Bir boşboğaz zəhərlənmə iddiasını ortaya atır, qardaşı oğlu bunu körükləyir, qardaşı ziddiyyətli danışır, kürəkəni cavab verir, oğlu da nala-mıxa vurur
Və diqqətlə fikir verin - mərhum Elçibəyin müqəddəs ruhunu incidənlərin hər biri ən doğma adamlarıdır: “ Atmacalarınızdan, hədyanlarınızdan, ittihamlarınızdan yorulmuşuq”
“Orda - uzaqda bir yol var...” demişdi bir vaxtlar mərhum Əbülfəz Elçibəy. Nə biləydi ki, çox uzaqda olan mübarizə yolu onun vəfatından sonra kimlərinsə maraqlarına görə ziq-zaqlı, əyri, çala-çuxur, kələ-kötür bir yola çevriləcək. Elədir ki var. Bu gün çoxlarının dilindən düşməyən “Elçibəy yolu” kəlməsi sadəcə sui-istifadə, şəxsi mənafelərin siyasi qiyafədə alət olunmasıdır. Nədir Elçibəy yolu? Hardan başlayır, harda bitir? Kimlər gedə bildi bu yolu?
***
Mən bu məqaləni yazanda ideoloji baxışımı bir kənara qoyub qərəzsiz mövqe saxlamağa çalışdım. Bunu nə dərəcədə bacardığımı bilmirəm. Amma millətçilikdən uzaq biri kimi Elçibəy yoluna bir işıq salıb vəfatından sonrakı yola baxmağa lüzum gördüm. Və mütəəssir oldum, heyfsləndim, min lənət dedim. Çünki Elçibəy yolu deyib “ağzına çullu dovşan sığmayanlar” rəhmətliyin ruhunu hər addımda incidir, onun əməllərinə kölgə salır, gözdən düşürməyə çalışır. Özü də bunu edənlər Elçibəyə yaxınlıqca 3 ya 4-cü dərəcəli adamlar deyil. Birbaşa ən yaxın qohumlarıdır. Bu adamların rəzil çıxışlarını, gündəmdə qalıb boşboğaz sözlərini oxumaqdan bezmişik. Vaxtilə hökumətində nazir olmuş bir boşboğaz “siyasətçi” onun zəhərləndiyi iddiasını ortaya atır, ardınca qardaşı oğlu Hürrü Əliyev bu iddianı körükləyir, bir başqa tərəfdən qardaşı Almurad Əliyev məsələni bağlamaq əvəzinə ziddiyyətli açıqlamalar verir, ardınca kürəkəni Aqil Səmədbəyli cavab verir, sonra növbə oğluna çatır - Ərtoğrul gah işsiz qalmasından şikayətlənir, gah zəhərlənmə iddiası ətrafında təzadlı fikirlər söyləyir. Və diqqətlə fikir verin - mərhum Elçibəyin ruhunu incidən, kürəyinə bıçaq sancanların hər biri onun ən doğma adamlarıdır. Adama qardaşdan, kürəkəndən və oğuldan yaxın biri varmı dünyada? Ən faciəvi tərəfi budur ki, 20 ildir tanıdığımız bu yaramaz hakimiyyət məhz Elçibəy üzərində iyrənc oyunu məhz onun qohumlarının vasitəsi ilə quraşdırır. Bunu niyə edirsiniz? Nə üçün Elçibəyin sevmədiyi iqtidarın əlinə “kozır” verirsiniz? Məqsədiniz nədir? İnanın ki, bu Elçibəyə ən böyük xəyanətdir. Mətbuatda biri-birinizi qırırsınız. Atmacalarınızdan, replikalarınızdan, hədyanlarınızdan, ittihamlarınızdan yorulmuşuq. Qurtarın bu oyunu. Məgər bilmirsinizmi ki, Elçibəy zəhərlənməyib? Niyə hakimiyyətin ortaya atdığı cəfəng bir iddianı şişirdirsiniz? Bu hərəkətləriniz hakimiyyətlə əlbir olduğunuza şübhələnməyə əsas verir. Keçirik sizin çıxışlarınıza və oxuyub nəticə çıxarın.
