Onlarla müxalifət siması və təşkilatı məhz AXCP-Müsavat ittifaqının dağıdılması üçün səfərbər olunub
Qarşıdan prezident seçkiləri gəlir. Artıq hər iki siyasi düşərgədə emosiyalar gərilib. İqtidarda baş verənlər əgər özünün qarışıq təzahürü ilə diqqətləri cəlb edirsə, müxalif cinahda daha mürəkkəb və çətin bir situasiya mövcuddur. Təbii ki, burada daha çox diqqətçəkəni İctimai Palatada birləşən Müsavat və Xalq Cəbhəsi partiyaları arasında yaranmaqda olan dərin uçurumdur. Bu arada Müsavat başqanı İsa Qəmbərin son gedişləri - yenidən 2003-cü il prezident seçkiləri ərəfəsində olduğu kimi «köhnə qvardiyaya» müraciət etməsi artıq AXCP-Müsavat münasibətlərindəki qeyri-səmimi ab-havadan xəbər verməkdədir. Hər halda, qeyd olunan məqamların fonunda Müsavatın AXCP-yə təzyiq niyyəti, «sən gəlməzsən, sənə əvəz var» mahiyyətli gedişi aşkar surətdə duyulmaqdadır. Bununla bağlı qəzetimizə daxil olan məlumatlardan aydın olur ki, əslində bu gün Müsavatla AXCP-nin anlaşması digər tərəfdən ümummüxalifət düşərgəsinin seçkilərdə hansı formada iştirak edəcəyini ortaya çıxara bilər. Məhz bu səbəbdən bu ittifaqa qarşı böyük hərəkətlənmənin olduğunu bildirən hökumət içindəki qaynaq iddia edir ki, bu gün onlarla müxalifət siması və təşkilatı məhz AXCP-Müsavat ittifaqının dağıdılması üçün səfərbər olunub: «Onlar bu vaxta qədər üzərlərinə düşən missiyanın öhdəsindən layiqincə gələ biliblər. Artıq İsa Qəmbər də məhz yaranan situasiyadan qaynaqlanaraq addımlarını müəyyən edir. Əli Kərimli ilə İsa Qəmbər arasında hətta «sən geri çəkil» dartışması da baş verdi. Bu isə tərəflərin heç bir halda ortaq məxrəcə gələ bilməməsi deməkdir. Geridə qalanı isə bu parçalanmanı daha da möhkəmləndirməkdir». Mənbəmiz bildirdi ki, birinci mərhələni uğurla başa vuran antibirlikçilər ikinci mərhələ ilə bağlı da yeni təlimatlarını alıblar: «Hələ çoxları bu istiqamətdəki mövqelərlə bağlı ortaya atılacaq. Çox şübhəli adamlar peyda olacaq. Ciddi maliyyə vəsaiti ayrılıb. Və yeganə hədəf məhz müxalifətin seçkilərə parçalanmış şəkildə getməsinə nail olmaqdır. Hətta may ayında sürpriz olaylar da yaşanılacaq».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?