Müəllim adına yaraşmayan ifadələrin zəngin olduğu sənədlər heyrət doğurur; Professor şok şikayət yazdı
Bədirxan Musayev: “Mən ikili oyun oynayanlara qarşı həmişə açıq sözümlə çıxmışam və hesab edirəm ki, kişinin yalnız bir sifəti, bir amalı olar!”
«Gündəm Xəbər»in ötən sayında Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru, hazırda Milli Məclisin komitə sədri və sözügedən universitetin kafedra müdiri olan Şəmsəddin Hacıyevə yönəlik ittihamla bağlı yazı dərc olunub. Həmin yazıda şikayətçi professor Bədirxan Musayev təhlükəsizliyinə zəmanət veriləcəyi təqdirdə, ölkədə ikinci Gülər Əhmədova olayını təkrarlaya biləcəyini bəyan eləmişdi. Professor deyirdi ki, onun əlində Şəmsəddin Hacıyevin milyonlarla manatın əks olunduğu korrupsiya və rüşvət hallarını təsdiq edəcək faktlar var:
«Görün, bu adam korrupsiya yolu ilə topladığı milyonlara nə qədər arxayın olub ki, özünü tam cəzasızlıq mühitində hiss edir və açıq şəkildə «Azərbaycanda hər hansı bir hakim mənə qarşı çıxa bilməz», - deyə, ultimativ dildə danışır. Hətta utanmadan “Bədirxan Musayevə “Vətən
xaini”ni damğası vuraraq qovmuşam” deyir. Dövlətin ali qanunlarını pul və mandat gücünə özünün məşğuliyyətinə çevirən Şəmsəddin tutduğu vəzifələrdən sui-istifadə etməklə, hamar həyatının sonadək belə gedəcəyini düşünür. Sizi əmin edirəm ki, həyatıma, təhlükəsizliyimə zəmanət verilərsə, Azərbaycanda ikinci “Gülər Əhmədova sindromu”nun baş verməsi qaçılmazdır, Başqa məsələləri hələ demirəm. Mənim təhlükəsizliyimə zəmanət verilərsə, Şəmsəddin Hacıyevin rektorluğu dövründə İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almasını sübut edə bilərəm. Təkrar edirəm, Baş Prokurorluq əməliyyat-istintaq komissiyası yaratsın, orada mənim və ailəmin təhlükəsizliyinə təminat verilərsə, mən, qeyd edilən milyonlarla manat vəsaitin mənimsənilməsi faktlarını nöqtə-vergülünə qədər sübutlar şəkilində təqdim edə bilərəm. Şəmsəddin Hacıyevin özü də əla bilir ki, mən bu və ya digər faktlardan dəqiqliyi ilə məlumatlıyam. Ona görə barəmdə aidiyyatı qurumlara yanlış məlumatlar verərək, özünü «təmiz»ə çıxarmaq istəyir. Çox təəssüf ki, rəsmi qurumlardan yalnız Milli Təhlükəsizlik Nazirliyi şikayətlərimə müəyyən qədər operativ yanaşıb».
