İqtidarın veteran qruplaşması komitə sədrini və bütövlükdə gənc məmurları “zərərsizləşdirmək” istəyir; nurçu qalmaqalının daha bir şok təfərrüatları bilindi, qoca məmurlar prezidentin kadr islahatlarına qarşı çıxır
Hakimiyyətin “köhnə qvardiya”sı ilə gənc komanda arasında siyasi çəkişmələr başlayıb. Naxçıvan qruplaşmasında olan və iqtidarın 20 il möhkəmlənməsində xidmət göstərən məmurlar gənclərə qarşı savaş açıb. İqtidardakı vəzifəli gənclərin Fətullah Gülənə yaxın olması və nurçu təriqətinə qoşulması barədə bir aydır davam edən kampaniya da köhnə qvardiyanın mübarizəsinin tərkib hissəsidir. İlham Əliyevin hakimiyyəti gəncləşdirmə və xarici təhsilli kadrları vəzifələrə yerləşdirmə siyasətinə daban-dabana zidd olaraq əks-hücum taktikası seçilib. Deputat Ceyhun Osmanlı, dini komitə Elşad İsgəndərov, PA-da sabiq şöbə müdiri Elnur Aslanov və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov əslində köhnə qvardiyanın qəzəbinə tuş gəlib. Bu mülahizələri irəli sürən mənbəmiz “Gündəm-xəbər”ə açıqlamasında qeyd edib ki, naxçıvanlı köhnə komanda yeniçərilərlə amansız mübarizə aparır. Onlardan ikisini qara piarın qurbanı edib. Elnur Aslanov vəzifəsindən kənarlaşdırılıb, Ceyhun Osmanlı isə artıq həbsin bir addımlığındadır. Aprelin 28-də Ceyhun Osmanlı növbəti dəfə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə aparılıb. Məlumata görə, ondan şahid qismində 3 saata yaxın ifadə alındığı qeyd edilir. Məlumatda bildirilir ki, MTN C.Osmanlının Gülən camaatı ilə əlaqələrini, həmçinin onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə yayılmış məlumatları araşdırır. Osmanlının ABŞ fondlarından aldığı yüksək məbləğdə qrantların hansı məqsədlərə yönəldildiyi və necə istifadə olunduğu barədə sorğulandığı deyilir. Qeyd edilir ki, C.Osmanlının deputat toxunulmazlığının ləğv ediləcəyi və ona qarşı cinayət işinin açılacağı da ehtimal olunur. Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arif Babayevlə əlaqə saxlayıb. A. Babayev məsələni nə təkzib, nə də təsdiq edib. Bu iki gənc məmur sıradan çıxarılsa da, SAM rəhbəri və komitə sədri isə yenidən nurçuluq mövzusunda gündəmə gətirilib. Ölkənin ictimai rəyinə təsir edən ANS telekanalında bu iki gənc məmurun nurçu olması barədə şayiələrə efir vaxtı ayrılırsa, deməli sifariş köhnə qvardiyadan gəlib. Mənbənin sözlərinə, hakimiyyətin veteran qruplaşmasının gənc məmurları nurçu damğası ilə “vurmasının” şok təfərrüatları bilindi, qoca məmurlar prezidentin kadr islahatlarına qarşı çıxır. Hakimiyyətin yaşlı qanadı gəncləşdirmə siyasətinə imkan vermir. Onlar sistemdən çıxdaş olunmaqdan qorxduqları üçün gündəmə nurçuluq məsələsini gətiriblər. Gənclərdən ikisinin həqiqətən Gülənə yaxın olmasının təsdiqlənməsi onlara əlavə kart-blanş verib. Amma F.Məmmədov və E.İsgəndərova olan hücumlar əsassızdır. Onların Gülən hərəkatına qoşulması iddiaları inandırıcı görünmür. Sadəcə, yeni təyinatlara qarşı bir “səlib yürüş”ü açılıb. Köhnə qvardiya iqtidardakı güclənmiş gənc məmurları əzib bir küncə qoymaq, zəiflətmək xəttini seçib. Çünki gələcəkdə onların qüdrəti və nüfuz imkanları daha da böyüyə bilər. Bu halda gənc məmurların səriştəsi və təcrübəsi artmaqla media holdinqləri fəaliyyətə başlayacaq, köhnəlmiş və yadırğamış məmurlar sıradan çıxarılacaq. Bunu hesablayan Naxçıvan qruplaşması indidən hərəkətə keçib. Gələcək üçün strategiya cızan komanda saray daxilindəki çəkişmələri öz xeyrinə həll etmək istəyir. Elşad İsgəndərovun da reputasiyasını nurçu damğası ilə zədələmək cəhdləri buradan qaynaqlanır. