Ölkədə ictimai- siyasi gərginliyin yaradılması kimlərə və niyə lazımdır?
Son aylarda ölkənin gündəmini Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ortaya qoyduğu faktlar, videogörüntülər və bunların nəticəsində siyasi hakimiyyətin bəlli qanadının ifşası prosesinin tutduğu hamıya məlumdur. Hadisələrin inkişafı bu prosesin məntiqi sonluğa çatdırılması istiqamətində ciddi fəaliyyətin ortaya qoyulduğunu söyləməyə əsas verir.
Gündəmin dəyişməsi və idarə olunan qarşıdurma mühiti
Belə bir zamanda ölkədə gündəmi dəyişməyə, ictimai diqqəti məlum «ifşa prosesindən» yayındıraraq, başqa istiqamətə yönəltməyə hesablanmış hadisələr baş verdi. Bunlardan birincisi, Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar yaradılan ajiotaj və bununla bağlı Bakının Fəvvarələr meydanında keçirilən izdihamlı aksiya oldu. Əlbəttə, bu aksiyanın təşkilatçılarının və iştirakçılarının orduda baş verən əsgər ölümlərinə etiraz olaraq, səmimi şəkildə meydana çıxdıqlarına şübhə etmirik. Ancaq eyni zamanda indiki zamanda bu məsələnin şişirdilməsinin və nəticədə belə bir aksiyanın keçirilməsinin kimlərinsə marağında olması da istisna edilə bilməz. Bunu bir sıra faktorlar da söyləməyə əsas verir. Əvvəla, bundan əvvəl də belə əsgər ölümləri, hətta əsgərlərin zabitlər tərəfindən ermənilər tərəfə keçirilərək zorlanması, əsgərin daxili orqanlarının çıxardılaraq satılması faktları aşkarlansa da, bu cür ictimai reaksiya təşkil edilməyib. İkincisi, hətta siyasi partiyaların neçə müddət hazırlaşdığı aksiyalara belə bu qədər insanı çıxarmaq mümkün olmayıb. Üçüncüsü, aksiyada hakimiyyətin bəlli qanadına yaxın təşkilatların nümayəndələri də qatılmışdı ki, onların bu addımı icazəsiz atmaları real görünmür. Dördüncüsü, aksiya icazəsiz təşkil olunsa da, polis nə insanların bir yerə toplaşmasının qarşısının alınmasına, nə də kütlənin dağıdılmasına ciddi təşəbbüs göstərmədi və sair. Ən vacib məqamlardan biri də aksiyadan sonra polis zabitinin kürd dilində əmr verdiyini nümayiş etdirən videonun yayılması idi ki, bunun da qəsdən təşkil edildiyi və hakimiyyətə qarşı ictimai narazılıqları alovlandırmağa hesablandığını ehtimal etmək olar. Yəni həmin polis zabitinə «yuxarıdan» aksiya zaman kürd dilində əmr vermək tapşırılıb və bu çəkilərək ictimaiyyətə çatdırılıb ki, hakimiyyətə qarşı narazılıqlar daha da böyüsün, ölkədə idarə olunan qarşıdurma mühiti yaransın! Ölkə gündəmini dəyişməyə hesablanmış ikinci hadisə yanvarın 13-də Müsavat başqanı İsa Qəmbərin partiyasının zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedərkən kortejinə hücum təşkil olunmasıdır. İsa Qəmbərin özü və Müsavat partiyası bu hücumun «sui-qəsd» olduğunu bəyan etsə də, fikrimizcə, əsas məqsəd nə başqanı öldürmək, nə də zona müşavirəsinin qarşısını almaq olub. Əsas məqsəd yenə də, bir qədər əvvəl qeyd etdiyimiz kimi, ölkədə siyasi qarşıdurma mühiti yaratmaq, gündəmi dəyişmək, hakimiyyətlə demokratik qüvvələr, eləcə də qərb arasında uçurumu dərinləşdirməkdi. Hər halda hazırda nə İsa Qəmbərin özünün, nə də onun Lənkəranda keçirəcəyi zona müşavirəsinin hakimiyyətə qarşı hər hansı ciddi təhlükə törətdiyini iddia etmək absurd olardı. Bu hücumun hakimiyyətin birici şəxsinin - İlham Əliyevin marağında olmadığını görmək üçün isə, böyük siyasi savada malik olmağa ehtiyac yoxdu. Hər bir hadisəyə qiymət vermək üçün ilk növbədə bir suala aydınıq gətirilməlidir: Bu kim(lər)ə xeyirdir? Bu baxımdan, Azərbaycanda ictimai narazılığı artırmağa, hakimiyyətə qarşı etimadsızlıq mühitinin yaradılmasına və siyasi qarşıdurmanın güclənməsinə təkan verən son hadisələrə də qiymət vermək üçün, bunun kim(lər)in marağında olması məsələsinə aydınlıq gətirmək lazımdır.
