“Azərenerji” prezidenti ilə “Azərsu” rəhbəri arasında qırğın gedir; işıq şefi su bosunu “nurçuluq”la bitirmək planı cızıb, barəsində kompromat materiallar yayır
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iki aydır nurçu kimi qələmə verilir. ASC prezidenti mətbuatın nurçu qalmaqalı mövzusunda yazdığı məmurlar siyahısından düşmür. Bu günlərdə redaksiyamıza daxil olan mühüm xəbər diqqətimizi çəkib. Həmin xəbərdə Q.Hüseynovla bağlı nə üçün kompaniya aparıldığı aydınlaşdırılıb. İzah olunub ki, əslində ASC rəhbərinin nurçularla yaxından-uzaqdan heç bir əlaqəsi olmayıb. Əgər belə olsaydı, prezident dərhal onu işdən qovardı. Necə ki, Elşad İsgəndərov, Elnur Aslanov qısa müddətdə vəzifəsini itirdi. Amma ASC sədrinin bu təriqət üzvləri ilə yaxınlığı haqda hakimiyyət dairələrinə hər hansı səhih xəbər daxil olmayıb. Məlumatı ötürən qaynaq ehtimal edir ki, Qorxmaz Hüseynovun nurçu adı ilə “vurulması”nın sensasion səbəbləri var. Bu da “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevlə əlaqəlidir. Uzun müddətdir ki, iki ASC rəhbəri arasında qırğın gedir. Amansız mübarizənin səbəbləri təfərrüatı ilə bilinməsə də, Hüseynovun Pirverdiyevin hansısa sözünü yerə salması, ona problem yaratması olub. Bundan sonra Pirverdiyev hücuma keçib, qisas almağa başlayıb, barəsində mediaya kompromat materiallar ötürməyə başlayıb. Onu bitirmək planı olan Pirverdiyev çalışır ki, Hüseynovu prezidentin gözündən salsın və işdən çıxarılmasına nail olsun. Bu ərəfədə nurçu qalmaqalının ortaya çıxması əlinə fürsət verib ki, məhz bu ittihamla onu mətbuatda rüsvay etsin. Doğrudur, artıq mətbuat mütəmadi bu məsələdən yazır. Ancaq Azərsu rəhbərliyindən nə təkzib, nə reaksiya var. Ölkə rəhbərliyi də bu ittihamlarla bağlı Q.Hüseynova hər hansı irad bildirməyib. Görünən budur ki, məmurların daxili çəkişməsinə siyasi hakimiyyət qarışmaq istəmir. Nəticədə Azərsu rəhbəri haqda davamlı olaraq yazılar dərc olunur. Pirverdiyevin bu məqsədindən xəbər tutan Hüseynov cavab atəşi hazırlayır. Mənbə qeyd edir ki, cavab atəşi ağır ola bilər. Pirverdiyev-Qorxmaz qarşıdurması getdikcə dərinləşir, böyüyür, sərt müstəviyə keçid alır və tərəflərin barışmaq niyyəti hiss edilmir. Mənbə bildirir ki, “Azərsu” şefinin son dövrlər buraxdığı bir sıra səhvlər, iri yeyinti məsələlərində adının qabarıq şəkildə hallanması, habelə nurçularla bağlı şirkətlərlə geniş əlaqələr qurması mediada xüsusi qabardılır. ASC rəhbərinin xüsusən də pullarını xaricə çıxarmaq cəhdi də mətbuatın diqqətindən qaçmayıb. Pirverdiyev maraqlıdır ki, tezliklə Azərsu rəhbəri istefaya göndərilsin. Onun yerinə isə Pirverdiyevə yaxın kadr təyin oluna bilər. Hər halda Pirverdiyev bunun üçün can atır. Mənbə iddia edir ki, hər gün Hüseynov haqda nurçu olduğunu yazırlar: “Amma bu, inandırıcı görünmür. Hüseynov nurçu yox, korrupsiyaçı ola bilər. Onun sahəsində yeyinti üçün kifayət qədər imkanlar var. Hakimiyyət də bunu gözəl bilir və onunla bağlı hələ qərar verilmir”. Qeyd edək ki, “Azərsu” uzun müddət Milli Məclisin sədri Oqtay Əsədovun nəzarətində olub. Spiker 2005-ci ilə qədər ASC-yə başçılıq edib. O spiker seçildikdən onu bu postda yaxın qohumu Nizaməddin Rzayev əvəzləyib. 2011-ci ilə qədər “Azərsu” spikerin obyekti kimi tanınıb. 2011-ci ilin fevralında ASC-nin idarə heyətinin sədri, “spikerin adamı” Nizaməddin Rzayev işdən çıxarıldı. Onun yerinə ARDNŞ-in vitse-prezidenti, Bəylər Əyyubovun kadrı sayılan Qorxmaz Hüseynov təyin edildi. Q.Hüseynovun nurçularla əlaqələrinə gəldikdə isə, bu barədə mediada məlumatlar dərc edilib. Deyilənə görə, Q.Hüseynov Gülən camaatının Bakıdakı təmsilçiləri ilə böyük biznes qurub. “Azərsu” ASC-nin sifarişlərinin əksəriyyətinin Gülən camaatına məxsus olduğu iddia edilən “Hidro-Lotus” MMC gerçəkləşdirir. ASC-nin sifarişi ilə MMC ölkə üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələri həyata keçirir. MMC ASC-nin bir neçə yüz milyonluq layihələrinə sahib çıxıb. Rafiq Qara
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?