İsa Qəmbərlə bağlı kampaniyaya, aksiyalara start verilir
ABŞ-da Azərbaycandakı mövcud vəziyyət və prezident seçkiləri ilə bağlı böyük kampaniya başlayacaq. Gunxeber.com-a bu barədə Nyu-Yorkda təhsil alan azərbaycanlı tələbə Emil İsmayılov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda müxalifətdən olan prezidentliyə namizəd, konkret olaraq indiki halda Müsavat Partiyasının başqanı İsa Qəmbərin dəstəklənməsi üçün ABŞ-da yaşayan azərbaycanlıların imzası ilə konqresmenlərə, senatorlara müraciətlər ünvanalanacaq. Onlardan Azərbaycandakı vəziyyətlə bağlı məsələni gündəmə gətirmək və demokratik qüvvələrin namizədinə dəstək verilməsi istəniləcək. Eyni zamanda E.İsmayılov bildirib ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən mənşəyi bilinməyən pullar hesabına ABŞ rəsmləri üşün ziyafətlər verilməsi də imzalı məktublarla konqresmenlərə və senatorlara çatdırılacaq. Bundan başqa Azərbaycandakı həbs və represiyalara etiraz əlaməti olaraq BMT qarşısında aksiyalar keçiriləcək. Qeyd edək ki, bundan öncə E.İsmayılov Gunxeber.com-a bildirmişdi ki, Ağ Evin rəsmi səhifəsində Azərbaycanda demokratiya, insan hüquqlarının vəziyyəti ilə bağlı bəyanat yerləşdirilib. Bəyanatda Azərbaycanda siyasi məhbusların olduğu, demokratiyanın boğulduğu, prezident və parlament seçkilərinin nəticələrinin özünü doğrultmadığı bildirilirdi. Əgər fevralın 27-dək bu bəyanatı yüz min nəfər bəyənsə, Ağ Ev, ABŞ prezidenti Barak Obama Azərbaycanda insan hüquqları və demokratiyanın vəziyyətinə münasibət bildirəcəkdi. E.İsmayılov bildirib ki, hazırda Ağ Evin saytında Xocalı faciəsi və Dağlıq Qarabağ problemi ilə bağlı da bəyanatlar olduğundan belə bir məqamda çaşqınlıq yaranmamsı üçün demokratiya petisiyası ilə bağlı aktif kampaniya aparmağı məqsədəuyğun saymayıblar. Obamanın Azərbaycandakı vəziyyətə münasibət bildirməsinə nail olmaq üşün qarşıdakı aylarda daha aktiv və genişmiqyaslı kampaniya aparılacaq. Qeyd edək ki, E.İsmayılov bir neçə gün əvvəl Gunxeber.com-a yolladığı məktubda 2011-ci ildə Azərbaycana gələrkən məcburiyyət qarşısında YAP-a üzv olduğunu, indi isə partiyadan çıxmaq üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, buna məhəl qoyulmadığını bildirmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?