Regionlardakı bentonit istehsalçıları tam sıradan çıxarılır
Ölkənin iri oliqarx məmurları faktiki olaraq kiçik istehsal müəssisələrini nəzarəti altında saxlayır. Tabe olmayanlar cəzalandırılır, tabe olanlar isə faktiki olaraq inhisarçı oliqarx-məmurların nəzarətinə keçir. Məlumatlara əsasən, artıq ölkənin bentonit istehsalçıları da tam olaraq nəqliyyat naziri Ziya Məmmədovun «himayəsi» aotına keçib. Və Azərbaycanda kiçik bentonit istehsalçıları tam olaraq sıradan çıxarılır. Və artıq bentonitin daşınması ilə bağlı olaraq nəqliyyat naziri konkret olaraq tariflərin artırılmasına dair göstərişlərin əldə edilməsinə nail ola bilib. Bununla da ölkənin regionlarından daşınma xərcləri bahalaşdığından faktiki olaraq yerlərdəki bentonit istehsalçıları iflasla üz-üzə qalıblar. Dəmir yolunda ixrac tariflərinin artması nəticəsində bentonit gili hasilatı və emalı müəssisələrini rentabelsiz edib. Buna qədər də şirkətlərin mənfəəti cüzi olub. Ötən ilin sonunda “Azərbaycan Dəmir Yolları” heç bir əsas olmadan ölkə xaricində daşıma xidmətini üçdə bir artırıb. Nəticədə 1 ton bentonitin daşınma xərci 15-dən 22 manata qalxıb. Nəqliyyat xərcləri maya dəyərində 15%-i keçib, deyə “AzRosPromİnvest” Direktorlar Şurasının sədr müavini, “Daş Salahlı Bentonit” ASC-nin İH sədri Arif Rəhimov Turan-a bildirib. “İndiyəcən ixracdan mənfəət 1 ton üçün 5 manat idisə, indi 1,8 manata azalıb. Başqa xərclər də nəzərə alınanda iş ziyanlı olub”, deyə o qeyd edib. Bentonitdən tikinti, kosmetologiya və s. sahələrdə istifadə edilir. Onu əsasən Rusiyaya ixrac edirlər. Dünya bazarında Yunanıstan və Hindistan benoniti üstünlük təşkil edir. “Xərclər artandan və rublun qiyməti düşəndən sonra Azərbaycan bentoniti rəqabət qabiliyyətini itirib”, deyə “Daş Salahlı Bentonit” təmsilçisi bildirib. 2012-ci ildə “AzRosPromİnvest” 290 min xalis mənfəət əldə edib, ötən il 455 min manat ziyana düşüb. Hərçənd ixrac həcmi eyni olub –50 min ton. Rusiyalı həmtəsisçi hasilatın təşkili və bentonit istehsalına $26 mln vəsait qoyub. 2008-ci ildə yüksək keyfiyyətli məhsul istehsal edilən sex işə düşüb. Müəssisənin istehsal gücü ildə 370 min tondur. O cümlədən: bentonit gili - 270 min ton, bentonit gil tozu - 80 min ton və dənəvər betonit məhsulu - 20 min ton. “Sənaye ili”ndə ciddi problemlə üzləşmişik, deyə Rəhimov bildirib. Bentoniti əsasən Rusiya və Belarusun metallurgiya və əritmə müəssisələri alır. Ölkə daxilində satış 2-3%-dir. Azərbaycanda onu yol tikintisi üçün (“EVRASCON”, “Körpü Bina Tikinti”) alırlar. O, asfalt-betonun rütubətini azaldır. 2012-ci ildə Azərbaycan 144,6 min ton bentonit və bentonit məhsulu ixrac edib. Onun 1 tonu $79,3-a satılıb. Ötən il ixrac həcmi 86,9 min tona düşüb. Malın müqavilə qiyməti də $2 (2,6%) düşüb. Azərbaycan bentonitini Rusiya (83996,6 ton, $6131,8) və Belarus (2859,8 ton, $584,8 min) alıb. 2012-2013-cü ildə satışdan valyuta mədaxili $18,2 mln olub. Rəqəmlərdən də göründüyü kimi, artıq bentonit istehsalı ilə bağlı gizli məlumatlar kifayət qədər çoxdur. Yəni faktiki olaraq bentonit istehsalı və istifadəsinə dair statistik bilgilər gizli saxlanılır. Rəsmi olaraq isə statistika fərqli istiqamətdə inkişaf edir. RÜFƏT
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?