Qax-Zaqatalada baş verən zəlzələnin yeni gizli maxinasiyaları “Gündəm xəbər”də
gundemxeber.az 2012- ci ilin yazında Qax-Zaqatalada baş vermiş zəlzələ ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən hazırlanan və bir neçə gün öncə ictimaiyyətə açıqlanan hesabat ölkə gündəmində ciddi rezonans yaradıb. Xüsusən hesabatda fəlakətdən sonra bölgədəki vəziyyətin real analiz edilməsi, problemlərin sistemli şəkildə araşdırılıb üzə çıxarılması, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində ötən 7 ayda aparılan işlərin ləng və yarıtmaz olması, eləcə də bu yöndə ayrılmış vəsaitlərin təyinatından kənar xərclənməsi və korrpusiyaya uğraması, zəlzələ pulları ilə ölkənin başqa bölgələrində ayrı- ayrı vəzifəli şəxslər üçün dəbdəbəli villa və iqamətgahların tikilməsi, zəlzələ bölgəsində işləyən şirkətlərin hesbatlılıqdan və şəffaflıqdan qaçması, yerli sakinlərin ayrı- seçkiliyə və ədalətsizliyə məruz qalması və s. kimi məsələlər ictimai müzakirəyə çıxarılıb. Hesabatın ən diqqət çəkən məqamlarından biri heç şübhəsiz zəlzənin nəticələrinin aradan qaldırılması istiqamətində ayrılan vəsaitlərin təyinatdan kənar necə xərclənməsi, korrupsiyanın həyata keçirilməsi mexanizmi, vəsaitlərin mənimsənilməsi üçün evlərin tikintisində yol verilən qiymət saxtakarlığı və şişirdilmiş bazar qiymətləri ilə sənədləşdirilməsi, bölgədə çalışan, FHN tərəfindən idarə olunan şirkətlərin fəaliyyətində qanunsuzluq, qeyri- şəffaflılıq və ailə podrat maraqlarının deşifrə olunmasıdır. “Kür” Cəmiyyətinin hesabatında zəlzələ ilə bağlı ayrılan vəsaitlərin təyinatından kənar, korrupsiyaya uğrayaraq xərclənməsi ilə bağlı bəzi məqamlar qeyd edilsə də bu məqamlar ümumi xarakterlidir. Hesabat müəllifləri bu məqamları detallarına qədər açıqlamayaraq qeyd ediblər ki, onlarda olan faktların araşdırılması davam edir və növbəti hesabatda bu məsələlər daha geniş və dəqiq şəkildə qeyd ediləcək. Hesabatda göstərilən bir sıra faktların ictimai yükünü və əhəmiyyətini nəzərə alaraq özümüz araşdırmalara başladıq və çox maraqlı məlumatlar əldə edə bildik. FHN- nin rəqəmləri- diqqət çəkən məqamlar... Və ya vəsaitlərin 73%- i xərclənib, işlərin isə 22%- i görülüb “Kür” Cəmiyyətinin hesabatında qeyd olunduğu kimi zəlzələ nəticəsində 5939 evə ciddi ziyan dəyib. 3545 evin sökülüb yenidən tikilməsinə qərar verilib ki, FHN- nin rəsmi məlumatına görə artıq bu evlərin guya 782- si tikilib istifadəyə verilib. Amma bəzi ekspertlər və yerli mənbələr bu məlumatları təkzib edərək, məlumatın yanlış olduğunu bildiriblər və fakt kimi təklif ediblər ki, tikildiyi iddia edildiyi həmin evlərin ünvanı göstərilsin. Yəni hansı kənddə nə qədər ev tikilibsə kəndbə- kənd sayı göstərilsin. FHN- nin “Kür” Cəmiyyətinin İnformasiya sorğusuna verdiyi cavabda diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, zəlzələ məsələsinə məsul olan sözü gedən nazirlik fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ötən müddət ərzində 234 milyon 605 min manat vəsait xərəcləyib. FHN- nin təqdim etdiyi məlumatlardan belə görünür ki, zəlzələ bölgəsində nəzərdə tutlan 3545 evin 782- si tikilibsə bu, ümumi tikiləcək evlərin 22 faizi edir. Ayrılan vəsaitin 234 milyon manat 605 min manat xərclənibsə bu da ayrılan ümumi 320 milyon manatın 73 faizi edir. Maraqlı nəticə alınır. Vəsaitlərin 73 faizi xərclənib amma nəzərdə tutulan işlərin heç ¼- i görülməyib, Yəni cəmi 22% iş görülüb. Bu məsuliyyətsiliyin, talançalığın, korrupsiyanın pik göstəricisi hesab oluna bilər.
