Bakı Apellyasiya Məhkəməsində “ZaminBank” ASC-nin Cənub filialının vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, “ZaminBank” ASC-nin Cənub filialının müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəyiblər.
Müşfiq Bayramov Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərova və xəzinə müdiri Mehriban İsmayılova isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunublar. İstintaq dövründə dəymiş ziyanın 41 300 manatının ödətdirilməsi təmin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlar məhkəmə zalından azad ediliblər. Lakin apelyasiya şikayəti verən təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hakim Rizavan Səfərovun sədrliyi ilə keçirilən prosesdə
qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?