«Köhnə qvardiya» hər seçkiöncəsi ölkədə gərginlik yaradır
Bu haqda danışmazdan öncə qeyd edək ki, hər dəfə Azərbaycanda prezident və ya parlament seçkiləri yaxınlaşdıqda ölkədə gərginlik artmağa başlayır. Əlbəttə, seçkilərin ölkədə siyasi fəallığı artırması, «temperaturu» yüksəltməsi təbii haldır. Ancaq məsələ ondadır ki, Azərbaycanda seçkilər siyasi gərğinliyə deyil, ictimai qarşıdurmaya səbəb olur, hətta az qala vətəndaş müharibəsi təhlükəsinin yaranmasına gətirib çıxarır. Daha dəqiqi, belə bir mənzərə yaradılır. Bu məqsədlə seçkilərdən əvvəl və sonra ölkədə kütləvi həbslər aparılır, müxalif düşüncəli insanlara, islahat tərəfdarlarına, ölkənin siyasi-iqtisadi sistemində dəyişikliklərin zəruri olduğunu bəyan edənlərə qarşı təzyiqlərə başlanır. Hakimiyyət bir qayda olaraq bunun səbəbini «radikal müxalifətin» xaricdən idarə olunması, Azərbaycanı istəməyən «xarici qüvvələrin» onların köməyilə ölkədə qarşıdurma yaratmaq, dövlət çevrilişinə cəhd etmək istəyilə bağlayır. Baxmayaraq ki, həm yerli, həm də beynəxalq ictimaiyyət dəfələrlə bu qarşıdurmaların yaranmasının arxasında hakimiyyətdəki mühafizəkar təbəqənin ölkədə ədalətli, demokratik seçkilər keçirmək istəməməsinin, zorakı metodlarla öz iradəsini cəmiyyətə qəbul etdirmək cəhdinin dayandığını bəyan edir. Və iqtidarı ölkədə siyasi islahatlar aparmağa, azad və ədalətli seçkilər keçirməyə, cəmiyyətdəki qütbləşmənin, qarşıdurmanın dərinləşməsinin qarşısını almağa çağırır. Lakin neçə illərdir bu cağırışlara məhəl qoyulmadığından, proseslər təxminən eyni ssenari üzrə inkişaf edir, oxşar sonluqla bitir. Qarşıdan növbəti prezident seçkiləri gəlir. Ötən dövr ərzində ölkədə hər hansı siyasi isahat aparılmadığından, həmin mühafizəkar təbəqə siyasi proseslərdə hələ də əsas söz sahibi olaraq qaldığından, onlarınsa idarəetmə fəlsəfəsində, siyasi düşüncəsində ciddi dəyişiklik müşahidə olunmadığından 2013-cü ildə də ənənəvi metodları tətbiq etməkdə maraqlı olduğunu söyləyə bilərik. Baxmayaraq ki, indi əvvəlki illərdən fərqli olaraq, hakimiyyətin daxilində müxtəlif səbəblərdən ənənəvi metodlardan imtina etməyin, müəyyən siyasi islahatların və dəyişikliklərin aparılmasının tərəfdarı olanların sayı və gücü xeyli artıb. Ancaq uzun illərdir siyasi prosesləri öz inhisarında saxlayan qüvvələr, daha dəqiqi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi «köhnə qvardiya»nın təmsilçiləri heç bir halda islahatların və dəyişikliklərin baş verməməsinə çalışırlar. Bunu həmin qüvvələrin hələ prezident seçkilərinə bir ilə yaxın vaxt qalmasına baxmayaraq, indidən cəmiyyətdə gərginliyi artırmağa, hakimiyyətlə demokratik ictimaiyyət arasında uçurumu dərinləşdirməyə hesablanmış addımları da sübut edir.
Ziyalılar Forumunu kim(lər) və niyə «düşmən» elan edib?
