Şəmkir korpusunun komandiri Rövşən Əkbərovun boynunda bir neçə ölüm işi ola-ola bu boyda əsgərin taleyini ona necə tapşırmaq olar?
Azərbaycan səmasını qara buludlar basıb və bu, heç də müjdədən xəbər vermir. Əksinə, qorxulu hadisələrin, hansısa bəlaların xəbərçisi, əlamətləri olaraq ortaya çıxıb. Bir tərəfdən xarici təhdidlər, digər tərəfdən daxili qarşıdurma, başqa tərəfdən hakimiyyətiçi didişmə, bunun təzahürü olan “Gülərqeyt” olayı və sairə. Əlbəttə, “Gülərqeyt” olayının durak nöqtəsi hələlik görsənmir və hara qədər gedəcəyi, ağuşuna daha kimləri alacağı bir sirr olaraq qalır. Bəlli olan bircə odur ki, hara baxırsan indiyədək olub-keçən bütün qara işlərin altından eyni şəbəkə, eyni adlar çıxır. Və az qala hər gün bu siyahıya yeni ünvanlar, yeni isimlər düşür. Hələlik görünən odur ki, bu proses tam ifşa olunanadək davam edəcək. Bu gün cəmiyyətin ən aktiv kəsimi hesab edir ki, “Gülərqeyt” prosesinin dayandırılmasına, yaxud, səngiməsinə imkan vermək olmaz. Bu prosesi sonuna qədər qovmaq, gündəmdə saxlamaq lazımdır. Əks təqdirdə, Azərbaycanın böyük bəlalarla üzbəüz qalacağını düşünürlər. Əslində, indiyədək gedən prosesin yürümə sürəti ilə əldə olunan bəzi nəticələrə diqqət etsək, deyilənin heç də fəna fikir olmadığı üzə çıxar. “Gülərqeyt” olayının əsas qəhrəmanı PA rəhbəri Ramiz Mehdiyevin səlahiyyət çərçivəsinin xeyli sıxışdırıldığı fakt olaraq ortadadır. Hakim partiyanın PA rəhbərinin nəzarətindən çıxarılması da olan və olacaqların əlaməti kimi dəyərləndirilə bilər. Məhz bu medianın hadisəni intensiv gündəmdə saxlaması ilə mümkün olub. Ancaq bu olanlar heç də Ramiz Mehdiyev komandasının fərəğət duracağı anlamına gəlməməlidir. Olub-keçənlər də göstərir ki, nəinki fərəğət durmurlar, hətta hər an gündəmi dəyişmək üçün fürsət gözləyirlər. Növbəti belə fürsət Daşkəsəndəki N saylı hərbi hissədə dünyasını dəyişən əsgər Ceyhun Qubadovla bağlı ələ keçdi. Yeni gündəm yox ikən bu əski havanın bir müddət çaldırılacığı və xalqın qeyrət damarı ilə oynayacaqları hiss olunur. Artıq Aparatdan qidalanan bütün yandaş medianın bu musiqi ilə oynadıqları və düşmənsiz havaya atdıqları “xolostoy” güllələrin gurultusu gəlməkdədir. Tapşırıq “yuxarı” yerdən olduğu və aldıqlarını doğrultmaq üçün yandaş mediaya meydan yaranıb və burada daha çox canfəşanlıq edənlər birkalı qəzetlər, saytlar, jurnalistlər və hökümət fondlarından peşkəş olunanları “spisat” edənlərdir. Əgər belə deyilsə və həqiqətən də bir əsgərin ölümü ilə bağlı bunların milli damarı tutubsa, onda nə üçün Səfərbərlik İdarəsininin əsgərliyə apardığı xəstə çağırışçılar cəmi 1 ay sonra bir-birinin ardınca dünyasını dəyişəndə onlar bu idarənin rəhbərliyinə etiraz etmirdilər? Və yaxud da hansısa məmurun özbaşına fəaliyyəti nəticəsində ən azı hər həftə ayrı-ayrı günahsız insanların dünyasını dəyişməsinə niyə etiraz etmir, haqqında salnamələr yazmırlar? Ona görə ki, bunun üçün onlara pul vermirlər? Yoxsa, Prezident Aparatından düyməyə basılmayıb? Əsgər ölümü hər birimiz üçün üzücüdür və bu alov təkcə düşdüyü yeri deyil, bizi də