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun “Ağ Ev”dən uzaqlaşdırılması ilə hakimiyyət daxilində “Hizmət” hərəkatına yaxın adamların “təmizlənməsi” prosesi çoxlarının gözlədiyi kimi davamlı olmadı. Əslində ən ağlagəlməz məmurlar belə nurçularla əlaqədə suçlanır, sanki mühüm qərar mərkəzlərinə “bu adamla da haqq-hesab çəkilməlidir” kimi mesajlar verilir. Hakimiyyətin strateji qərar verən mərkəzi isə bu prosesin elə hakim komanda üçün necə təhlükəli məcraya yönəldiyini tez fərq etdi və “nurçu siyasəti”ndə təcili korrektələrə məcbur oldu. E.Aslanovun hamının təəccübünə səbəb olaraq yenidən hakim komandanın koridoruna qaytarılmasının səbəbini də məhz bu korrektə ilə izah etmək olar. Əgər hakimiyyət “Ərdoğanın siyahısı” ilə “təmizləməyə” başlasaydı, bu, Türkiyədəki anti-nurçu əməliyyatlarından daha səs-küylü olacaqdı ki, bu da iqtidara indilikdə gərək deyildi. Hakimiyyətdəki nurçular mövzusundan yazan haqqın.az saytının baş redaktoru “Ərdoğanın məxfi siyahısındakı ikinci adam - Elşad İsgəndərov” yazısı da bu baxımdan diqqəti cəlb edir. Jurnalistin Türkiyədə görüşdüyü bir analitiklə söhbət əsnasında hazırladığı yazıda maraqlı faktlar var: “Ərdoğanın siyahısında ikinci şəxs Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovdur. Yazıda iddia edilir ki, Dini Komitənin sədri nurçulara 2000-ci ildə - Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyəndən qoşulub. “Elşad İsgəndərovu neçə ildir tanıyıram, o nurçu deyil”. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədr müavini Elçin Əsgərov açıqlamasında deyib. Onun sözlərinə görə, bu xəbərlər yalan və böhtan xarakterlidir. E.Əsgərov qeyd edib ki, ölkənin dini siyasətini icra edən bir qurumun başına heç vaxt bir nurçu gətirilməz. “Ümumiyyətlə, dövlət komitələrinin sədrləri, müavinləri siyasi postlardır. Onlar ölkə prezidentinin sərəncamı əsasında təyin olunurlar. Belə adamlar buna qədər Prezident Administrasiyası, Milli Təhlükəsizlik Nazirliyi və digər strukturlarda yoxlamadan keçir. Bu qurumların təqdimatından sonra təyin olunur. Əgər belə bir şey olsaydı buna qədər ortaya çıxardı və heç vaxt belə adam bu vəzifəyə təyin olunmazdı. Bu baxımdan da, yayılan xəbərlər tamamilə yalandır”. Həqiqətən də bir posta məmur təyin olunarkən xüsusi xidmət orqanları onun bioqrafiyasını incəliklərinə qədər araşdırır, detallarını öyrənir, kimlərlə sıx əlaqələrə malik olması təftiş edilir və nəhayət, dosyesi prezidentin masasına qoyulur. Bundan sonra ölkə başçısı kimin hansı quruma təyin edəcəyini özü qərar verir. Həmçinin, prezidentin dostu və ona sadiq Gənclər və idman naziri Azad Rəhimovun da adının nurçuluqda hallanması artıq absurdun şedevridir. Ən az bu naziri Gülənlə bağlamaq qeyri-ciddilikdir. Sadəcə, gənc və prezidentin modern məmur imicində görmək istədiyi şəxslərə qarşı qaralama siyasəti aparılır. Bu siyasətin də başında köhnə qvardiya dayanır. Artıq nazirin müavini İntiqam Babayev A.Rəhimovun “nurçu” olması barədə iddialara cavab verib. İ.Babayev bəzi mətbuat orqanlarında yer alan bu iddiaları gülüşlə qarşılandığını bildirib. [b]Rafiq Qara[/b]
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?