Aqil Səmədbəyli: “Hürrü Əliyev ləyaqətsiz addım atıb”
Əvvəla eks-prezidentin ailəsi dəfələrlə bəyan edib ki, ailə adından danışmaq hüququ yalnız mərhumun kürəkəni Aqil Səmədbəyliyə məxsusdur. Buna baxmayaraq, mediada tez-tez Elçibəyin qardaşı Almurad Əliyevun, mərhumun qaynı Mirmövsüm Mahmudovun və digərlərinin müxtəlif açıqlamalarına rast gəlinir. Ən son qalmaqal isə Almurad Əliyevun oğlu Hürrü Əliyevin Elçibəyin adı ilə bağlı QHT yaratmaq cəhdi zamanı baş verib və bu, Elçibəy ailəsində hiddətlə qarşılanıb. Modern.az saytının xəbərinə görə, nəhayət uzun müddətdir susan Elçibəyin hazırda Türkiyədə yaşayan kürəkəni Aqil Səmədbəyli son olaylara münasibət bildirib. “Çox təəssüflə bildiririk ki, hələ Əbülfəz Elçibəy Ankarada xəstə yatağında ikən onun adından sui-istifadə halı başlamış və indi də davam etməkdədir. Ən son Hürrü Əliyev belə bir ləyaqətsiz addım atmaqla nə yazıq ki, Elçibəyin müqəddəs ruhunu incidib ” - deyə Aqil Səmədbəyli vurğulayıb. Aqil Səmədbəyli deyib ki, Elçibəyin adı ilə bağlı olan hər kəs, istər ailə üzvləri, istər qohum-əqrəbası, istərsə də onun ideyasının daşıyıcıları hər şeydən əvvəl bu adın müqəddəsliyinə xələl gətirməməlidirlər. “Onsuz da xarici və daxildəki düşmənlər milli dəyərlərimizə zaman-zaman hücum təşkil etməklə, milləti söykənəcəkləri dayaqlardan məhrum etmək istəyirlər. Elçibəyin adından şəxsi və cılız nəfslərini həyata keçirmək istəyi ilə hərəkət edənləri şiddətlə qınayır, bu cür davranışların heç bir əxlaqa, ləyaqətə sığmadığını bildiririk. Eyni qaydada Elçibəyin qohumlarının maddi imkansızlığından yararlanaraq onları siyasi məqsədlər üçün alət etmənin də ləyaqətsiz davranış olduğu qənaətindəyik”.
Almurad Əliyev: “Oturub Türkiyədə kef edirlər”
A.Səmədbəylinin “facebook” səhifəsindəki bəyanata qarşı tərəfdən dərhal cavab gəlib. İttiham olunan tərəf Elçibəyin qardaşı oğlu Hürrünün atası Almurad Əliyev publika.az vasitəsi ilə A.Səmədbəyliyə cavab verib. “Hələ mən səbr göstərib, danışmıram. Vaxtı çatanda danışacağam, özü də faktlarla. Elçibəyin adından istifadə edən biz yox, onlar özləridir. Oturub Türkiyədə kef edirlər. Elçibəyin qardaşı mənəm, onun vəqfi də məndədir, qolu da üstündə. İxtiyar sahibi mənəm” - deyə Almurad Əliyev deyib. Görürsünüzmü? Bütün bu spekulyasiyalar Elçibəy halqasında davam edir. Biri ləyaqətsiz deyir, o biri Türkiyədə kef çəkmədə ittiham edir. Heç biri bu söz-söhbətlərə son qoymaq istəmir. Deməli, maraqlar var. Hakimiyyətə lazım olan kart-blanşla siyasi alver gedir. Elçibəyin zəhərlənmə iddiasından iqtidar iki qazanc götürəcək: həm AXCP sədri Əli Kərimliyə cinayət işi açıb onun prezidentliyə namizədlik yolunu bağlamaq, həm Elçibəyin yaxınları tərəfindən xəyanətə uğradığını ictimaiyyətə nümayiş etdirmək. Buyurun, seçim sizin - ya bu söhbəti bağlayın, ya da Elçibəy yolunda sipər olub xəyanətkar damğasını daşıyın...
Sorğu
Yeni dizaynımız necədir?