Diqqət edək, ölkənin bir qrup tanınmış ziyalısı bir araya gələrək təşkilat yaradır və məqsədlərinin ölkədə milli barışığa nail olmaq olduğunu bəyan edirlər. Dərhal həmin təşkilata qarşı hücumlar başlayır, orada təmsil olunan tanınmış ziyalılar küçə uşaqları səviyyəsində təhqir olunur, təqiblərə məruz qalırlar. Məsələn, dünya şöhrətli alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev kafedra müdiri vəzifəsindən azad edilir. Yazıçı-kinodramaturq Rüstəm İbrahimbəyova verilən ərazi əlindən alınır və sair. R.İbrahimbəyov bununla bağlı son yazısında qeyd edir: “Biz dəfələrlə, hakimiyyətə bizə qulaq asmağı təklif etdik, bizə elə gəlirdi ki, Forumun cəmiyyətin mühüm problemləri ilə bağlı keçirdiyi ictimai dinləmələr hakimiyyət üçün də maraq kəsb edir. Hakimiyyət isə bizim dialoq cəhdlərimizə böhtan və təhqirlə cavab verərək, bütünlükdə ziyalılara və şəxsən mənə qarşı açıq-aşkar düşmənçilik və etinasızlıq nümayiş etdirdi». Bəs kim(lər) və niyə ziyalıları düşmən elan edib? Sabiq deputat Gültəkin Hacıbəyli yazılarından birində məhz bu sualı qoymuşdu: «Niyə ziyalılar zorla dövlətdən narazı salınır? Kimdir ziyalıları aqressivləşdirmək istəyənlər? Kimdir ziyalıları zorla “inqilabçılıq” yoluna sürükləyənlər?...bu kimə lazımdır?» Bu suallara dəqiq cavab vermək əlbəttə, çətindir. Ancaq bütün narazılıqlarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və ona yaxın «köhnə qvardiyanın» təmsilçilərinin adı qırmızı xətlə keçir. Müxtəlif sahələrə aid insanlar qarşılaşdıqları problemlərin, başlarına açılan müsibətlərin günahkarı kimi ya birbaşa, ya da dolayısıyla Administrasiyanın rəhbərini nişan verirlər. Elə ziyalılar, hakimiyyətə yaxın şəxslər də ölkədə mövcud vəziyyətin yaranmasını Ramiz Mehdiyev və onun rəhbərlik etdiyi «köhnə qvardiyanın» adı ilə bağlayırlar. Əslində bu təəccüblü də deyil. Mərhum prezident Heydər Əliyevin vəfatından sonra ölkədə baş verən hadisələrin təhlili də göstərir ki, Mehdiyevin rəhbərlik etdiyi «köhnə qvardiya» təmsilçiləri heç bir halda cəmiyyətdə dəyişikliyin baş verməsində maraqlı deyillər. Elə milli barışıq ideyası ilə çıxış edən ziyalıların düşmən elan olunmasının səbəbini də burda axtarmaq lazımdır. Səbəb də sadədir: status-kvonu qoruyub saxlamaq!
Fərqli düşünənlər ya Fərhad Əliyevin, ya da Sirus Təbrizlinin taleyini yaşayıb
Bu səbəbdən də, nəinki islahatların qarşısı alınır, hətta hakimiyyət daxilində islahatlara meyilli insanlar müxtəlif bəhanələrlə vurulub sıradan çıxarılır. Diqqət edək, Wiki Leaks» saytının yaydığı ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin məktublarından birində sabiq nazir Sirus Təbrizlinin amerikalı diplomatlara İlham Əliyevin ”sağlam olmayan insanlar"la əhatə olunduğunu söylədiyini, Ramiz Mehdiyevin kurasiyasında olan yerli icra strukturlarının və bürokratların regionlarda yaşayan insanlara süni maneələr yaratdığını,onları incitdiklərini bildirdiyini qeyd edib. Sirus Təbrizli hakim partiya daxilində “köhnələrlə” hazırki ölkə başçısı Ilham Əliyev arasında uçurum olduğunu da səfirlik əməkdaşlarına söyləyib. O, Heydər Əliyevin bu balansı qorumağa çalışdığını, lakin “köhnələr”in hökumətdə güclü olduğunu və hazırda dominantlıq etdiyini bildirib. Əslində hakimiyyət daxilində, eləcə də iqtidara yaxın çevrədə olan rasional düşüncəli insanlar zaman-zaman ölkədəki mövcud durumun, korrupsiyanın, inhisarçılığın ciddi narazılığa səbəb olacağını bəyan ediblər. Buna görə də siyasi və iqtisadi islahatlar aparmağı, köklü dəyişikliklərə getməyi, hökumətdə ciddi yeniliklər aparmaqla fərqli düşüncə tərzinə malik insanları vəzifəyə gətirməyə çağırıblar. Ancaq bu cür düşünənlərin fikirləri nəinki qəbul olunub, əksinə, onlar hakim partiyadan xaric edilib (Sirus Təbrizli kimi), hətta bəzən həbsə belə atılıb (Fərhad Əliyev kimi). Hakimiyyətin siyasətində həlledici söz sahibi olanlar islahat sözünü, yadfikirliliyi yaxına belə buraxmaq istəmirlər.