Bu və ya digər məsələlərlə bağlı yenidən «Gündəm Xəbər»ə üz tutan iqtisad elmləri doktoru Bədirxan Musayev bu dəfə də şok faktlar açıqlayıb. Qəzet vasitəsilə Prezident İlham Əliyevə, ölkənin 1-ci xanımı Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Ədliyyə naziri Fikrət Məmmədova, Təhsil naziri Mikayıl Cabbarova, İqtisad Universitetinin rektoru Ədalət Muradova şikayət edən B.Musayev yazır ki, İqtisad Universitetinin sabiq rektoru Ş.Hacıyev 2011-ci ildə onu fiziki cəhətdən məhv etdirmək istəyib: «O, bunu yaxın ətrafının vasitəsilə etmək istəyirdi. Hətta bu adam özünü o qədər toxunulmaz hesab edirdi ki, mənə sui-qəsd təhrikini rəsmi protokollara daxil etdirməkdən çəkinməyib. Amma möhtərəm prezident, Sizin göstərişiniz əsasında Daxili İşlər Nazirliyi mənə sui-qəsdin qarşısını ala bildi. Bundan sonra Şəmsəddin Hacıyev mənə “vətən xaini” damğası vurub, Vətəni tərk etməyə məcbur etdi. Siz onu vəzifəsindən azad etməklə bunun da qarşısını aldınız. Bunlara görə Sizə minnətdarlığımı bildirirəm. İndi isə milyardları hesabına məhkəmə hakimləri və onların sədrlərini satın alaraq, məni mənəvi cəhətdən məhv etmək istəyir. Ş.Hacıyev tərəfindən mənə yönəlik üçüncü təhlükəsindən də məni qurtarsanız, rüşvətxorlara qarşı mübarizə aparan və məni ddəstəkləyən universitetin müəllimləri və ictimaiyyət nümayəndələri də Sizə sonsuz minnətdarlıqlarını bildirəcəklər. Mən isə Sizin ədalətli möqeyinizi dünya mətbuatında işıqlandıracağam. Təsadüfü deyildir ki, cari mətbuatda dəfələrlə qeyd edirlər ki, konstitusiyaya əməl olunsa, məhkəmə sistemi alverxana mərkəzinə çevrilməsə, Ş.Hacıyev çoxdan həbs olunardı».
Professor bu günlərdə universitetə qanunsuz buraxılmaması və haqqının bərpa edilməsi üçün İqtisad Uiversitetini məhkəməyə verdiyini də məktubuna əlavə edib:
«Hörmətli cənab Prezident! Pozulmuş hüquqlarımı bərpa etmək üçün Səbail rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldım. Burada məqsədim təkcə öz haqqımı bərpa etmək deyildi. Mən eyni zamanda Şəmsəddin Hacıyevin evimə göndərdiyi minnətçilərinin dediklərini dəqiqləşdirmək üçün də belə bir addım atdım. Hansı ki, Şəmsəddin Hacıyev yaxın adamları vasitəsi ilə mənə xəbər göndərir ki, yeni rektor Ədalət Muradov məni ona görə universitetə bərpa edib, buraxılmağımı təmin etmir ki, mən keçmiş rektora qarşı mübarizəmə fasilə verərəm. Yəni Ədalət Muradov məniim Şəmsədin Hacıyevlə «döyüşməyim»də maraqlıdır ki, öz şəxsi maraqlarını universitetdə rahat şəkildə təmin etsin. Nəticə etibarı ilə Şəmsəddin Hacıyev və onun universitetdə 10 il ərzində milyonlar sahibi etdiyi çevrəsi yeni rektorun yeni planlarına mane ola bilməsin. Açığı, mənə Şəmsəddin Hacıyevlə Ədalət Muradovun aralarındakı münasibətlər zərrə qədər maraqlı deyil. Mən ikili oyun oynayanlara qarşı həmişə açıq sözümlə çıxmışam və hesab edirəm ki, kişinin yalnız bir sifəti, bir amalı olar! Ancaq eyni zamanda, mən, keçmiş və indiki rektorların gizli qarşıdurmasında alət olub-olmadığımı, həmçiinin yeni rektorun mənim haqlı mübarizəmə dəqiq rəyini öyrənmək üçün, yuxarıda qeyd etdiyim kimi, məhkəməyə üz tutdum. Beləliklə, Ədalət Muradovu da məhkəməyə verdim. Elə ilk gündən də maraqlı vəziyyətlə üzləşdim. Belə ki, bu dəfəki iddia ərizəm də baxılması üçün Şəmsəddin Hacıyevin pulunun və mandatının təsiri altında olan hakim Zaur Əliyevə həvalə edildi. Bu, o Zaur Əliyevdir ki, iki il əvvəl mənim Şəmsəddin Hacıyevə qarşı şikayətimdə nəinki bir vəsatətimi qəbul edib, hətta açıq cinayət faktlarının əks olunduğu video diskə baxıb, bunu müzakirəyə çıxarmaqdan da imtina edərək, tamamilə qanunuz qərar verib. Bu və ya digər təkzibolunmaz dəlilləri əsas tuttub, Səbail məhkəməsinin sədri Araz Hüseynova rəsmi müraciət edib, hakim Zaur Əliyevin işə baxmasına etirazımı bildirdim. Bununla bağlı vəsatətim belə idi:
