı saldı, indi isə ümumiyyətlə şirkətə verdiyi reytinqi geri çağırır və onun reytinqini müəyyənləşdirməyəcəyini bildirir. Buna səbəb “Baghlan Group”un yerli banklara olan kredit borclarını və kreditlər üzrə faizlərini ödəyə bilməməsidir. Bundan əvvəl “Fitch Ratings” bildirirdi ki, “Baghlan Group” Bakının mərkəzində inşa etdiyi elit yaşayış kompleksində mənzillərin satışına başlayıb, lakin bu aktivlərdən əldə edilən vəsait şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olmayacaq və vəsaitlər banklara olan faiz borcunu ödəməyə ancaq bəs edəcək. “Baghlan Group” Bakının mərkəzində “Park Azure” adlı elit yaşayış kompleksi inşa edir. Həmçinin şirkət Dubayda da tikinti biznesi ilə məşğuldur. “Fitch Ratings” agentliyinin “Baghlan Group”un reytinqini geri çağırması onun xarici banklardan kredit almasını da qeyri-mümkün edəcək. Şirkətin hansı banka borclu olduğu məlum deyil, lakin Ziya Məmmədovun biznesində maliyyə əməliyyatları nazirin ailə biznes imperiyasına daxil olan “Bank of Azerbaijan” üzərindən aparılır. H.Məmmədovun şirkəti banklara olan borcunu ödəyə bilməsə də oliqarxın özü puldan qəti korluq çəkmir. Fransa mətbuatı yazmışdı ki, onun Avropa banklarının birindəki qarantiyalı bank hesabında 1 milyard avro pulu var. Həmçinin “Hafka” bu günlərdə “Lans - Monako” oyununa baxmaq üçün Fransaya səfər etmişdi və Fransa mediasına məlum olmuşdu ki, o, stadiona pulla 600-ə yaxın adam yığdırıb. Hərəsi 70-100 avro “qonorar” alan bu saxta “azarkeşlər” H.Məmmədov stadiona daxil olanda onu ayaq üstə alqışlayıblar və oyun ərzində “Lans”ı dəstəkləmək üçün çəpik çalaraq mahnı oxuyublar. Baxmayaraq ki, “Hafka”nın klubu böyük hesabla (0:6) uduzurdu... Əli
Saytımızın 05.04.2014- cü il saat 13:38- də dərc edilmiş “Ziya Məmmədovla Hafkanın ortaq Şirkəti batır” məqaləsində Yeni Həyat Şirkətlər Qrupuna məxsus olan “Park Azure” Yaşayış Kompleksi ilə bağlı yanlış informasiya yerləşdirilmişdir. Bununla bağlı olaraq Yeni Həyat Şirkətlər Qrupunun İctimayətlə Əlaqələr üzrə meneceri Lamiyə Qasımova redaksiyamıza təkzib məktubu ilə müraciət edərək bildirmişdir ki, Bağlan Qrupla “Park Azure” Yaşayış Kompleksinin heç bir bağlılığı və ya əlaqəsi yoxdur və bu baxımdan Şirkətimizə məxsus inşaat kompleksinin adının bu kimi məqalələrdə hallanmasının qəti əleyhinəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?