Bakıda keyfiyyətsiz dərman satışı ilə məşğul olan dəstə aşkarlandı
Bu gün səhiyyəsinin ən ağrılı sahələrindən biri ölkə bazarlarında keyfiyyətsiz, mənşəyi məlum olmayan dərman pereparatlarının geniş yayılmasıdır. Xarici ölkələrdən ucuz qiymətlərə alınaraq respublikaya gətirilən, bir çox hallarda istifadə müddəti keçmiş, sağlamlıq üçün təhlükə mənbəyi olan belə preparatlar apteklərdə baha qiymətlərə satılır. Təsadüfi deyil ki, müalicə olunmaq üçün xarici ölkələrə üz tutan həmvətənlərimizin təqdim etdikləri reseptlərdə yazılan dərmanları görən əcnəbi həkimlər heyrətə gəlirlər. Çünki, həddindən artıq baha qiymətlərə satılan bu dərmanların əksəriyyəti xarici ölkələrdə ya qadağan olunub, ya da ki, keyfiyyətsiz olduğu üçün bazarlardan yığışdırılıb. Təəssüf ki, səhiyyə sahəsində “böyük uğurlardan” danışılsa da əsl təhlükə mənbəyi olan belə dərman preparatları milli genefondumuzu məhv etməkdədir. Acınacaqlı orasıdır ki, ölkəmizdə bu işlə məşğul olan xüsusi mütəşəkkil qruplar mövcuddur və onlar tam sərbəst şəkildə dərman biznesi ilə külli miqdarda qazanc əldə edirlər. Bir çox hallarda heç bir sertifikatı olmadan fəaliyyət göstərən belə müəssisələr insanların sağlamlığı hesabına milyonlar qazanaraq əsl “ölüm kabusu”na çevrilirlər. Araşdırmalarımız nəticəsində paytaxtda dərman alveri ilə məşğul olan müəssisə aşkar olunub. Süleyman Sani Axundov küçəsi 11/35 ünvanında dərman preparatlarının satışı ilə məşğul olan müəssisə fəaliyyət göstərir. Müəssisənin rəhbəri Nəcəf adlı şəxsdir. Müxtəlif yollarla respublikaya gətirilən dərman preparatları bu ünvanda “xüsusi qaydada qablaşdırıldıqdan” sonra ayrı-ayrı ünvanlara paylaşdırılır. Müəssisənin rəhbərliyinə fəaliyyət göstərmələri üçün müvafiq dövlət icazəsinin olması ilə bağlı ünvanladığımız müraciətə heç bir cavab verilmədi. Əvəzində redaksiyamızı təhdid etməyə, şantajla hədələməyə başladılar. Dərmanların harada istehsal olunduğu, sertifikatlarının olması ilə bağlı məlumat almaq istəsək də bütün səylərimiz nəticəsiz qaldı. Mənşəyi məlum olmayan bu dərmanların hansı yollarla respublikaya gətirilməsi, satışa çıxarılması çox təhlükəli tendensiyadır. Bəlkə də bu preparatlar vasitəsilə neçə-neçə həmvətənimiz öz sağlamlığından məhrum olur, dərdinə əlac axtarsa da, daha da sağalmaz dərdlərə mübtəla olur. İnanmaq olmur ki, qazanc əldə etmək üçün öz həmvətənlərinin sağlamlığını qurban verən belə qrupların fəaliyyətindən əlaqədar təşkilatların xəbəri olmasın. Səhiyyə Nazirliyi indiyə qədər bu dəhşətli fakta göz yummaqla saxta dərman alverçilərinin cinayətinə rəvac verib. Hüquq-mühafizə orqanları tezliklə qəti hərəkətə keçməsələr, vətəndaşların taleyi böyük təhlükə altında qalmaqda davam edəcək. Yəqin ki, araşdırmalardan sonra qeyd etdiyimiz dərman alverçilərinə himayədarlıq edən gizli qüvvələr də üzə çıxarılacaq. Sağlamlığımızı təhlükə altında qoyaraq saxta dərmanlar satışından pul qazanmaq ən böyük cinayətdir. Elə onları himayə etmək də... Nicat Mahmudov
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?