Binədə, İsmayıllıda, Bakıda vətəndaşla dəyənək dilində danışan Azərbaycan polisinin gerçək missiyası
Azərbaycanda hüquq sisteminin bərbad olduğu yeni kəşf deyil. Ancaq dünyada gedən dəyişikliklər fonunda Azərbaycanda da hərəkətlənmələr baş verdikcə bu sistemdəki bəzi qaranlıq məqamlar gün işığına çıxır və vəziyyətin daha da bərbad olduğu bəlli olur. Bir tərəfdə “Gülərqeyt” olayı ilə əlaqədar videolar hüquq sisteminin nə qədər kriminallaşdığını göstərirkən, başqa bir tərəfdə vətəndaşların hüququnu qorumalı olan polislərin insanlara elementar etiraz haqqını tanımaması, əvəzində divan tutması göstərdi ki, DİN öz konstitusion missiyasından uzaqlaşıb, korporativ maraqlara xidmət edir və bu sahədə hər şey dəyişdirməklə köklü islahatların zamanı çatıb. Vəziyyət o yerdədir ki, DİN sisteminin generallarının adları insan oğurluğu, reketçilik və mənəvi terrorda hallandırılır. Polis asayişi qorumaq çətiri altında, əslində, hakimiyyətdəki məlum şəbəkənin marağında olan Binə yarmarkasının sahibi Kəbirəni, İsmayıllının icra başçısı Nizami Ələkbərovu qoruyur, ondan öz haqqını tələb edənlərin nəsibi isə, şiddət, məhrumiyyət, həbs olur. Və beləcə ictimai-siyasi proses sürət yığdıqca polis şiddətin dozunu artırır və bu yolla etirazların qarşısını alacaqlarını düşünürlər. Ancaq bu, yanlış və geriyə dönüşü olmayan bir yoldur. Və yarasa-yarasa, yalnız sosial yayın bir az daha sıxılmasına səbəb ola bilər. Bu isə vəziyyəti hakimiyyətin xeyrinə dəyişmir. Çünki yayın sıxılma imkanları hər şey kimi hədsiz deyil. Və yayın sıxılma imkanının olduğu kimi, açılma potensialının da var olduğu gerçəyini unutmaq lazım deyil. Binə yarmarkasında və İsmayıllıdakı etirazlar da sosial yayın ölü nöqtəsinin çox da uzaqda olmadığının əlaməti sayıla bilər. Çünki orta burjua cəmiyyətin barometridir və bu göstərici heç də iqtidardan yana görsənmir. Yayı getdikcə boşaltmaq əvəzinə, daha da gərməyə doğru cəhdlər edilir. Gündə yol terroruna 10-a yaxın insan qurban (ölü və yaralı) gedirkən, bunun qarşısını almaq, Dövlət Yol Polisində analoqu olmayan rüşvət və korrupsiya mexanizmlərinin ləğv etmək əvəzinə, ilin bu kəşməkeşli zamanında Ramil Usubovun polis sisteminin asayişi qorumaq adına kəbirələri, nizamiləri qoruması heç cür anlaşılan deyil və bunun böyük sosial-siyasi fəsadlara götürəcəyini demək olar.
