Hikmət Hacızadə: “Rus cəmiyyəti və xalq özünü tələyə salıb, ordan çıxa bilmir”
Hazırda MDB məkanında gərgin siyasi və hərbi proseslər baş verir. Dünyanın gözü qarşısında Rusiya Ukraynaya təcavüz edir və bunu separatçıların etdiyini bildirir. Moskva separatçılara maliyyə, hərbi və siyasi dəstək verir. Dünya dövlətlərinin mütləq əksəriyyəti Ukraynanı dəstəkəsə də, onun ərazisində baş verən qanlı müharibəni dayandıra bilmirlər. Siyasi şərhçilər isə hesab edirlər ki, Ukraynada baş verən proseslərin nəticəsi bütövlükdə MDB məkanına ciddi təsir edəcək. Əgər Rusiya Ukraynada uduzsa, azadlıq dalğası Belarus və Orta Asiyaya daxil olacaq. Yox, əgər Qərb Ukraynada ikinci dəfə məğlub olsa, bu zaman MDB tam olaraq Rusiyanın təsir dairəsinə düşəcək və prezident Putinin SSRİ-ni başqa formada bərpa etmək istədiyi Avrasiya Birliyi modeli güclənəcək. Politoloq Hikmət Hacızadə bu mövzunu şərh edib.
- Hikmət bəy, Ukraynada baş verən prosesləri necə qiymətləndirirsiniz?
- Ukraynada çox kombinasiyalı proseslər gedir. Birincisi, Ukrayna xalqının Avropaya yaxınlaşması, azadlığa qovuşması üçün ortaya qoyduğu iradədir. Ən böyük proses budur. Ukrayna xalqı artıq bir ildən çoxdur ki, buna nail olmaq istəyir və qurbanlar verir.
İkincisi, Rusiyanın Ukraynaya təcavüzü məsələsi var. Göründüyü kimi Rusiya Ukrayna xalqının bu iradəsindən razı deyil və mümkün qədər bu iradəni zəiflətməyə çalışır. Üçüncü proses kimi azad dünyanın, qərbin bu məsələdə Ukraynanın yanında olması, təcavüzə qarşı müəyyən addımlar atmasıdır. Demək istəyirəm ki, Ukraynada mürəkkəb proseslər gedir və bunların hər birini ayrıca müzakirə etmək mümkündür. Əslində mən hesab edirəm ki, bu, böyük tarixi prosesdir. Dünyanın indiki mərhələsində bu proses “Millətlərə istiqlal, insanlara hürriyyət” baxışından növbəti addımdır.
- Hazırda faktiki olaraq müharibə gedir. Əvvəl qarşıdurma olsa da, lokal xarakter daşıyırdı, indisə hərbi əməliyyatların masştabı böyüyüb və faktiki Donetskidə, Luqanskidə müharibə gedir. Niyə müharibənin əhatə dairəsi getdikcə genişlənir?
- Fikrimcə, buna Rusiya rəhbərliyinin qeyri adekvat hrəkətləri kimi baxmaq lazımdır. Bu uzağı görəm siyasət deyil. Rusiya rəhbərliyi öz iddialarından əl çəkmir. Ukrayna xalqının azadlığa qovuşmasını dayandırmaq istəyir. Bunu edə bilməyəndə isə, Ukraynanı parçalamaq istəyir. Axmaqlıqdır. Bunu rus siyasətinin axmaqlığı ilə izah edirəm.
- Ukrayna hökumətinin indiki siyasəti və addımları doğrudurmu?
- Hesab edirəm ki, doğrudur. Nəyi səhvdir, Ukrayna neyləməlidir? Ölkə müqavimət göstərir, digər tərəfdən də azadlığa qovuşmaq üçün əlindən gələn addımları atır.
- Rusiya rəsmi şəkildə bəyan edir ki, Ukraynada onun ordusu və hərbi texnikası yoxdur. Beynəlxalq ictimaiyyət niyə buna inanmır?
- Belə deməklə deyil. Bəyəm siz Ukrayna ərazisində Rusiya hərbi texnikası və ya canlı qüvvəsinin olmasına şübhə ilə yanaşırsınız. Biz çox şeyi müşahidə edirik. Dünya Ukrayna ərazisində Rusiyanın artilleriyasını görür, ordakı tankları, az qala təyyarələri görür. Separatçılarda nizamlı artilleriya, zirehli texnika haradandır? Sizə deyim ki, bu Dağlıq Qarabağda olan vəziyyət kimidir. Guya bizimlə Qarabağ erməniləri vuruşurdu? Təbii ki, yox! Bizimlə Ermənistan və onun arxasında olan Rusiya vuruşurdu. İndi bu vəziyyət Ukraynadadır. Guya separatçılar var, onlar mərkəzi hakimiyyətə qarşı çıxırlar. Əslində isə separatçıların arxasında böyük Rusiya durur, dəstəyini göstərir. Separatçılara Rusiyanın texniki, hərbi və mənəvi yardım etdiyi bəllidir.
