Tələblər tamam dəyişib, dünya əsl demokratik və liberal göstəricilər tələb edir
Öz mahiyyəti etibarilə liberal olmayan iqtisadiyyat necə rəqabət qabiliyyətli ola bilər? Müasir iqtisadi təlimlərdən az-çox baş çıxaran adam üçün bunu başa düşmək o qədər də asan məsələ deyil, çünki A. Smithdən tutmuş M. Fridmana qədər liberal iqtisadiyyatın qanunları çox az dəyişib. Onları qəbul etmək də olar, etməmək də, amma dəyişmək elə də asan iş deyil. Bəlkə də prezident İlham Əliyev öz toplantılarında ölkə iqtisadiyyatının belə qeyri-adi cəhəti ilə öyünməsəydi, mövzuya toxunmamaq da olardı, çünki ortalıqda bunu vacib edən səbəblər olmazdı. Məsələ bundadır ki, prezidentdən fərqli olaraq digər hökumət adamları iqtisadiyyatın makro-mahiyyətinə toxunmağı bir o qədər də sevmirlər, onlar özlərini daha çox təsərrüfat adamları kimi aparırlar – eyni bir yolu bir neçə dəfə çəkir, eyni binanın fasadını dəfələrlə ağardır, eyni bir parkda illərlə quruculuq işləri aparırlar, H. Əliyev mərkəzləri ucaldırlar və bütün bunların A. Smith-in təlimi ilə nə qədər uzlaşıb-uzlaşmaması onları o qədər də narahat etmir. Onlar üçün əsas odur ki, layihələrin maliyyə tutumu böyük olsun ki, onu bir neçə dəfə şişirtmək və bu yolla büdcədən müəyyən vəsaiti «silmək» mümkün olsun. İ. Əliyev isə özünü həm də milli ideoloq kimi aparır – o, ölkə iqtisadiyyatının yaxın və uzaq perspektivlərini müəyyən edən şəxs qismində görünməyi sevir. Amma məsələ tək iqtisadi göstəricilərdə deyil. Ölkə başçısının çıxış və bəyanatlarına qulaq asanda əvvəl belə təsəvvür yaranır ki, onun bazar iqtisadiyyatı, liberal dəyərlər və demokratiya ilə bağlı düşüncələri, yumşaq şəkildə desək, bir qədər deformasiya olunub. Amma İ. Əliyevin bu məsələlərin mahiyyətindən uzaq olduğunu, onları bilmədiyini iddia etmək fikrində deyilik, o, əslində bazar iqtisadiyyatının da, demokratiyanın da, liberal dəyərlərin də nə olduğunu çox yaxşı bilir. Sadəcə, son üç əsr ərzində formalaşmış dəyərləri özünün maraqlarına tabe etdirmək, ölkədə görünənləri olanlar kimi qələmə verməyə cəhd edir. Onu bir avtoritar lider kimi daha çox xarakterizə edən və başqalarından fərqləndirən əsas cəhət budur ki, o, bir qədər əvvəl sadalanan məsələlərə heç də opponentlik etmir, sadəcə atasının və özünün sayəsində formalaşmış bu korrupsiyalaşmış, inhisarçı iqtisadi-siyasi modeli demokratik və liberal model kimi qələmə vermək istəyir. Digər avtoritar liderlər, ölkələr belə etmir. Məsələn, Çin mahiyyət etibarilə tamam liberal bir iqtisadiyyat qursa da, özünün əski kommunist təsəvvürlərindən də əl çəkmir. İran özünün dini siyasi rejim olduğunu, Qərb dəyərlərinə qarşı olduğunu inkar etmir. Heç Kubada da demirlər ki, A. Smith-in əsərləri onların stolüstü kitabıdır. İ. Əliyev isə «Ölkəni necə idarə etməyi özümüz bilirik!» desə də onun «idarəçilik fəlsəfəsini» feodal üsul-idarə kimi qiymətləndirəndə özündən çıxır, bunu özünə və ölkəyə qarşı qara kampaniya adlandırır. Bəlkə də ona soyuq müharibə dövrü vaxtı idarə etmək nəsib olsaydı, o, Qərb cinahında özünə yer tuta bilərdi. Məsələ bundadır ki, o vaxt bir çox ölkələr həqiqi demokratik dəyərlərdən xeyli uzaq olsalar da, təkcə kommunist blokunda olmadıqlarına görə «Qərbin adamları» sayılırdılar. Amma indi o vaxtlar deyil, tələblər tamam dəyişib, dünya əsl demokratik və liberal göstəricilər tələb edir. Düzdür, adda-budda köhnə siyasi stereotiplər hələ də qalır. Məhz bu stereotiplərin nəticəsidir ki, Əliyevlər düz 20 ildir hakimiyyətdədirlər. Bu, 20 ildə də çox şey dəyişib. Amma İ. Əliyev bununla barışmaq istəmir, o, hakimiyyətinin ən azı daha 20 il uzadılmasını tələb edir. Amma Qərb ölkələri ona daha 20 il Əfqanıstan, İraq vəd edə bilməz. Onlar bu bölgələrdəki işlərini yekunlaşdırmaq üzrədir və İ. Əliyevin yardımına bir o qədər də ehtiyac duymurlar. Üstəlik, Xəzər neftinin Qərb bazarlarına çıxarılması məsələsi də həll edilib və faktiki olaraq onun hakimiyyətdə qalmasını şərtləndirən bir məsələ qalıb - o da Qarabağ problemi hesab oluna bilər. Qərb ölkələri onun «hərbi ritorika»sından bir o qədər də ehtiyat etmirlər və bilirlər ki, bu hakimiyyət Qarabağ probleminin indiki vəziyyətdə qalmasını təmin edən yeganə siyasi qüvvədir. Dünyada avtoritar liderlərə sifariş bitmək və yaxud da tükənmək üzrədir. Çox az vaxtdan, beş-on ildən sonra onlar siyasi səhnədə olmayacaqlar. Doğrudanmı, bunu başa düşmək belə böyük siyasi fəhm tələb edir?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?