Hakimiyyət kiçik bir qrupun nəzarəti altında
Bu siyasətin pik nöqtəsi özünü son parlament seçkilərində göstərdi. Məsələ ondadır ki, birbaşa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin diqtəsilə keçən parlament seçkilərindən sonra iqtisadi və siyasi hakimiyyətin çuğlaşması prosesi daha da genişləndi. Parlamentə müxalifətin buraxılmaması bir yana, hətta cəmiyyətdə nüfuzu olan, öz qüvvəsi hesabına mandat əldə etmə qabiliyyətində və gücündə olan hakim partiyanın üzvlərinə, hakimiyyəti dəstəkləyən bitərəflərə belə «qırmızı işıq» yandırıldı. Gültəkin Hacıbəyli, Nazim Məmmədov və başqaları kimi hakimiyyətə müəyyən mənada divident gətirən insanların seçkilərə namizəd kimi qatılmasına belə imkan verilmədi. Əvəzində siyasi cəhətdən səbatsız, oliqarxların şirkətlərini idarə edən, adı hətta müxtəlif kriminal hadisələrdə hallanan şəxslər parlamentə dolduruldu. Daha dəqiqi, iqtisadi monopoliyanın siyasi həyata tam transfer etdiyi müşahidə olundu. Bununla da ölkənin həm siyasi, həm iqtisadi, həm də hüquq sistemi kiçik bir qrupun nəzarəti altına verildi. Başqa sözlə desək, parlament seçkisindən sonra hakimiyyətin bütün qolları ölkədə korrupsiya və rüşvətlə məşğul olan bir qrupun əlində cəmləşdi. Qeyd edək ki, bu bölücülük siyasəti yalnız siyasətdə aparılmayıb. Eyni proses iqtsadiyyatda, biznes sektorunda, təhsildə, ədəbiyyatda, mədəniyyətdə, hətta mətbuatda belə həyata keçirilib. Məsələn, Zülfüqarlı qardaşlarının, Elşad Abdullayevin başına gətirilənlər buna əyani misaldır.
«Köhnə qvardiya» nədən cəmiyyətdə gərginliyin qalmasında maraqlıdır?
Bir sözlə, zaman-zaman «köhnə qvardiya» tərəfindən cəmiyyətdə gərginliyin artmasına, hakimiyyətlə ictimaiyyət arasında uçurumun dərinləşməsinə xidmət edən addımlar atılır. Niyə? Bu suala birmənalı cavab vermək çətin olsa da, bəzi ehtimallar üzərində dayanmaq olar. Hazırki şəraitdə ölkədə gərginliyin artması ilk növbədə ona görə lazımdır ki, diqqət Elşad Abdullayevin açıqlamalarından, ortaya qoyduğu faktlardan, daha dəqiqi, adam oğurluğu cinayətlərindən yayınsın. Vəziyyət gərginləşsin, hakimiyyətə təhlükə var görüntüsü yaransın ki, prezident hər hansı dəyişikliyə cəhd etməsin. Ümumilikdə isə ölkədə daim gərginliyin olması ona görə lazımdır ki: - birincisi, «köhnə qvardiya» bununla özünün mövcudluğunu qorumaq, hakimiyyətin qorunmasının yalnız ondan asılı olduğunu PREZİDENTƏ göstərmək istəyir. Yəni, cəmiyyətdəki gərginlik, hakimiyyətlə ictimaiyyət arasındakı narazılıq ölkədə siyasi islahatların aparılmasını əngəlləyir, idarəetməni «köhnə qvardiya»nın metodları ilə davam etdirməyi zərurətə çevirir. - ikincisi, bu cür gərginliyin, hakimiyyətlə cəmiyyət arasında uçurumun yaranmasının Azərbaycanın Qərbdən aralanmasına, Rusiyaya yaxınlaşmasına səbəb olduğunu nəzərə alsaq, «köhnə qvardiya»nın fəaliyyətinin Moskvanın maraqlarına xidmət etdiyini söyləyə bilərik. Ramiz Mehdiyev Azərbaycan hakimiyyətinin daxilində Rusiyameyilli qüvvələrin rəhbəri hesab olunur. Onun yazılarında məmləkətin xarici siyasətindən danışarkən, «Rusiya ilə strateji tərəfdaşlığın inkişafını» xüsusi vurğulamasını, Qərbi Azərbaycanın daxili işlərinə qarışmaqda, hətta ölkəmizi Əfqanıstanın gününə salmağa çalışmaqda ittiham etməsini təsadüfi hesab etmək olmaz. Bir sözlə «köhnə qvardiya» «suyu bulandırıb, bulanıq suda balıq tutmaq» taktikasını həyata keçirir. Son günlərdə yenidən bu siyasəti müşahidə etməkdəyik. Murad Məmmədov, Azpolitika.info
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?