- Rusiyada səfir vəzifəsində olmusunuz. İndi bu ölkədə vəziyyəti necə qiymətləndirirsiniz?
- Mən Rusiyada vəziyyəti acınacaqlı hesab edirəm. Bu, ölkə və cəmiyyət, eləcə də onun rəhbərliyi, xalqı sanki özünü tələyə salıb və oradan çıxa bilmir. Hansısa axmaqlıq durumuna düşüb. Deyirlər ki, biz geri addım atmayacağıq, heç nəyi verməyəcəyik, sona qədər gedəcəyik. Belə mövqe var. Ancaq hara sona qədər gedəcəksən? Artıq sondur. Hazırda Rusiyaya qarşı ciddi müqavimət yoxdur, yalnız iqtisadi sferada sanksiyalar tətbiq edilir. Bunun da nəticəsində Rusiya 200 milyard dollar itirib. Belə davam etsə, Rusiya yaxın altı aya çökə bilər. Özləri özlərini tələyə salıblar, ordan çıxa bilmirlər, sanki quyudadırlar. Məlik Məmməd nağılında olduğu kimi, sanki quyudadırlar.
- Rus xalqı böyük xalqdır, möhtəşəm tarixi var. Doğurdanmı belə nəhəng bir xalq, indi səhv buraxaraq dünya ilə qarşıdurmaya gedir?
- Əslində onlar quyuda olduqlarını düşünmür və hesab edirlər ki, elə bu cür doğrudur. Xalqın böyüklüyü nə ilə hesablanır? Fikrimcə, böyüklük xalqın sayı ilə ölçülməməlidir. Xalq özündə güc taparaq hadisələrə real formada baxmalıdır. Bunun üçün də hələlik rus xalqının gücü yoxdur. Əhali Putini müdafiə edir. Səhv etmirsə əhalinin 60-70 faizi bu axmaq siyasəti dəstəkləyir. Ona görə də, mən bu siyasəti dəstəkləyənlərə böyük xalq deyə bilmərəm. Putin Krımı tutandan sonra oldu böyük qəhrəman. İndiyə qədər çoxlu sayda böyük və kiçik səhvlər buraxıblar. Bütün bu fəaliyyəti sonda onların qarşısına qoyacaqlar. Mən belə düşünürəm.
- Yuxarıda dediniz ki, Ukrayna ətrafında yaranan durum böyük tarixi prosesdir. Bunun nəyi tarixi prosesdir?
- Mən onu nəzərdə tuturam ki, dünyada bir çox xalqlar ayılıb. Hazırda Ukrayna xalqı da ayılıb və realizmə, azadlığa, özgürlüyə, mədəniyyətə çan atır. Siz tarixdə qeyri azad və azad xalqların sayına baxsanız görərsiniz ki, azad və rossional ölkələrin sayı durmadan artır. XX əsrin əvvəllində cəmi 11 azad ölkə var idi. Lakin XX əsrin sonlarında 111 azad ölkə oldu. Mən yalandan, sözdə demokrat olan ölkələri nəzərdə tutmuram. Azad ölkə deyəndə azad iqtisadiyyat, azad seçkilər, azad mətbuatın olduğu dövlətlər nəzərdə tutulur. XX əsrin sonlarında isə belə ölkələrin sayı düz on dəfə artıb. Ukrayna da bu xalqlardan biri olmaq istəyir. Axı niyə də olmasın? Vəziyyət belədir. Mən də tarixi proses deyəndə xalqların azadlığa, rosionallığa doğru hərəkətini nəzərdə tuturam. Təəssüflər olsun ki, Azərbayan xalqı hələlik bu prosesdə iştirak etmir. Mən bundan kövrəlsəm də, həqiqət bundan ibarətdir.
- Dediyiniz tarixi proseslərin içərisində Amerika-Rusiya qarşıdurması varmı?
- Amerika-Rusiya qarşıdurması sözsüz ki, var. Amerika azadlıq, azad bazar iqtisadiyyatı, rəqabətli mühit istəyir. Rusiya isə “ağalıq” etmək istəyir. Ruslarda söz var, “krışa”. Rusiya özünü krışa hesab edir, deyir ki, mənim hesabımı gətirin, mən burada ağalıq edəcəyəm. Bizim kimi ölkələrə də deyir ki, sən filankəslə saziş bağlama, bizimlə bağla. Və ya sən neft məhsullarını mənim borum vasitəsilə Avropaya çıxart. Rusiya bunu istəyir. Amerika isə demir ki, nefti ora ilə gətir və ya bu xəttdən istifadə elə. Burada azad rəqabət var, kim rəqabətə davamlıdırsa, istədiyini edə bilir. Amerika bunu istəyir. Rusiya isə sadəcə deyir ki, mən ağayam, istədiyimi zor gücünə edəcəyəm. İndi isə əlbəttə, ağalıq etmək istəyənlə, azad rəqabət mühitini dəstəkləyən qüvvələrin mübarizəsi var.
