Beynəlxalq Universitetin sökülməsinə start verildu
Azərbaycan Beynəlxalq Universitetini (ABU) sökürlər. Söküntü işləri hələlik universitetin yeməkxanasına şamil olunub. “Olimpiya kafesi” adlanan bu yeməkxananın sökülməsinin səbəbini hökumət Bakı metropoliteni üçün tikilən “Depo”ya görə edildiyini deyir. Ancaq Elşad Abdullayevin yaxınları mülkün özəlləşdirildiyini, bunu heç bir halda sökülə bilməyəcəyini deyirlər. Hətta dövlət əhəmiyyətli obyekt sökülərsə belə buna görə sahibinə kompensasiya verilməlidir. Ancaq Abdullayevlərə bir manat da olsa belə pul ödənilməyib.
İki kompleks buldozerin qabağına verildi
Ötən gün ABU-ya gedib, orada baş verənlərlə maraqlandıq. “Depo” tikintisi ayrılan hissəylə universitetin korpusları arasında hasar çəkilib. Hələlik, söküntü yeməkxanaya və idman komplekslərinə şamil olunub. Artıq yeməkxananın bir tərəfi uçurdulub, idman kompleksi isə hasara alınaraq tez bir zamanda sökülməsi planlaşdırılır. ABU-nun qapıları bağlı olduğu üçün içəri adlamaq çətin idi. Odur ki, bir az ətrafda var-gəl edib söküntü-tikinti işləriylə maraqlanmaq qərarına gəldik. Böyük bir ərazini əhatə edəcək tikintisi aparılan “Depo”ya görə dayanmadan iş gedir. Onlar söhbət etmək qərarına gəlirik. Ancaq jurnalist olduğumuzu bilən kimi hərə öz işinə gedir. “Biz fəhlə adamlarıq, nə deyirlər onu edirik. Desələr buranı sökün, sökürük, tapşırıq verməsələr etmirik” deyib fəhlələr öz işlərinin arxasınca getdilər. Biz isə hasar boyunca hərəkət edib, bu dar cığırın sonunun hara qədər getdiyini görmək qərarına gəldik. Təxminən 200 metr irəlilədikdən sonra uzun bir qazıntıya çatdıq. Bu qazıntı ABU-nun bir mərtəbəli başqa bir tikilisini də yararsız hala salıb. Sonradan öyrəndik ki, bu tikili “Depo”nun özülünə mane olduğu üçün belə hala gətirilib. Hasarın sonunda kiçik yarıq olduğu üçün biz buradan universitetin həyətinə adlandıq.
ABU baxımsız vəziyyətdə...
ABU-nun kopusları hələ ki, sökülməyib. Ancaq bina və həyəti çox pis gündədir. Yerə vurulan daş üzlükləri ot basıb. Həyətdə olan yaşıllıqlar isə məhv olmaq üzrədir. Ərazini kol-kos bürüyüb. Əsas korpus kənardan gözəl görünsə də yaxına gələndə hər şeyin o qədər də füsunkar olmadığı qənaətinə gəlirsən. Hər yer tör-tüküntü içindədir. Binaların qapısından içəri boylananda vəziyyətin arzuolunmaz olduğunu görürsən. Deyəsən, korpuslarda olan bütün əşyaları daşıyıblar. Ancaq qapılar bağlı olduğu üçün bunu dəqiqləşdirə bilmirik. ABU-nun həyətində bir az gəzişib, geri qayıtmaq istəyirik. Ancaq Heydər Əliyevin heykəli bizi fikrimizdən daşındırır. Böyük pullar hesabına başa gələn bu heykəl də universitet kimi toz-torpağın içindədir. Yerə vurulan mərmər döşəmələr isə qopub. Heydər Əliyevin abidəsiylə üz-üzə olan bir neçə görkəmli şəxsiyyətlərin lap kiçik büstləri isə baxımsızlığa hələ ki davam gətirə bilir. Həyətdəki fontanın suyu qurumasa da oradan gələn üfunət iyi nə vaxtsa burada tələbələrin sifətinə çilənən balaca bir hovuzun olduğuna şübhə yaradır.
