Gədəbəy Qİİ-ni rəisi Məzahir Hüseynov isə bu prosesdə başçıya yaxından kömək edir
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun bu rayonda israrla həyata keçirdiyi talançılıq fəaliyyəti, öz neqativ təsirini rayonun bütün idarə və təşkilatlarının işinə göstərməkdədir. Məlum olduğu kimi, artıq iki ilə yaxındır ki, ölkənin əksər informasiya vasitələrində, o cümlədən bizim qəzetin səhifələrində Ramiz Yediyarov və onun komandasının Gədəbəy rayonuna divan tutması haqqında kifayət qədər məlumatlar dərc olunur. Lakin bütün bunlara rəğmən, Ramiz Yediyarov bu gün də Gədəbəy rayonunun icra hakimiyyətinin başçısıdır. Və gədəbəylilər hələ də başa düşə bilmirlər ki, bu yarıtmaz məmuru kimlər müdafiə edir? Redaksiyamıza daxil olan məlumatlarda isə Ramiz Yediyarovun növbəti mənimsəmə subyektlərindən birindən, Gədəbəy rayonu Qaz İstismar İdarəsindən və bu idarənin rəisi Məzahir Hüseynovun əməllərindən bəhs olunur. Mənbələr iddia edirlər ki, Ramiz Yediyarovun yaxınlarından sayılan, əslən Şəmkirli olan Qİİ rəisi Məzahir Hüseynov başçının xoşuna gəlmək üçün hər cür qanunsuzluğa əl qoymaqdadır. Xüsusi olaraq daxil olan məlumatlarda “Azərqaz” QSC-nin rəhbərliyi xəbərdar edilir ki, Məzahir Hüseynov kimi yarıtmaz kadr bu rayon üçün gələcəkdə daha böyük təhlükələrə səbəb ola bilər. Etibarlı mənbənin verdiyi məlumata görə Gədəbəy Qaz İstismar İdarəsində külli miqdarda mənimsənilmələr var. Belə ki, guya təmir işləri adı altında xeyli sayda qaz borularına vəsaitlər yazılır və heç bir təmir aparılmadan ayrılan vəsaitlər mənimsənilir. Həmçinin məlumatda bildirilir ki, Məzahir Hüseynov Gədəbəy şəhərində bir neçə deşilmiş sayğacların aşkarlanmasına baxmayaraq, həmin obyekt və ev sahiblərindən müəyyən miqdarda rüşvət alaraq, onlara dövlətə keçiriləcək heç bir cərimə tətbiq etməmiş və həmin müdaxilə edilmiş sayğaclar əvvəlki vəziyyətində qalaraq, Məzahir Hüseynova verilmiş rüşvətə görə eləcə də işləyir. Gədəbəy Rayon İcra Hakimiyyətində hər həftənin 5-ci günü baş tutan qəbullar zamanı, hər dəfə yüzlərlə gədəbəyli Məzahir Hüseynovdan və Qaz İstismar İdarəsinin işindən şikayətçi düşür. Lakin şikayətçilər yalan vədlərlə sakitləşdirilir, Məzahir Hüseynova isə gözün üstündə qaşın qaradır deyən olmur. Bunun da əsas səbəbi, Qİİ rəisinin yığdığı pulların böyük bir hissəsini məhz icra başçılsına təqdim etməsidir. Belə olmasaydı, Gədəbəydə bu sahə üzrə kifayət qədər kadrın olmağına baxmayaraq, Şəmkirdən gələn Məzahi Hüseynov qaz idarəsininrəhbərliyinə qoyulmazdı. Və əgər Məzahir Hüseynov bu vəzifəyə təyin olunmasaydı, bu yaxınlarda darədə keçirilən test imtahanından keçə bilməyən bir neçə şəxs də rüşvət verərək qeyri-qanuni öz işlərində saxlanmazdılar. Əslində bu gün Gədəbəydə heç bir təşkilat fəaliyyət göstərmir. Bütün təşkilatların fəaliyyət növü yalnız rüşvət alıb icra başçısını razı salmaqdan ibarətdir. Amma bizim Gədəbəy Qİİ-nin işini xüsusilə vurğulamaqda məqsədimiz budur ki, “Azərqaz”ın rəhbərliyi Məzahir Hüseynov haqqında, nə qədər gec deyil, tədbir görsün. Yoxsa, Məzahir Hüseynov xalqın kasıb hissəsini “Azərqaz”ın üstünə qaldırır. Belə ki, 100-200 manat borcu olan kasıb vətəndaşlara qazın nəqli dərhal dayandırılır. Ancaq Məzahir Hüseynovun məmur dostlarına məxsus kommersiya obyektlərinin 1000-2000 manat borcu olsa belə, həmin müəssisələrə qaz nəqli davam etdirilir. Ramiz Yediyarov da bu işlərin müqabilində heç olmasa ayda bir dəfə qaz idarəsinin müdiri ilə hesablaşır/Ümimmilli lider Heydər Əliyevin dahiyanə deyilmiş bir sözü hələ də qulaqlarımızdadır: “Dövlət o vaxt çətinə düşür ki, cinayətkar cəzasız qalır, günahsız cəzalandırılır”. Bu gün demək olar ki, Gədəbəy rayonunda cinayətkarlar cəzasız qalıb, günahsızlarsa cəzalandırılıb. Əhalinin min bir əziyyətlə tikdirdiyi ictimai iaşə obyektləri, ticarət mərkəzləri Ramiz Yediyarovun məmurları tərəfindən darmadağın edilir, Ramiz Yediyarov qanunsuz əməlləri haqqında yuxarı instansiyalara müraciət edən Vaqif Səfərovun gəlini Jalə Səfərova bülletendə ola-ola, qeyri-qanuni məktəb direktoru tərəfindən heç bir səbəbi olmadan işdən azad olunur. Heydər Əliyev adına Gədəbəy rayon parkının içində külli miqdarda rüşvət hesabına 26 şam ağacı kəsilir və çayxana tikilir. Demək olar ki, böyük bir ərazı Ramiz Yediyarov və onun əlaltıları tərəfindən zəbt olunur. Bütün bunlar Gədəbəydə məmur zülmünün ərşə dirəndiyini bir daha sübut edir. Gədəbəylilər isə hələ də bu zülmdən nə zaman qurtulacaqlarını səbirsizliklə gözləyirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?