yandırır. Xüsusilə, ölənlərin gənc olmaları bizi yandırır. Ancaq, məsələn, avtomobol qəzasından və qaz zəhərlənməsindən tələf olanlar arasında da gənclər, hələ çiçək açmamış qızlar, uşaqlar var. Bəs bunu kimin adına yazaq? Necə olur ki, əsgər ölümündə bütün barmaqlar bir hədəfə yönəlir, digər ölümlərdə hər şeyi qəzanın boynuna yükləyirik? Məgər gün kimi hər kəsə bəlli deyil ki, avtomobil qəzalarının əksər səbəbləri 1000 manatlıq rüşvətlə arxa qapılardan alınan “prava”lar hesabına baş verir? Yaxud Azərbaycanda qazın tərkibinin doğru-dürüst təmizlənmədiyini və bu məmur məsuliyyətsizliyinin az qala milli genosidə səbəb olduğunu kim bilmir? Niyə bu qeyri-rəsmi, elan olunmamış milli genosiddən yazmırsınız? Yaxud, Allah üçün niyə araşdırmırsınız ki, Orduda ən çox ölümlər hansı hərbi hissələrdə baş verir? Bilmirsinizsə, yaxud sizi maraqlandırmırsa, onda maraqlananlar üçün deyək ki, ən çox əsgər ölümləri, şiddət Şəmkir korpusunda və Naxçıvandakı hərbi hissələrdə baş verir. Niyə bu komandirlər cəzalandırılmır? Bunu Müdafiə Nazirliyinin rəhbərliyindən sormaq lazımdır. Niyə sormursunuz? Niyə sormursunuz ki, Şəmkir korpusunun komandiri Rövşən Əkbərovun boynunda bir neçə ölüm işi ola-ola bu boyda əsgərin taleyini ona necə tapşırmaq olar? Üstəlik, onun haqqında olmazın hədyanlar – alkoqoll düşkünü olmaqdan narkomanlığa qədər söz-söhbətlər ictimaiyyət arasında dildən-dilə dolaşır. Məgər bunu eşitmir, görmürlər? Yoxsa, arxası bağlı olduğu üçün müdafiə nazirinin gücü çatmır? Əgər belədirsə və arxalar beləcə olaraq bağlı qalmaqda davam edəcəksə, onda həm əsgərlərin, həm “təbii” qəzaların “müjdəsinə” cəmiyyət olaraq həmişə hazır olaq gərək. Bəlkə, həm media, həm də cəmiyyət olaraq “xolostoy” güllə atmaq əvəzinə, üzümüzü “Gülərqeyt” prosesinin baş qəhrəmanlarına çevirək, onların Elşad Abdullayevin yaratdığı sosial-hüquqi zəlzələni səngitmək, yaddaşlardan silmək üçün əsgər ölümündən süni istifadə edərək gündəmi dəyişmək istədiklərinə diqqət edək… Məgər bəlli deyil ki, əsgər ölümünü fürsət olaraq istifadə etməklə ajiotaj yaratmaqda iki məqsəd güdülür? Birinci, gündəmi dəyişdirməklə zaman qazanır və növbəti siyasi-hüquqi addımları müəyyənləşdirirlər. İkincisi, bu ajiotajı yaratmaqla müdafiə nazirini hədəfə gətirir və bu strateji postu da nəzarətə almaqla ölkədə yeganə güc mərkəzinə çevrilirlər. Bundan sonrası yalnız detallardır və xüsusi əhəmiyyətli önəm daşımır. Çünki alternativsiz güc mərkəzi olmaq bütün sahələrdə iddiaların təmini, toxunulmazlıq yaradır ki, bu da növbəti cəzasızlıq, cinayət, hərcmərclik deməkdir. Maraqlıdır ki, bu prosesdə Elşad Abdullayevin indiyədək adlarını çəkdiyi və çəkmədiyi isimlər iştirak edir. Hiss olunur ki, şəbəkə son döyüşlərini verir və daha amansız davranır. Qısamüddətli nəticəsindən asılı olmayaraq son zəfərin xalqdan, ədalətdən yana olacağını söyləmək olar. Çünki hər qara buluddan sonra topluma əgər ilahi bəla gəlməzsə, göydən rəhmət olaraq aydınlıq, yağış gələr. Bu dəfə də belə olacaq, inşaallah. Eyyub MƏMMƏDOV
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?