Firmaları ofislərdən çıxardırlar
Toz-torpaqlı, baxımsızlıq üzündən yararsız hala düşən, bir vaxtlar minlərlə tələbənin üz tutduğu bir məkanın əvvəllər böyük, indi isə kiçik qapısında çölə atlanırıq. ABU-yla bağlı problemlər təkcə bununla bitmir. Universitetin 7-ci korpusunu icarəyə götürən firmalar da ofisdən çıxarılıb. Bunu isə bizə orada keçən həftəyə qədər mənzil alqı-satqısı kimi fəaliyyət göstərən firmalardan birinin rəhbəri dedi. Onun sözlərinə görə, ötən həftə onlara bildirilib ki, icarə müqaviləsinin ləğvi ilə bağlı “yuxarı”dan tapşırıq gəlib. Tapşırığa əsasən vaxtı ilə universitetin tarix, hüquq və beynəlxalq münasibətlər fakültələrinin yerləşdiyi binada fəaliyyət göstərən firmalar köçməyə məcbur olublar. “Bizə dedilər ki, gələn həftədən köçməlisiniz. Sizinlə bağlnamış müqavilələr birtərəfli qayda da dayandırılır. Başqa yerdə özünüzə kirayəyə yer tapın”, - deyə universitetdə yer götürmüş firmalardan birinin sahibi deyir. Məlumatlara görə, ofislər burada aylıq 200-250 manat kirayə qalırdılar. ABU-nun yaxınlığında yerləşən və Elşad Abdullayevə məxsus ABU klinikasının qapıları da qıfıllanıb. Sonuncu parlament seçkiləri zamanı sözügedən ünvan seçki məntəqəsi kimi istifadə olunub. ABU bağlanandan sonra diplomlarının ala bilməyən tələbələr və onların valideynləri bir müddət universitetin qarşısına gəlirdilər. İndi isə heç kim gözə dəymir. Çünki attestatlarının qaytarılması və diplomların həll edilməsi məsələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına yönəldilib.
Sona qədər mübarizə...
Hazırda Fransada mühacirətdə olan universitetin rektoru Elşad Abdullayevin Heydər Əliyevin adını daşıyacaq parkın salınması ilə bağlı aldığı torpaq sahəsi isə Bakı Metropoliteninə verilib. ABU-nun yaxınlığında məskunlaşmış məcburi köçkünlər bir müddət əvvəl mənzillərindən çıxarılmışdı. Onlara bazar qiymətlərindən qat-qat aşağı kompensasiya ödənilib. Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin işini araşdıran, blogger Elnur Məcidli ABU-da olan söküntü işlərini universiten rektorunun yaydığı videolarla əlaqələndirir: “Son videodan sonra bunlar hücuma keçdilər. Buna bənzər təzyqilər çox olur. Ancaq onlar bilməlidir ki, cinayət işini bir kənara qoyub təzyiqlərlə Elşad müəllimi susdura bilməyəcəklər. Əksinə, daha çox video ictimailəşəcək”. Elnur Məcidli deyir ki, bundan öncəki və sonrakı qanunsuz addımlara qarşı hüquqlarını Elşad Abdullayev məhkəmədə axtaracaq: “Hər bir qanunsuzluğu Avropa Məhkəməsinə qədər gətirməkdə qərarlayıq”. Qeyd edək ki, 2010-cu ilin sentyabrın 1-də Təhsil Nazirliyi ABU-nun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Səbəb kimi isə məktəbin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanları göstərib. Hazırda xüsusi dövlət mülkiyyətinə keçirilən universitetin inzibati binası və mülkiyyətində olan torpaq sahəsi 50 milyon manatdan çox qiymətləndirilir. Qeyd edək ki, ABU ölkədə ən böyük əraziyə malik olan təhsil müəssisələrindən biri olub. Onun 5 inzibati korpusu, 100 hektardan artıq torpaq sahəsi var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?