Ramiz Yediyarovun özbaşınalığı əhalini cana doyurub
Gədəbəydə icra başçısı qanunları bir kənara qoyaraq, öz əshabələri ilə birlikdə sahibkarlara özü şəxsən yaxınlaşaraq belə deyir: “Sizə bir gün vaxt verirəm, əgər mülkünüzü üçürtmasanız polis rəisinə tapşırıq verəcəyəm ki, buraları xarabalığa çevirsin”. Qəribədir hər bir vətəndaşa məlumdur ki, ölkənin regionlarında tikinti, abadlıq işləri aparılır. Bu da təqdirə layiq haldır. Əhali bundan narazı deyil, əksinə dəstəkləyir. Regionlarda tikinti və abadlıq işləri aparılarkən əhali xərclənən pulların hesabatını, şəffaflığını tələb etməlidir. Bu işlər əhalinin sosial maddi rifahının yaxşılaşdırılmasına xidmət edirsə, o zaman kobudcasına və təhqiranə davranaraq, məhkəmə hökmü olmadan, qanunları pozaraq əhaliyə maddi ziyan vurmağın nə mənası var? İnsanlar özlərini məmləkətdə alçaldılmış hiss edəcəklərsə, burada yaşamağa dəyərmi? Xalqda ölkə rəhbərinə qarşı çaşqınlıq, inamsızlıq yaratmaqla görəsən Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarov hansı məqsədlərə xidmət edir? Cənab Yediyarov olmaya yaddından çıxıb ki, ölkə başçısı zaman-zaman müraciətlərində “xalqla bir olun, xalqa yaxın olun” deyir. İcra başçısı rayonda işlədiyi 2 il müddətində bircə dəfə də olsun xalq arasına çıxıb onlarla səmimi söhbət aparıbmı? Bu müddət ərzində başçı xalqa yaxınlaşmaq əvəzinə, arada yaranmış inamsızlığı bir daha dərinləşdirmiş və elədiyi tərbiyəsiz çıxışları, qanun pozuntuları sayəsində özünə qarşı gədəbəylilərin nifrətini bir az da dərinləşdirmişdir. İctimaiyyətlə işləmək və rayonu idarə etmək hər kişinin işi deyil. Məsələni həll etməyin yeganə yolu insanlarla xoş davranmaq, əhalinin yanında olmaq, verdiyi sözə əməl etməkdir. Yerdə qalan məsələləri onsuz da ölkə başçısı özü layiqincə həll edir.Ramiz Yediyarov Gədəbəyə İcra başçısı təyin edilməzdən əvvəl 14 saylı Vergilər İdarəsinin rəisi olub. Həmin idarədə rəis işlədiyi müddətdə qanun pozuntuları ilə indiki kimi məşğul olub. Məsələn Gədəbəy rayonu Mərkəzi kolxoz bazarından vergi yığımı zamanı (100-dən yuxarı sahibkar işləyir) onların çox az sayı vergiyə cəlb edilmişdir. Bu məsələni dövlət sosial müdafiə fondundan araşdırmaq olar. Elə ona görə də kolxoz bazarında fövqəladə bir yanğın törədildi. Hətta məsələ o yerə gəlib çatmışdır ki, Şəmkir rayonunundan da yanğınsöndürən texnika cəlb olundu. Zərərçəkənlərə kompensasiya ödənilməsi barəsində hər hansı bir bilgimiz yoxdur. Amma yeganə hal idi ki, tez-tələsik ziyanın ödənilməsinə başlandı. Sual olunur ki, cənab başçı ödənilmiş bu məbləği hansı hesabdan sildirdi? Bu barədə aidiyyatı qurumların xəbəri varmı? Belə olan halda nə üçün bu günlərlə dağıdılmış və dağıdılacaq şəxsi obyektlərin hesabatı aparılmır. Dəyən maddi ziyan hansısa naməlum hesabdan ödənilmir. Bir daha vurğulayıram ki, məhkəmə qərarı olmadan aldadılaraq onlarca sahibkarın şəxsi tikililəri qanunsuz dağıdılır və onlara dəyən ziyan heç kim tərəfindən ödənilmir. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə rayon yollarının çəkilməsi ilə əlaqədar 5 milyon 900 min manat əlavə İcra Hakimiyyətinin hesabına nəğd pul köçürülmüşdür. Amma inanmağımız gəlmir ki, Gədəbəydə icra başçısı bir iş görsün. Çünki vəsaiti ona həvalə etmək quzunu qurda tapşırmaq kimi bir şeydir. Allah axırını xeyirli etsin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?