- Ukraynada yaşanan qarşıdurma, baş verən müharibə nə ilə nəticələnəcək?
- Mən hesab edirəm ki, bu mübarizədə azadlıq istəyində olanlar qələbə çalacaq. Buna şübhəm yoxdur. Hələlik qərb gücünün onda birini bura sərf etmir. Əgər qərb tam gücü ilə başlasa Rusiya üçün çox çətin olacaq. İndilikdə Rusiyada sadəcə iqtisadi sıxıntı var. Bu da tədricən Rusiyaya mənfi təsir edir. Əgər böyük qarşıdurma və müharibə başlasa, bunun nəticəsi çox pis olacaq.
- Rus xalqının ac-yalavac qala bilməsi, dövlətinin müharibə apardığı bütün zamanlarında onun yanında olduğu, işğal, başqa torpaqları tutmaqda lideri ilə birlikdə olduğu dəfələrlə qeyd edilib. Rusiyada işləyən sabiq səfir kimi, belə bir fikirləri qəbul edirsinizmi?
- Rus xalqı ac qala bilir, bu, düzdür. İntəhası ruslar özləri haqqında böyük mif yaradıblar ki, guya onları heç kəs məğlub edə bilməz, biz həmişə istədiyimizi etmişik, müharibələrdə qələbə qazanmışıq və s. Axı bu, belə deyil. Çoxlu müharibələr olub ki, həmin müharibələrdə ruslar məğlub olublar. Məsələn, Rusiya-Yaponiya müharibəsi olub. Bu müharibəni yaponlar udub. Krımda baş verən müharibədə Rusiya uduzub. Nəhayət prezident Reyqan Rusiyanı diz çökdürdü, Qərbi Avropanı azad etdi, Rusiyanı böyük dövlət statusundan mərhum etdi. Bəyəm bunlar uduzmaq deyildi? O zaman da ruslar ac qalırdı, sonradan Qarbaçov onları oyadıb dedi ki, daha bəsdir. İndi də buna bənzər bir şey baş verəcək.
- Rusiya siyasətində Putinin Ukrayna siyasətinə, ümumiyyətlə siyasi sistemə qarşı çıxan yoxdur?
- Hələki yoxdur. Çünki xalq da Putin kimi düşünür. Rusiya xalqı da ağalıq etmək istəyir. Mənim fikrimcə, beynəlxalq aləm bunu onlara anladacaqlar.
- Ukrayna ərazisinin bir hissəsini itirməklə azadlığına qovuşacaq?
- Belə bir hal ola bilər. Ancaq bu müvəqqəti haldır. Mənə elə gəlir ki, sonda Rusiyanı yerində oturdacaqlar və bu regionlar öz sahiblərinə qayıdacaq.
- Rusiyaya qarşı sanksiyalar haqqında danışdınız. Sizə elə gəlmirmi ki, regionda Rusiya, Azərbaycan və Türkiyə yaxınlaşması baş verir?
- Məncə, Azərbaycanı bura daxil etmək olmaz. Fikrimcə, Rusiya-Türkiyə yaxınlaşmasına balaca bir sferada baş verən iqtisadi əlaqələr kimi baxmaq lazımdır. Türklər gəlib Rusiyada tikirlər, biznes həyata keçirirlər. Yaxınlıq bu səviyyədədir. Yüksək səviyyədə yaxınlıq yoxdur. Nəzərə alın ki, Türkiyə NATO-nun üzvüdür. Lazın gəlsə, Türkiyə lazımlı tərəfdə duracaq. Türklər çörəyi qulağına yemir, bilirlər ki, Rusiya nə istəyir. Nəzərə alın ki, Rusiya elə Türkiyəni də ələ keçirmək istəyir. Bu səbəbdən də Ermənistanı saxlayır. Əslində regionda Ermənistan Türkiyəyə qarşı forpostdur. Bunu bilən Türkiyə Rusiyaya necə yaxınlaşa bilər? Məncə, mümkün deyil. Sadəcə iqtisadi sahədə türklər bizneslərini qurublar və pul qazanırlar. Amma böyük məsələlərdə bu əməkdaşlıq olmayacaq.
- Ermənistanda baş verən aksiyaları necə qiymətləndirirsiniz?
- Aksiada iştirak edənləri, ermənilərin ayılmış hissəsi hesab etmək olar. Onlar küçəyə çıxaraq yaxşı gələcək tələb edirlər. Onlar görürlər ki, indiki erməni hakim elitasının apardığı siyasətin gələcəyi yoxdur, xalq pis durumdadır. Ancaq aksiya keçirənlər çoxluq təşkil etməsə də, ortadadırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?