Mütəşəkkil qrupun başında duran Tamara Həmidovanı himayə edən gizli qüvvələr kimdir?...
Ölkədə bir çox hallarda kimlərinsə şəxsi maraqlarını təmin etmək üçün qanunlar tapdalanır, yaxud da ayrı-ayrı şəxslərin tələblərinə uyğunlaşdırılır. Müxtəlif vasitələrlə başqalarının hüquqlarını pozan, istənilən qanunsuzluğa gedən belə insanlara qarşı bəzən lazım olan ölçü götürülmür, əksər hallara isə onlara havadarlıq edənlər belə tapılır. Uzun illər ərzində formalaşaraq rahat fəaliyyət göstərən belə mütəşəkkil qruplar dövlət strukturlarında kök ataraq öz cinayətkar əməllərini davam etdirirlər. Tutduqları mövqelərindən istifadə edərək biznes maraqlarını təmin edən məmurlar və onların havadarlıq etdikləri qruplar artıq ölkə qanunlarına məhəl qoymur, özlərini tam toxunulmaz güclər kimi aparırlar. Vaxtilə dövlət strukturlarında işləmiş və bunun hesabına yaxşı əlaqələr yaratmış şəxslər indi də öz qanunsuz əməllərini davam etdirirlər və görünən odur ki, onlara bu işdə himayədarlıq edən qüvvələr də kifayət qədərdir. Azərbaycanda ən gəlirli sahələrdən birinin torpaq alveri olması hamıya yaxşı məlumdur. Bu işlə məşğul olan və milyonlarla pul qazanan xüsusi mütəşəkkil dəstələr mövcuddur. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqları satmaqla külli miqdarda vəsait qazanan belə qruplara xüsusi himayədarlıq edən qüvvələr mövcuddur. Belə mütəşəkkil qruplardan birinə əvvəllər Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsində mühasib işləmiş Tamara Həmidova rəhbərlik edir. T. Həmidova paytaxtın müxtəlif yerlərində böyük əraziləri satmaqla xeyli qazanc əldə edib. Onun “torpaq biznesi”nin qaranlıq məqamları ilə bağlı kifayət qədər sübutlar olsa da, himayədarları Tamara Həmidovanı bütün hallarda qorumağı bacarırlar. Tamara Həmidova bir müddət “Buxar” Kollektiv Müəssisəsində mühasib işləyib. Daha sonra isə onun karyerasının Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi dövrü başlayıb. Elə burada da xanım mühasib torpaq alveri sahəsində ilk “uğurlu” addımlarını atmağa başlayıb. Tamara Həmidova bu sahədə o qədər “ixtisaslaşıb” ki, sənədləri saxtalaşdırmaqdan, onları lazım olduğu halda yoxa çıxarmaqdan belə çəkinmir. Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsində mühasib işlədiyi dövrdə idarənin arxivindən bir zamanlar çalışdığı “Buxar” Kollektiv Müəssisəsinin 4294 saylı pasportunu oğurlayamış və həmin sənədləri saxtalaşdıraraq notarial qaydada təsdiq etdirərək öz məqsədləri üçün istifadə etmişdir. Baş vermiş bu cinayət hadisəsi ilə bağlı “Buxar” KM-nin rəhbərliyiSəbail rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Şikayət əvvəlcə aidiyyatı üzrə Səbail rayon Polis idarəsinin 9-cu polis bölməsinə göndərilib. Lakin, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 21 dekabr 2013-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib. “Buxar” KM-nin rəhbərliyi həmin qərardan Səbail rayon Prokurorluğuna şikayət edib. Şikayət əsasında Səbail rayon Prokurorluğu 5 fevral 2014-cü il tarixində Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 21 dekabr 2013-cü il tarixli qərarını ləğv edərək araşdırmanı davam etdirmək üçün işi Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərib. Ancaq bu dəfə də qanunlar Tamara Həmidovanın “xeyrinə” işləyib. Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi 4 mart 2014- cü il tarixində eyni əsasla cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar verib. “Buxar” KM öz qanuni hüquqlarını müdafiə etmək məqsədilə Bakı şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Bakı şəhər Prokurorluğu Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 4 mart 2014-cü il tarixli qərarını ləğv edərək araşdırmanın davam etdirilməsi üçün işi Səbail rayon Prokurorluğuna göndərib. Hazırda istintaq prosesi Səbail rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyevin icraatındadır. Lakin işin maraqlı olan tərəfi odur ki, Səbail rayon Prokurorluğu nəinki şikayət əsasında cinayət işinə başlamır, əksinə hər vəchlə işi yubatmaqla məşğuldur. 2 aydan çox vaxt keçməsinə baxmayaraq, prokurorluq yalnız “Buxar” KM-nin rəhbərliyindən və Tamara Həmidovadan izahat almaqdan başqa heç bir əməli iş görməyib. İş materiallarında olan sənədlər qarışıq vəziyyətdədir. Hətta “Buxar” KM-nin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 29 aprel 2003-cü il tarixli texniki pasportunun içərisindəki sənədlərin ardıcıllığı pozulub, müəssisənin yerləşdiyi torpaq sahəsinin baş planı tamamilə tanınmaz vəziyyətə salınıb. “Buxar” KM rəhbərliyinin dəfələrlə müraciət etməsinə baxmayaraq, nə sənədlərin Bakı şəhər İcra Hakimiyyətinin arxivində olub-olmaması barədə sorğu verilib, nə də qanunsuz olaraq pasportun surətlərini notarial qaydada təsdiq edən notarius prokurorluğa çağırılaraq izahat alınıb. Prokurorluğun bu “astagəlliyindən” etiraz edən “Buxar” KM rəsmilərinə cavab olaraq Səbail rayon Prokurorluğundan Bakı şəhər İcra Hakimiyyətinə sorğu ilə müraciət olunsa da, sorğuya cavab verilmədiyi, notariusun isə heç bir qanun pozuntusuna yol verməməsi səbəbindən onun izahatının alınmasına ehtiyac olmaması bildirilib. Bütün bunlardan bir daha aydın olur ki, Səbail rayon Prokurorluğu qəsdən işi yubatmaqda maraqlıdır və iş o yerə çatıb ki, prosesi obyektiv araşdırmaq əvəzinə Tamara Həmidova və digər şikayət olunan şəxslərə vəkillik etməklə məşğuldur. Ümumiyyətlə, Tamara Həmidova və “Buxar” KM arasında yaranan problemin tarixi xeyli əvvələ gedib. “Buxar” KM Tamara Həmidovanın qardaşı Cəlal Həmidova qarşı iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edib. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 26.11.2010-cu il tarixli qətnaməsi ilə “Buxar” KM rəhbərinin iddiası qismən təmin edilib. Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi 45 A ünvanında yerləşən “Buxar” KM-ə məxsus daş hasarın öz yerində bərpa edilməsi vəzifəsi Cəlal Həmidovun üzərinə qoyulub. Həmin mülki işlə bağlı iş materiallarında olan Nizami rayon Məhkəməsinin hakimi Cahangir Yusifovun 22 sentyabr 2008-ci il tarixli sorğusuna və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 26 sentyabr 2008-ci il tarixli məktubu ilə 643 saylı tikinti pasportunun və 4294 saylı işin surətləri Nizami rayon Məhkəməsinə təqdim olunub. Qeyd olunan sənədlərin müəmmalı şəkildə notarial qaydada təsdiq edilmiş surətləri məhkəməyə verilib. Sonradan işə baxan məhkəmələr (Nizami rayon Məhkəməsinin hakimləri Zaur Tağıyev, Cahangir Yusifov, Vidadi Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İlqar Xələfov, Ülvi Mayılov və Xəqani Məmmədov, Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Əli Rüstəmov, Əsəd mirzəliyev və Aslan Kalbalıyev) qətnamə və qərarlarda, ekspertlər isə rəylərində sübut kimi həmin sənədlərə istinad ediblər. 