Ağsu rayonunda bələdiyyəyə namizəd olacaq KXCP üzvlərinə təzyiqlər edilir.
KXCP-nin Ağsu rayon şöbəsinin sədri Yaqub Babalının verdiyi xəbərə görə, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bələdiyyə seçkilərinə qatılacaq müxalifətçilərə namizəd olmaması üçün təzyiqlər edir.
Onun sözlərinə görə, KXCP Məclisinin üzvü, Daşdəmirbəyli kəndindən namizəd olan Bəxtiyar Məmmədova və daha səkkiz nəfərə namizəd olmamaları üçün təzyiq göstərirlər. Həmçinin KXCP-nin bir necə üzvünə qohumlarının vasitəsilə namizəd olmamaları üçün təsir göstərilir.
KXCP sədrinin müavini Xəzər Teyyublu məsələ ilə bağlı musavat.com-a bildirib ki, təkcə Ağsuda deyil, əksər rayonlarda bu problemlər var: “Partiya üzvlərinə bu cür maneələr yaradılır. Üzvlərimizə namizədliyini verməmək üçün təzyiq edilir, hətta hədə-qorxu gəlinir.
Bu, yolverilməz haldır. Buna ictimai təpki olmalıdır. Belə vəziyyətin yaranması biabırçılıqdır. Məsələn, Şamaxıda namizədliyini verməyə çalışan partiya üzvləri süründürməçiliyə məruz qalır, onların ”Beynəlxalqbank"da bank hesabları olduğu halda, yenidən pul verib bank hesabı açdırmalarını tələb edirlər. Halbuki bu adamlar bələdiyyə üzvüdürlər və hesabları da var. Bu, qanun pozuntusudur".
X.Teyyublu qeyd edib ki, baş verənlər partiya rəhbərliyi tərəfindən müzakirə edilir və partiya durumla bağlı bəyanat verməyə hazırlaşır.
Sorğu
Yeni dizaynımız necədir?