«Hörmətli Araz müəllim! İqtisad Universitetinin sabiq rektoru Ş.Hacıyevin və onun sabiq banda üzvlərinin cinayətləri ilə əlaqədar Sizə 10 dəfədən çox müraciət etmişəm. Hakimlər Ş.Hacıyevin maddi marağının təsiri altına düşdüklərindən bütün qərarlarda ona haqq qazandırmışlar. Cənab Prezident isə həmin məhkəmə qərarlarının əsassız olmasını Ş.Hacıyevi vəzifəsindən azad etməklə təsdiq edib. Onun yerinə professor Ədalət Muradovu təyin olunub. Professor Ədalət Muradov isə sizin hakimlərin vaxtı ilə haqq qazandırdığı Ş.Hacıyevin təhlükəli banda üzvlərindən 20-yə qədərini işdən
azad edib. Diqqətinizə çatdırım ki, Zaur Əliyev rüşvət kompaniyasında bir dəfə fəal iştirak edib. Onun qərarı da cənab Prezident tərəfindən verilən sərəncamla adi kağız parçasına çevrilib. Ona görə ikinci dəfə Zaur Əliyevi «rüşvət toplama komissiyası»na cəlb etmənizin heç bir hüquqi əsası yoxdur. Çünki, Zaur Əliyev mənim təqdim etdiyim inkarolunmaz sənədləri araşdırmadan Ş.Hacıyevin saxta sənədləri əsasında saxta qərar qəbul etmişdir. Videokasetin nümayiş etdirilməsi təklifimizdən imtina etmişdir. İşin mahiyyətini açmaqda səviyyəsizlik göstərirdi və i.a. Mənim yeni iddia ərizəmlə əlaqədar olan iclasın Zaur Əliyev tərəfindən aparılmasından imtina edirəm. Nəzərə almanızı xahiş edirəm».
Lakin bu qədər açıq vəsatətimə rəğmən, Araz Hüseynov maddi marağın təsiri altına düşdüyündən mənə yazılı imtina cavabı verməkdən boyun qaçırdı və işi yenidən Zaur Əliyevə həvalə elədi.
Hörmətli cənab Prezident! Bunlar azmış kimi, İqtisad Universitetinin hüquq şöbəsinin müdiri Kəmalə Bünyadova xəcalət çəkmədən, utanmadan saxtakarlıq cinayəti törədərək 12/II-2015-ci il saat 1230-da Səbail rayon Məhkəməsində Universitetdən aldığım və Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyevə təqdim etdiyim sənədlərin saxta olmasını sübut etməyə cəhd göstərdi. Ancaq 30.06.2014-cü ildə İqtisad Universitetinin rektoru professor Ədalət Muradova “Konstitutsiyanın 50.1.maddəsinə əsasən seçki komissiyasının 1/XI-2011-ci il tarixli 6 nömrəli protokol, aktı və videokasetin təstiq olunmuş surətinin bizə çatdırılması üçün göstəriş vermənizi xahiş edirəm” məzmunlu teleqram vurmuşam. Bununla əlaqədar 15 iyul 2014-cü il ümumi işlər üzrə prorektor Ə.İ.Əzizovdan aldığım cavab belə olub: “Musayev Bədirxan Sarı oğlunun Azərbaycan Dövlət İqtiusad Universitetinin rəhbərliyinə göndərdiyi teleqramadakı istəyinə əsasən Universitetdə kafedra müdiri və fakültə dekanı vəzifəsini tutmaq üçün yaradılmış müsabiqə komissiyasının 01.11.2011-ci il tarixli iclasının 6 nömrəli protokolundan “İqtisadi Kibernetika” kafedrası üzrə çıxarışı və həmin iclasda tərtib edilmiş aktın təstiq olunmuş surətini sizə təqdim edirik.
Məlumat üçün bildiririk ki, iclasın gedişatında çəkilmiş video-disk həmin protokoldan çıxarışın əlavəsi kimi işə bərpa məsələsinin müzakirəsi zamanı Bakı şəhəri Səbail rayon Məhkəməsinə təqdim edilmişdir. Bu səbəbdən videokasetin surətini sizə təqdim etmək imkan xaricindədir».