DYP-də statistik rəqəmlər vəziyyətin olduqca pis olduğu siqnalını verir
İlbəil atran statisktia, baş verən dəhşətli yol qəzaları, naşı sürücülərin “sürət həvəsi” ucbatndan baş verən ölüm hadisələrindəki artım “dur” deməyin zamanı gəldiyini göstərir. Əslində “yol terroru”nun hələ 2005-2006-cı ildən bəri artmaqda olduğu bəlli idi, sadəcə, görünür, danışmaq üçün vəziyyətin daha dəhşətli olmasını gözləmək tələb edilirmiş. Statistika göstərir ki, təkcə 2005-ci illə müqayisədə 2006-cı ildə yol qəzaların sayı təxminən 7 faiz artıb. 2006-cı ilin ilk 10 ayı ərzində ölkədə 2600-ə yaxın qəza qeydə alınmışdı ki, bu hadisələrdə də 814 nəfər dünyasını dəyişmiş, 3000 nəfərə yaxın adam isə xəsarət almışdı. İlin sonlarında isə qəza qurbanlarının sayı bir az daha artdı. 2007-ci ilin rəqəmləri də ürkaçan heç nə vəd etməyib. Dünyada hər il 1,5 milyona yaxın insanın yol qəzasına qurban getdiyini, qəzaların insanların ölüm səbəbləri siyahısında ilk onluqda yer almasını nəzərə alsaq, dünya ilə müqayisədə ölkəmizdəki vəziyyətin də narahatlıq üçün ciddi əsas verdiyini söyləyə bilərik. Avropa ölkələri hər 100 min maşına düşən ölüm sayına görə həyacan təbili çalırlar. Azərbaycanda da bu rəqəmin heç də az olmamasına baxmayaraq hələlik cididi tədbirlərin nəticəsi özünü göstərmir. Yenə şəhər ataların “gül balalarının” son model maşınlarının asflat küçələrə saldığı təkər izlərinin səsinə oyanır. Yenı sürət həddini aşmağı yaxşı maşın sürməyin və yaxşı maşına sahib olmağın göztəricisi hesab edənlər çoxalır və yenə bu sürücülərə yandırılan “yaşıl işıqları” svetaforun qırmızı işığı hələ də əvəz edə bilmir.
Yol qəzalarının sayına görə Bakı “liderliyini” qoruyur
Yol qəzaları isə insan həyatına son qoymaqda davam edir. 2007-ci ildə baş verən 3197 hadisə nəticəsində 1027 nəfər ölüb. 3606 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2008-ci ilin təkcə ilk 2 rübü ərzində baş vermiş 1255 yol qəzasında isə 410 nəfər dünyasını dəyişib, 708 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Statistika artan xətt üzrə davam edib və nəhayət dövlət başçısı səviyyəsində məsələyə münasibət bildirilib. 2011-ci ildə ölkəmizin yollarında 2890 yol nəqliyyat hadisəsi baş verib ki, bu zaman da ölənlərin sayı 1016 nəfər olub. 3031 nəfər isə xəsarət alıb. Yol qəzalarının sayına görə Bakı “liderliyini” qoruyur – 1175 hadisə, 371 qurban, 1176 yaralı. Elə 2012-ci il də dəhşətli qəza hadisələri xəbəri ilə başlayıb. Təkcə ötən ilin son 5 ayı ərzində 1035 yol nəqliyyat hadisəsi nəticəsində 313 nəfər ölüb, 1144 nəfər xəsarət alıb. Qəzaların demək olar ki, yarısı – 429-u Bakıda qeydə alınıb. Nəticə yenə ağır olub – 104 ölü, 503 yaralı. Ən dəhşətlisi isə yol qəzasının böyük əksəriyyətinin 10 ildən yuxarı təcrübəsi olan sürücülər tərəfindən törədilməsi olub. Bu isə həmin sürücülərin 10 il əvvəl sürücülük vəsiqəsini necə almaları ilə yanaşı, bu 10 ildə hansı təcrübüyə yiyələnmələri barədə suallar yaradır. Aydın olan odur ki, paytaxt da daxil olmaqla ölkəmizdə nə sürücülər, nə də piyadalar yol hərəkəti qaydalarına riayət etməyə çalışmırlar. Çünki qanunsuzluğa adət ediblər, polis ilə “dil tapmağın” yolunu təcrübələrində dəfələrlə sınaqdan keçiriblər. Buna görə də belə qayda pozuntularından birində özünün, yaxud başqasının həyatına son qoya biləcəyi ən son anda xatrlanır. O zaman isə gec olur.
Yol terrorunun qurbanlarının sayı müharibə qurbanlarının sayına bərabər
Ümumiyyətlə isə Azərbaycanda yol qəzalarının dəhşətli statistikası yol terrorunun qurbanlarının müharibə qurbanlarını sayına az qala bərabər olduğunu göstərir. Mətbuatda açıqılanan rəqəmlərə görə, 1988-2011-ci illər ərzində ölkəmizdə 64 min 141 yol qəzası qeydə alınıb. Nəticədə 22 min 249 nəfər ölüb, 71 min 833 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əlbəttə, bu, sadəcə rəsmi statistikadır, reallıqda isə yol terroru qurbanlarının sayının daha çox olduğu istisna deyil.
“Yol terroru” 22 mindən artıq vətəndaşımızın həyatına son qoyub
Bu isə Qarabağ müharibəsində Azərbaycanın verdiyi itkilərin sayından bir qədər azdır. Əgər müharibədə Azərbaycan 30 min vətəndaşını itirmişdisə, “yol terroru” 22 mindən artıq vətəndaşımızın həyatına son qoyub. Bura yenicə başa çatan 2012-ci ilin statistikası da əlavə olunarsa mənzərə daha da acınacaqlı olar. Çünki təkcə ötən ilin 9 ay ərzində baş verən 2126 yol-nəqliyyat hadisəsi zamanı 838 nəfər ölüb ki, onlardan da 58 nəfəri uşaq və yeniyetmələr olub. Bu dövrü 2011-ci ilin ilk 9 ayı ilə müqayisə etsək görərik ki, qəza hadisələrinin sayı azalsa da, ölənlərin sayında artım var. Belə ki, 2011-ci ilin 9 ayı ərzində ötən illin müvafiq dövrü ilə müqayisədə qəza hadisələrinin sayı daha çox, yəni 2237 olub. Ancaq bu hadisələrdə ölənlərin sayı 712 nəfər təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövründə “yol terroru” qurbanlarının sayının 126 nəfər çox olduğunu göstərir. Hətta yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması, yol polisi əməkdaşlarının neqativ hallara yol verməsinin qarşısını almaq üçün əmək haqqınını yüksəldilməsi kimi tədbirlər də nəticəsini vermir. İş o yerı çatıb ki, prezident İlham Əliyev yol nəqliyyat hadisələri ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən Prezident Administrasiyası 2 aya sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması ilə bağlı təkliflərini prezidentə təqdim etməlidir. Həmçinin yol qəzalarının sərxoş halda, nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyəti sərtləşdiriləcək. Nazirlər Kabinetinin “Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə ödənilən cərimələrin 25 %-nin yol polisi əməkdaşlarının aylıq maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını prezidentlə razılaşdıraraq təsdiq etməsi, Daxili İşlər Nazirliyinin 1 ay müddətində nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini prezidentə təqdim etməsi də sərəncamda əksini tapıb. Eyni zamanda, o da tələb olunub ki, Ədliyyə və Səhiyyə nazirlikləri, eləcə də məhkəmələr qəzaların ekspertizalarının qanunun tələblərinə əməl edilməklə vaxtında və obyektiv aparılmasına nəzarəti gücləndirərək bu sahədə mövcud olan nöqsanları aradan qaldırsın və qanunun tələblərini pozan ekspertlər barəsində ciddi intizam tənbeh tədbirləri görülsün. Baş Prokurorluq qəzaların təhqiqatında və istintaqında qanunların icrasına nəzarəti gücləndirsin, aşkar olunan pozuntuların aradan qaldırılmasını təmin etsin. Həmçinin prokurorluq yol qəzaları ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etsin.
Ramil Usubov niyə susur?
Bəs daxili işlər naziri Ramil Usubov nə fikirləşir? Və yaxud o, niyə susur? Bu sulları daha çox artırmaq olar. Cavab isə birdir. Ortada ruşvət faktoru var. Əgər hələ də yol polisi maşını saxlayanda cəriməni yerində alıb cibinə qoyursa, sürücünü bal yazmaqla hədələyib daha çox pul tələb edirsə və nəhayət sürücü ilə polis anlaşırsa, deməli «yol terroru» da davam edəcək. Çünki, cərimlərin istənilən həddə qədər qaldırılmasından narahat olmayan «papanın gül balaları» yaxşı bilir ki, Azərbaycanda sürət həddini artırdıqlarına və yaxud hansısa qəzaya görə, canlarını pul verməklə qurtara biləcəklər. Polis yalnız mitinqlərdə insanları dəyənək altına salıb döyməklə vətəndaşları dövlətdən narazı salmaq məsələsində birincidir. Digər məqamlarda isə ortada yalnız rüşvət rol oynayır. Elə isə vətəndaş «mənim polisim məni qoruyur» yoxsa, «mənm polisim məni öldürür» devizinin hansını seçsin? Yenə təkrar edirik ki, DİN şefi Ramil Usubov susduqca ölkədəki cinayət faktları durmadan artacaq. Sonda nə olacaq, bax, bu sual altındadır. RƏŞAD
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?