Əliyevin “boz islahatları” müvəqqəti ağrıkəsici effekti verəcək və avtoritarizmdən demokratiyaya keçid mifologiyadır...
Xalqlar zülmkar hakimiyyətləri heç vaxt bağışlamır. Fürsət düşən kimi qəzəbli xalq kütlələri qisas şansını əldən vermir, amansız bir düşmənə çevrilir və illər ərzində yığılıb atomlaşmış etirazını ən hiddətli şəkildə rejimlərə göstərməklə onları tarixini zibilliyimə yollayır.
Müşavirəyə bir “quş”?
Prezident Əliyev də seçki ilində ölkədə gedən son prosesləri, hakimiyyəti üçün yaranmış təhlükəli hadisələrin cərəyan etdiyini analiz edib “boz islahatlar”a məcbur oldu. Onun son müşavirəsində məmurlara barmaq silkələməsinə ilk gündən verdiyimiz proqnoz özünü doğrultdu. Yazmışdıq ki, Əliyev müşavirədə komandasını danlamasının, onlara qulaqburması verməsinin ardınca əməli addım atmasa bu müşavirəyə bir “quş”. Odur ki, müşavirədən sonra eyforik təhlil yazmağa lüzum görmədik, gözlədik. Və çox çəkmədi ki, dediklərimiz birbaşa təsdiqini tapdı. Görünür, Əliyev 2008-ci ildəki xətasını təkrarlamaq riskindən bu dəfə qaçmağı bacardı. Yadınızdadırsa, prezident hələ o zaman maşınlarda qara plyonkaların dərhal sökülməsi barədə qəzəbli şəkildə əmr vermişdi. Amma ölkə başçısının o dövrdəki “radikal” çıxışı blef kimi qarşılandı və bir neçə gün sonra unuduldu. Bu dəfəki müşavirədə isə Əliyev ölçülü-biçili, bütün əhvləri süzgəcdən keçirərək hərəkət etdi: “Harınlamış məmur balaları”, “dəbdəbəli toylar”, “bir də bilsəm kimsə qudurğanlıq edib”, “atası işdən azad olunacaq, özü həbs ediləcək” kimi qulaqbatırıcı qışqırtı dolu mesajlar məmur-oliqarxiyanın ayaqlarını yerdən üzməyə bilməzdi. Gəncənin rəhbəri Elmar Vəliyevin müşavirədə halının pisləşməsi buna bariz nümunədir.
“Dimidrol” və ağrı yerləri...
Əliyev bilirdi ki, bu çıxışından sonra da əməli fəaliyyət görünməsə artıq müşavirələri qeyri-ciddi təsir bağışlayacaq, nüfuzu aşağı düşəcək və sosial şəbəkələrdə lağlağı obyektinə çevriləcək. Çünki indi nə 2008-ci ildir, nə də cəmiyyət əvvəlkidir. Bir haşiyəyə çıxıb “Milyarderlər İttifaqı”nın nümayəndəsi Söyün Sadıqovun müsahibəsindəki bir məqamı xatırlatmağa ehtiyac görürəm. Sadıqov Əliyevin yadına “ərəb baharı”nı salaraq Azəbaycan gəncliyi ilə hesablaşmağa çağırmışdı. Sitat: “Azərbaycan gəncliyi əvvəlki deyil və bütün dövlətlərdə gənclərin mövqeyi nəzərə alınmalıdır”. Bu mənada yerli icra orqanlarında kadr dəyişikliyi, sabiq mandat alverçisi Gülər Əhmədovanın həbsi onun siyasi iradəsinə xeyli dərəcədə müsbət təsir etdi. Ən azından apolitik təbəqəni ələ almaq, sakitləşdirmək üçün qısamüddətli effekt verdi. Bu possovet respublikalarında sınaqdan keçirilmiş təcrübə idi. Lakin son müşavirənin avtoritarizmdən demokratiyaya keçid kimi qiymətləndirənlər ya çox sadəlövhdür, ya da əliqanlı rejimin mahiyyətindən bixəbərdir. İcra başçılarının dəyişdirilməsi heç nəyi dəyişməyəcək və olsa-olsa “dimidrol” rolunu oynayacaq. Müvəqqəti də olsa ağır yerlərini dəyişməklə, sakitləşdirici iynələr vurmaq texnologiyasından istifadə etməklə partlamaqda olan ölkənin şimşəklərini üzərindən çəkdi. Məsələn, Əliyev İsmayıllının icra başçısını vəzifəsində saxlaya da bilərdi. Axı üsyandan 18 gün keçmişdi, rayonda sabitlik zor gücünə bərqərar olunmuşdu, hakimiyyət üçün təhlükə sovuşmuşdu, hadisələrə siyasi don geyindirilib Tofiq Yaqublu ilə İlqar Məmmədov həbs olunmuşdu.