27 iyul 2009-cu il tarixində “Buxar” KM rəhbərliyi hakim Vidadi Məmmədova müraciət edərək 2(007)-51/2009 saylı mülki iş üzrə iş iş materiallarına əlavə olunmuş 643 saylı inşaat pasportunun( bütün qovluq) və 4294 ayrıc cizgisinin (bütün qovluq) surətlərini təqdim etməyi xahiş edib. Bununla əlaqədar 01. 08. 2009-cu tarixində həmin sənədlərin surətləri təqdim edilib və bununla bağlı məhkəməyə qəbz təqdim edilib. Lakin 01.05.2014-cü il tarixində Nizami rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 26.11.2010-cu il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə bakı Apelyasiya Məhkəməsində baxılarkən iş materialları ilə tanəş olan “Buxar” KM-nin nümayəndəsi Anar Rüstəmov iş materiallarında olan 4294 saylı işin(əlavə olunmuş materiallarla birlikdə) və 643 saylı inşaat pasportunn notarial qaydada təsdiq olunmuş surətlərinin olmadığını görüb. Bu barədə hakim Toğrul Əliyevə rəsmi ərizə ilə müraciət edərək faktiki olaraq iş materiallarından yoxa çıxan 4294 saylı işi (əlavə edilmiş sənədlərlə birlikdə) və 643 saylı inşaat pasportunun surətlərinin tapılması xahiş olunub. Lakin Bakı Apellyasiya Məhkəməsinin əməkdaşı Habil adlı şəxs şifahi şəkildə bildirib ki, göstərilən sənədlər faktiki olaraq iş materiallarında yoxdur. Çox maraqlıdır ki, iş üçün zəruri sübutlardan olan məhkəmələrin qətnamə və qərarlarında, ekspertlərin rəylərində istinad olunan bu sənədlər necə olur ki, iş materiallarından yoxa çıxır və bu sənədlərin iş materiallarından götürülməsində kim və hansı səbəblərlə maraqlı ola bilər? Qeyd olunan sənədlər Tamara Həmidova tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin arxivindən oğurlanmış, sonradan saxtalaşdırılaraq notarial qaydada təsdiq edilmişdir. Oğurluqla bağlı “Buxar” KM tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub və hazırda şikayət ərizəsi əsasında Bakı şəhər Prokurorluğunda araşdırmalar aparılır. Sənədlərin oğurlanması ilə bağlı araşdırmaların getdiyi bir vaxtda iş materiallarında olan bu sənədlərin müəmmalı şəkildə yoxa çıxması çox şübhəlidir. Görünür, Tamara Həmidovanı himayə edən gizli qüvvələr prosesin ciddiliyini görərək sənədləri yoxa çıxarmaqla onu zərbədən yayındırmağa çalışırlar. İş materiallarında olmalı olan 4294 saylı işin və 643 saylı inşaat pasportunun kim tərəfindən və hansı şəraitdə iş materiallarının arasından yoxa çıxarılması bir daha sübut edir ki, prosesin ədalətli şəkildə aparılmamasında maraqlı olan qüvvələr Tamara Həmidovanı qorumaq üçün daha bir cinayətə əl atıblar. Tamara Həmidovanın torpaq bazarına geniş rəvac verənlər indi də bu yolla onu qorumağa çalışırlar. “Buxar” KM rəhbərliyi tərəfindən baş verən hadisə ilə bağlı Baş prokuror Zakir Qaralova, Bakı şəhər Prokuroru Əziz Seyidova, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciətlər olunsa da, heç bir dəyişiklik olmayıb. Məhkəmələrdə hələ də bir Tamara Həmidova kabusu dolanmaqdadır. Hələ də Tamara Həmidovanı himayə edənlər ölkə qanunlarından üstün olmaqda davam edirlər. Mövzunu davam etdirəcəyik... Nicat Mahmudov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?