Söhbət Səfər Əbiyev, Ramil Usubov və Ziya Məmmədovdan gedir
Yaxın vaxtlarda Azərbaycanda üç böyük vəzifə sahibi dəyişdiriləcək. Bu barədə gunxeber.com-un əldə etdiyi məlumatda hətta həmin vəzifəlilərin adları da bilinir. Bunlar, son illərdə ordudakı vəziyyətə görə hakimiyyəti ağır zərbə qarşısında qoyan müdafiə naziri Səfər Əbiyev, monopolist, ölkənin nəqliyyat sistemini faktiki olaraq iflic edən, bir çox layihələri batıran nəqliyyat naziri Ziya Məmmədovdu. Üçüncü şəxs isə hakimiyyətin maraqları baxımından nə qədər peşəkar və lazımlı olsa da, səhhətindəki problemlər ucbatından işindən ayrılmaq zorunda qalan daxili işlər naziri Ramil Usubovdu. Məlumatda bu şəxslərdən ikisinin yerinə artıq konkret namizədlərin olduğu da bildirilir. Belə deyilir ki, S.Əbiyevi general Kərəm Mustafayev, R.Usubovu isə başqa general, bu yaxınlarda Prezident Administrasiyasında yüksək vəzifə alan Məhərrəm Əliyev əvəzləyəcək. Yeni nəqliyyat nazirinin kim olacağı isə hələ tam dəqiqləşməyib. Məsələnin marqlı tərəfi odur ki, bu məlumat mediaya hakimiyyətdə Naxçıvan klanı kimi tanınan qrup tərəfindən sızıb. Bundan daha da maraqlısı isə bu klanla əlaqəsi olan eks-spiker Rəsul Quliyevin də həm yaxın çevrələrinə, həm də mətbuata müsahibəsində yaxın aylarda müdafiə nazirinin dəyişdiriləcəyini deməsidi. Hər halda sözügedən klan və ona bağlı olan qüvvələrdə bu barədə məlumatlar var və belə görünür ki, bu dəyişiklikləri səbirsizliklə gözləyirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?