Zəlzələ bölgəsində çalışan şirkətlər... Və ya işçi heyəti keçmiş polislər və sərhdəçilər olan ailə podrat təşkilatı... Qax Zaqatala bölgəsində “çalışan” tikinti şirkətlərinin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün onların birinin “gördüyü” işləri nəzərdən keçirmək kifayət edir. Bu şirkətlərin öndə gedənlərindən biri “Azəri Trans” MMC- dir. Şirkətin FHN- nin rəhbərliyinə daxil olan şəxslər tərəfindən yaradıldığı və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından olan FHN- də Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən birbaşa idarə olunduğu bildirilir. FHN rəhbərliyi üçün “kaşilok” rolunu oynayan, vəzifəsi birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik rəhbəri Cəbrayıl Xanlarovun yaxın adamı olan, əvvəllər Daxili İşlər Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini ixtisasca həkim olan İlqar Əliyev isə Sərhəd Qoşunları Xidmətinə məxsus Hospitaldan gəlib və yeri gəlmişkən şirkətin əsas işçi heyəti də məhz keçmiş polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat İdarəsinin rəisi olan Hidayət Əliyev bu yaxınlarda Sərhəd Qoşunları Xidmətində sıravi gizir rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş “Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə quda olduğuna görə sonuncu tərəfindən bu vəzifəyə irəli çəkilib. Nizami Sadıqovun bacanağı və digər qohumları da “Azəri Trans” MMC- də yüksək vəzifə tuturlar. Göründüyü kimi FHN- nin seçdiyi, etimad göstərdiyi tərəfdaş şirkət ailə podrat təşkilatıdır və ailə marağından uzağa gedə bilməyən bu şirkətə məhz FHN- nin dəstəyi ilə dövlətin çox böyük həcmdə vəsaitinin istədiyi kimi xərcləmək etibar olunub. Mənbənin verdiyi məlumata görə tiktinti şirkəti kimi zəlzələ ilə bağlı son 5 ayda “Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, birbaşa FHN rəhbərliyi tərəfindən himayə olunan şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil. Halbu ki, Zaqatala bölgəsində görülməsi nəzərdə tutulan işlərin böyük həcmi məhz bu şirkətə həvalə olunub. Təkcə Zaqatalada bu şirkət indiyə kimi 800- dən artıq ev tikməli idi. Hazırda böyük vəsaitlərin ayrılmasına baxmayaraq bu şirkət Zaqatalanın Qımır Bazar kəndində 247, Sumalı kəndində 40, Faldarlı kəndində 38, Qondarda kəndində 39, Dardoqqaz kəndində 11 ev və s. tikib istifadəyə verməli idi. Amma görünən odur ki, adı çəkilən kəndlərdə nəzərdə tutulan evlər tikilib istifadəyə verilməyib. Baxmayaraq ki, bunun üçün fantastik həcmdə vəsait ayrılıb. Verilən məlumata görə Nizami Sadıqov xərclədiyi vəsait və gördüyü işlərlə bağlı kimsəyə nəinki hesabat, heç məlumat da vermir. Soruşanlara isə qəribə cavab verir; “Siz bilmirsiniz bu şirkət Kəmaləddinin şirkətidir. Biz kimsəyə nə vergi veririk, nə də hesabat. Nəyi necə etməyi özümüz bilərik, gedin işinizlə məşğul olun”. FHN- də aparılan kadr siyasətinə uyğun olaraq əslən Gürcüstanın Marneul rayonundan olan Nizami Sadıqov da öz qohum əqrabasını ətrafına toplayaraq dövlət vəsaitini istədiyi kimi xərcləyir. Özü isə Bakıda Cəbrayıl Xanlarova məxsus şəxsi ofisdə oturur. C. Xanlarov isə “zəlzələ qaçqınları” üçün ayrılan vəsait hesabına özünə şəhərin mərkəzində köhnə Basin- indiki Fizuli küçəsində FHN- nin Tikintiyə Nəzarət Dövlət Agentliyinin həyətində 5 mərtəbəli, müasir standartlara cavab verən ofis- bina inşa etdirib. Əldə etdiyimiz məlumata görə Cəbrayıl Xanlarov “İpək yolu” restoranının arxasında 6 mərtəbəli ofis- binasını “Azəri Trans” MMC- yə hədiyyə edib. Halbu ki, bu bina zəlzələ pulu ilə əldə olunub. “Azəri Trans” MMC- nin zəlzələ ilə bağlı ayırılan pulların təyinatından kənar xərcləmələr siyahısı uzundur. Bakıda Gənclikdə 5 saylı Xəstəxana ilə üzbəüz FHN üçün tikilən 9 mərtəbəli bina da zəlzələ pulu ilə tikilir və həmin binanın tikintisi zamanı onlarla ailə “Azəri Trans” MMC tərəfindən ədalətli kompensasiya ödənilməyərək zorla evlərindən çıxarılıb (http://azadliq.az/index.php?option=com_content&view=article&id=11105:heydrov-sakinlri-pul-oedmdn-coel-atr&catid=351:asagi-manshet)
Zəlzəyə ayrılan pullar necə mənimsənilir? Ən maraqlı və vacib məqam büdcədən ayrılan vəsaitlərin necə mənimsənilməsidir. Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumata görə “mənimsəmə əməliyyatı” bir neçə istiqamətdə, necə deyərlər “kompleks” aparılır. Ən əvvəl onu qeyd edək ki, tikintiyə alınan malların böyük əksəriyyəti (kərpic, qapı, pəncərə, alçıban, lambirin, qum- çınqıl və s.) