PA rəhbərinin YAP-çı ordusu dururkən, nədən barmaqları Zahid Oruc silkələyir?
Son vaxtlar Azərbaycanda siyasi mühit daha da korlanıb. Artıq bu mühitdə kimin kim olduğunu ayırd etmək belə çətinlik yaradır. Odur ki, bəzi şeyləri ayırd etmək üçün bir çox şeyi öz yerinə qoymaq, öz adı ilə çağırmağa ehtiyac var. Bu müstəvidə heç nə yekcins deyil. İqtidar bir-biri ilə “pelepones” müharibəsi aparan bir neçə güc mərkəzindən ibarətdirsə, müxalifətsə ənənəvi, cib və hər iki tərəfin kölgəsi rolunu oynayanlarla zəngindir. Ortada bir Ziyalılar Forumu adlanan qurum da fəaliyyətə keçib ki, onların da hələlik bəzi gerçəkləri söyləməkdən, yaratmaq istədikləri hərəkatın adını və özlərini “üçüncü qüvvə” elan etməkdən savayı üfüqdə hələlik ciddi parıltıları görsənmir. Ancaq bu yoluxucu virus təkcə siyasi mühitə sirayət etməyib. Sosial mühit də o vəziyyətdədir. Burada da at iz it izinə qarışıb. Kimin kim olduğu, əllərin kimlərin ciblərində gizlənməsi, hansı səsin hansı notu ifadə etməsi, pullu şəbəkələrin kölgə uzantısı olması bilinmir. Bu, qeyri-müəyyənlik təbii ki, yaxşı hal deyil və rahatsızlıq yaradır. Amma ondan da dəhşətlisi ÖZlərin səhnədə görünməməsi və yalnız kölgələrin meydan sulamasıdır. Etiraf etmək lazımdır ki, bu gün meydan kölgələrindir. Kölgələrin şəxsi təşəbbüsləri olmasa belə, başqasının fikir ifadəçisi kimi meydanı sağa, sola pis sulamırlar. Doğrudur, kölgələrin özü olmadığı kimi, meydan sulamalarının ictimai sərinliyi də olmur. Amma sulamaqda davam edirlər, bəlkə tozanaq dayansın deyə. Ancaq tozanağın qopmasından da hiss olunur ki, kölgələrin sulamasıyla atmosferin təmizlənməsi mümkün olmayacaq. Çünki külək atmosfer təzyiqinin ən yüksək nöqtəsindən ən aşağı nöqtəsinə doğru çox sürətlə əsir və bu prosesdə bir çox ağacları köklü olaraq çıxaracağı şübhə doğurmur. Ötən həftə ölkənin ən nüfuzlu vəkili Aslan İsmayılovun bir fikri diqqət çəkdi. Bu, təkcə fikir deyil, həm də həyacan təbili idi. Vəkil ölkədə vətəndaş müharibəsi qoxusunun gəldiyini deyir və məmləkətin tədricən qana sürükləndiyini iddia edir. Doğrusu, bunun üçün müəyyən əlamətlərin varlığını inkar etmək olmaz. Son Binə Ticarət Yarmarkasındakı iş adamlarının etiraz üsyanı, İsmayıllıda əhalinin ayağa qalxıb “istefa” şüarı səsləndirməsi gözardı ediləcək sıradan hadisələr deyil və gələcək sosial tufanın işartısı sayıla bilər və bu fonda Aslan bəy, polisin qeyri-adekvat davranışını da nəzərə almamış deyil. Ancaq məsələ bununla da məhdudlaşmır. Məşhur vəkilin bu nəticəyə gəlməsinin daha ciddi səbəbləri var. Əgər ən əsas səbəblərdən biri etirazların sosial sferanın bütün sahələrinə sirayət etməsidirsə, digər köklü nədən bu etirazları doğuran amillərdir və bu amillərin baiskarları və idarə edənləridir. Amma ondan da ötə Aslan bəyi qeyzləndirən, narahat edən, etiraz səbəblərini yaradanların sözçüsü olaraq deputat Zahid Orucun bütün güclərə barmaq silkəməsidir. “Gülərqeyt” olayının yaratdığı mənəvi-psixoloji mühitin heç də orada adları hallandırılanların xeyrinə olmadığı gerçəkdir və bu prosesdə xəmirin bir xeyli su aparacağı da Zahid Orucun açıqlamalarında hiss olunur. Yəni, bu bədnam prosesdə adı hallandırılanlar istefa vermək, üzr istəmək, etiraf etmək əvəzinə, bu qaranlıq guşələrdən yalnız birinə işıq salması nədəniylə hədələnir və onlar sabiq səhiyyə naziri Əli İnsanovun aqibəti ilə təhdid olunurlar və bunların hamısını Zahid Orucun diliylə deyirlər. Kimdir bu təhdid olunanlar? Mediada səslənən fikirlərə istinad etsək, onda belə çıxır ki, PA rəhbəri və onun rəhbərlik etdiyi klan hakim ailənin təmsilçilərinə qarşı müharibə elan edib və sonucun da onlardan yana olacağına əmindirlər. Hər halda Zahid Orucun dediklərindən belə anlamaq olur. Çünki “Gülərqeyt” olayında əsas adı hallandırılan fiqur PA rəhbəri Ramiz Mehdiyevdir. Məhz bu şəxsin hakim ailənin təmsilçiləri olan Paşayevlərlə problemi olduğu heç kimə sirr deyil. O baxımdan, Zahid Orucun barmağının Paşayevləri hədəfə aldığı məntiqi hasil olur. Əslində, barmaq silkələyişi yeni deyil. Xatirinizdədirsə, bir az əvvəl PA rəhbəri üstü örtülü də olsa, onu hədəfə alanların kimliyi haqda bilgisinin olduğunu biruzə vermişdi və ilk barmaq silkələyişi məhz o vaxt olmuşdu. Ancaq silkələmələrə baxmayaraq proses daha da dərinə işləməyə davam edir. Hətta o qədər ki, polisin üz qarası olan Hacı Məmmədovun Ramiz Mehdiyevə ünvanlanan məktubu dərc olundu və cəmiyyətdə barmaqlar yenidən PA rəhbərinə tuşlandı. Bu hadisə göstərdi ki, PA rəhbərinin təhdidləri nəinki ona qarşı prosesi dayandırmadı, əksinə yeni və daha ciddi bir səhifə açıldı. Hansı ki, bu proses öz məntiqi sonucunadək götürüləcəyi kimi görünür. Maraqlıdır ki, Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov müsahibəsində başqa bir mövqe ortaya qoyub. Müsahibədə jurnalist Ə.Əhmədova Elşad Abdullayevin yaydığı məlum videolarla bağlı da sual ünvanlayıb. Ondan YAP-ın hansı səbəbdən Ramiz Mehdiyevə qarşı ittihamlara cavab verilmədiyinin səbəbini soruşub. Ə.Əhmədov isə birbaşa cavabdan yayınaraq belə fikirləri qeyri səmimi adlandırıb. “YAP bununla bağlı öz mövqeyini kifayət qədər açıq şəkildə ortaya qoyub. Amma eyni zamanda biz qanuna da hörmətlə yanaşmağa adət etmiş bir partiyayıq. Bütün bu iddialarla əlaqədar istintaq aparılır, xüsusi istintaq qrupu yaradılıb və araşdırmalar davam edir. Hətta mütəmadi olaraq istintaqın nəticələri ictimaiyyətə açıqlanır. Hesab edirəm ki, bizim hər birimiz istintaqın gedişinə mane olan hər hansı bir hərəkətə yol verməməliyik. Bu, vacib şərtlərdən birdir. Mən Azərbaycan mətbuatının bəzi təmsilçiləri tərəfindən bu məsələyə qeyri-sağlam marağın olduğunu da vurğulamaq istəyirəm. Bu marağın arxasında da o qədər də sağlam olmayan istəklər dayanır… Istənilən halda istəmirik bu xoşagəlməz hadisə həddindən artıq müzakirə predmetinə çevrilsin. Ən azı istintaq gedir, istintaq da hər şeyi ortaya qoyacaq. Günahlar və günahkarlar tamamilə aydınlaşacaq və hüquqi qiymətlərini də alacaqlar”. Son vaxtlar Əli Əhmədovla Ramiz Mehdiyevin münasibətlərinin sərinləşdiyi barədə məlumatlar yayılıb. Məlumatlarda deyilir ki, indi Əli Əhmədov işlərini daha çox Ramiz Mehdiyevin yeni müavini Əli Əsədovla kurasiya edir. Anlamadığımız bu məsələdə Zahid Orucun mövqeyi və yeridir? Çünki bu dava onun davası deyil. Nədən Zahid Oruc bütün lazım olmayan yerlərdə, xüsusilə də, harada aş varsa, orada başdır? Bu adam YAP-çı belə deyil. Ramiz Mehdiyevin YAP-çı ordusu dururkən, nədən barmaqları o, silkələyir? PA rəhbərinin qarşısında olan hər kəsə təhdid sovurur? Bu, nəyin göstəricisidir? O demək deyilmi ki, artıq YAP Ramiz Mehdiyevlə vidalaşıb? Əgər belə deyilsə, nədən YAP funksionerləri susurkən, PA rəhbəri ana vətənçiyə möhtac qalıb? Suallar çoxdur. Amma bəzən bu suallar doğru yolu tapmaq üçün məşəl rolunu oynaya bilir. Yadınızdadırsa, PA rəhbərinə dörd müavinin təyinatı ilə bağlı müxtəlif ziddiyətli fikirlər səslənirdi. Kimisi bunu PA rəhbərinin məhdudlaşdırılması və post-Mehdiyev dönəminə hazırlıq kimi dəyərləndirirdi. Başqa birisi də bu addımı PA rəhbərinin gücünün nümayişi kimi qələmə verirdi. Olanlarsa, birinci fikrin daha məntiqə uyğun olduğunu göstərir. Əks təqdirdə, bu gün PA rəhbərinin müavin postllarının birində hakim ailəyə yaxınlar deyil, Ramiz Mehdiyevin barmağını rəqiblərinə silkələyən Zahid Oruc kimiləri oturmalı idi. Ən azından bu məsələdə kimin kim olduğu bilinərdi. Təəssüf ki, Azərbaycanda belə deyil və hər şey qapalı sandıqlarda, qaranlıq mühitlərdə baş verir. Qaranlıq guşələri azacıq da olsa günəş işığı aydınlatan kimi dərhal barmaqlar işə düşür. Özü də nə barmaqlar… Zaur
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?