Bəli, universitetin yeni prorektoru Ə.Əzizovun məktubundan da görünür ki, bu təkzibolunmaz sənədlərdən bəziləri mənə yeni rəhbərlik tərəfindən rəsmi təqdim edilib. Ancaq Kəmalə Bünyatovun şifahi şəkildə dediyi yalanları özünə müdrik poza verərək, qəbul edən hakim Zaur Əliyev, mənim təqdim etdiyim bu və ya digər sənədləri qəbul etməməklə, qərəzli və rüşvətin təsiri altında olduğunu təsdiq etdi».
Universitetin yeni rektorunun Şəmsəddin Hacıyevlə nifaqının səbəbini bilmədiyini deyən Bədirxan Musayev bildirir ki, burada hansısa gizli məsələnin olması faktdır: «Görün, vəziyyət nə həddə çatıb ki, mən Ədalət Muradova elmi şşuraaa iştiirakımın təmin edilməsi üçün rəsmi xahiş edəndə, o, qanunsuz olsa da, bunun mümkün olmadığını bildirib. Bunun rəsmi cavabını istənilən an istənilən dövlət qurumuna təqdim edə bilərəm. Məhkəmədə isə Ədalət Muradovun vəkilliyini edən hüquqşünasdan daha çox, hakim rolunu oynayan əməkdaşı Kəmalə Bünyatova mənim “binalara buraxılmıram» iddiamın yalan olduğunu xəcalət çəkmədən deməklə, rektorun üzərində rektor olduğunu nümayiş etdirdi. Möhtərəm Prezident, bu və ya digər məsələləri dəqiq diqqətinzə çatdırmaq üçün məni 15 dəqiqə qəbul etməniz yetər, sizə bunların hamısını sənədlərlə təqdim edə bilərəm. Sadəcə mənə ağır gələn odur ki, əgər Ədalət Muradovun Şəmsəddinlə «haqq-hesabı» varsa, buna ikili oyun oynamaqla məni qarışdırmasın. Mən vasitə olacaq adam deyiləm. Mən, sadəcə öz halal haqqımı tələb edirəm. Və açığı Ədalət Muradovdan bu dərəcə ədalətsizlik gözləməzdim. Bəli, bu o Ədalət Muradovdur ki, o, təyinatından sonra iki dəfə məni qəbul edən zaman binanın girişindən qəbul otağında kimi və qəbul otağından binadan çıxana qədər məni mühafizə ilə müşayət etdirib. İkinci dəfə qəbul zamanı ondan xahiş etdim ki, 60 il 15 rektorla bütün vəzifələrdə işlədiyim binalara daxil olmağa icazə verəsiniz. Cavabı bu oldu ki, bufetdə çay içməyə icazə verə bilərəm. Belə bir davranışdan sonra ona cavab verməyi özümə təhqir hesab etdim. Və düşündüm ki, Ədalət Muradov adına uyğun ədaləti bərpa edəcək. Amma görürəm ki, o da Şəmsəddin Hacıyevdən fərqlənən adam deyil».
Sonda professor bildirib ki, Şəmsəddin Hacıyevin saytlarda onu «Bədirxan Musayevə vətən xaini damğası vuraraq işdən qovmuşam» və digər cinayət tərkibi ifadələrlə təhqir etməsinə görə iki maddə ilə iş qaldırılıb: «Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən onun məsuliyyətlə cəlb olunması və təkzib verməsini tələb etmişəm. Həmin məhkəmə işi hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə baxışa
qəbul olunub. Ümid edirəm ki, bu hakim ədaləti «haqqı» alınmadan bərpa edəcək».
Onu da qeyd edək ki, Bədirxan Musayev «Gündəm Xəbər»ə video-disklər, bəzi sənədlər, universitetin seçki komissiyasının akt və protokollarını, həmçinin 8 fakültədə təhsil müəssisəsinə və elm adamlarına yaraşmayan təhqirlərin əks olunduğu protokolları da təqdim edib. Həmin sənədləri oxuduqca heyrətə gəlməmək mümkün deyil. Bu sənədləri nöqtə-vergülünə toxunmadan növbəti saylarımızda olduğu kimi oxucuların müzakirəsinə buraxacağıq».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?