De-fakto sabitlik
Bəs, Əliyev niyə İsmayıllıda kadr dəyişikliyi etdi? İsmayıllı camaatından qorxdu?- Yox. Qərb təşkilatlarının bəyanatlarından çəkindi? - o da yox. Məşhur filmdə deyildiyi kimi “Bəs, Rüstəm bəy Məşədi İbadın nəyinə vurulmuşdu?”. Sadəcə Əliyev dərk edirdi ki, İsmayıllıda dəyişiklik etməsə oradakı zorakılıqla əldə olunan sabitlik de-faktodur və sabah bir başqa bölgədə oxşar vəziyyət yaransa İsmayıllı camaatın yenidən qalxacaq. Eləcə də Gülər Əhmədovanın həbsi YAP-ın və Ramiz Mehdiyevin üstündəki ləkəni silmək cəhdi, guya dövlət səviyyəli cinayətin cəzalandırılması faktıydı. Bununla da Əliyev seçki ilində vaxtı öldürmək, daxildəki narazılıqları “dmidrol” hesabına yatırmaq yolunu kadr “islahatlarında” gördü. Yalnız bu “islahatlar”ın başlanmasına rəvac verən bir amili qırmızı xəttlə altından çizməliyik - xalq etirazları. Əsgər ölümlərinə son aksiyası, “Binə” və İsmayıllı olayları, başqa rayonlardakı gərginlik iqtidara cəmiyyətin müqavimət aktivliyini sübut etdi. Deməli, aksiyaları genişləndirməklə hökuməti daha ciddi addımlar atmağa sövq etmək olar. Bu məqamda müxalifətin yararsızlığını, səfeh məşğuliyyətlərini də qeyd etməliyik. Gedin, xalqal işləyin, əhalini təşkilatlandıran. Bu tezisdən hakimiyyətin payına düşən nüans budur ki, Əliyev başda olmaqla iqtidar unudur ki, kadr “islahatlar”ı ilə ölkə problemlər heç də azad olunmadı. Xalq üçün Gülər Əhmədovalar, Nizami Ələkbərovlar başağırısı deyil. İnsanlar yüksək maaş, pensiya, azad sahibkarlıq, rüşvətsiz təhsil-səhiyyə-gömrük-polis-vergi tələb edir, ədalətli məhkəmə istəyir. Evləri sökülənlər bazar qiymətlərinə uyğun kompensasiya, iş yerləri, gənclər mənzil, yoxsullar ünvanlı sosial yardım, valideynlər əsgərlikdən övladlarının sağ-salamat gəlməsini istəyir. Bütün bunların həllindən sonra Əliyev seçkidə qalib gələ bilər. Bizsə sadəlövh deyilik. Çünki 20 il ölkəni çapıb talamaqla məşğul olan bu hakimiyyətdən sadaladıqlarımızı gözləmək əbəsdir. Dəbdəbəli həyat keçirib, hər yerdə villalar, malikanələr alıb, övladlarının adına banklar, qızıl yataqları qoyub, sonra məmurlara barmaq silkələmək ki, “övladlarına dəbdəbəli ziyafətlər, toylar keçirirlər” demək sadəcə ayıbdır. Buna özündən başlamaq lazımdır, özündən... Aslan
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?