İlham Əliyev: “Bələdiyyələr yerlərdə sosial problemləri həll etməklə deyil, yalnız sənədlərə möhür vurmaqla məşğul olurlar”
Bu gün sadə vətəndaşların üz-üzə qaldığı olaylar içərisində sosialyönümlü problemlərin varlığı olduqca çoxluq təşkil edir desək, yəqin ki, yanılmarıq. Yəni, sadə vətəndaş hansısa xoşagəlməz olayla üz-üzə qalır, bu zaman istəyir ki, probleminin həllində aidiyyəti qurumlardan dəstək ala bilsin. Amma, bu baş vermir. Səbəb də o olur ki, əksər dövlət və yaxud da qeyri-dövlət qurumlarında vəzifə daşıyanlar, sadə vətəndaşların problemlərinə biganəlik göstərirlər, hətta yeri gələndə sayğısızlıq bəsləməkdən belə çəkinmirlər. Ona görə də, sadə vətəndaşların çoxu problemlərinin həllini digər ünvanlarda axtarmaqla bərabər, əksər hallarda onun ictimailəşməsinə də çalışırlar.
Məsələn, bu günədək üzləşdiyi sosial probleminin həllinə heç cür nail ola bilməyən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsi ev-3v ünvanında yaşayan Məmmədova Təranə Əmircan qızı da, belə sakinlərdən biridir. O, redaksiyamıza ünvanladığı şikayət ərizəsində bildirir ki, “biz 2008-ci ildə Biləcəri qəsəbə bələdiyyəsinin müvafiq sərəncamı əsasında, qeyd olunan ünvanda torpaq sahəsi alıb 55kvm-lik birmərtəbəli yaşayış evi tikdik. Ailəlikcə bir neçə il həmin evdə yaşasaq da, 07 yanvar 2014-cü il tarixdə yaşadığımız ev yandı və tam yararsız hala da düşdü. Baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi, Əməliyyat-İstintaq İdarəsinin əməkdaşları həmin gün hadisə yerində oldular və yanğınla bağlı ailəmizə müvafiq arayış da təqdim etdilər. Ailəmiz olduqca kasıb ailə olduğundan, yanmış evin təmirini həyata keçirə bilmədik və son anda kirayələrdə yaşamağa məcbur olduq”.
Hal-hazırda üç övlad anası olan Təranə Məmmədova onu da bildirir ki, “oğlumun biri Daşkəsən rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdədir, digəri fəhləliklə məşğul olur, qızım isə ağır xəstədir. Ailəmizin dolanışıq vəziyyəti olduqca ağır olduğundan, bu gün dolanışığımızın özü bir problemdir. Elə bu səbəbdən də, yanmış evimizin təmirinə kömək məqsədilə bir neçə dəfə Biləcəri qəsəbə bələdiyyəsinin sədri İlham Xəlilova müraciətlər etsək də, daşdan səs çıxdı, amma bələdiyyədən bir səs-soraq çıxmadı. Belə olan təqdirdə məcbur olduq ki, Prezident Administrasiyasına, Heydər Əliyev Fondunun rəhbərliyinə və digər qurumlara yazılı müraciətlərimizi ünvanlayaq. Düzdür, ünvanladığımız müraciətlərlə əlaqədar Biləcəri qəsəbə bələdiyyəsinin səlahiyətliləri, yanmış evimizin şəklini çəkib köməklik edəcəklərinə söz versələr də, son anda onlar tikintilərdən sökülmüş bir neçə taxta parçaları verməklə, istəklərini bu qayda ortaya qoydular”.
Diqqəti cəlb edən hal odur ki, Biləcəri qəsəbə bələdiyyəsinin rəhbərliyi problemin həllində Məmmədovlar ailəsinə bəslədiyi sayğısızlığı, istər Prezident Administrasiyasından, istərsə də Heydər Əliyev Fondundan köməklik göstərilməsi üçün
göndərilmiş cavab məktublarına da bəsləyir. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən Biləcəri qəsəbə bələdiyyəsinin vəzifə funksiyası nələrdən ibarətdir ki, adicə sadə bir ailənin müraciətinə belə məhəl qoymur? Axı, mövcud təlimatda, bələdiyyələrin vəzifə funksiyalarını tənzimləyən qanunvericilikdə bildirilir ki, “bələdiyyələr əhatə etdikləri ərazi hüdudunda əmələ gələn sosial problemlərin həllinə birbaşa cavabdehlik daşıyırlar”. Bu belə olduğu halda, İlham Xəlilovun sədrlik etdiyi Biləcəri qəsəbə bələdiyyəsinin fəaliyyətinə nə ad vermək olar?
Əksər bələdiyyələrin belə bir fəaliyyətsizliyi, hələ bir neçə gün bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyevin dilindən də səsləndi. O, bildirdi ki, “bələdiyyələr yerlərdə sosial problemləri həll etməklə deyil, yalnız sənədlərə möhür vurmaqla məşğul olurlar”. Bəli, ölkə rəhbərinin belə bir yanaşması əslində reallığı əks etdirən yanaşmadır ki, bu gün də bunları Biləcəri qəsəbə bələdiyyəsinin fəaliyyətsizliyə söykənən fəaliyyətində açıq-aydın görmək mümkündür. Əgər bu belə olmasaydı, o halda 07 yanvar 2014-cü il tarixdə yanmış evinin təmirinə köməklik göstərilməsi üçün, Təranə Məmmədovanın etdiyi müraciətə doğru-dürüst cavab verilərdi. Amma....
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?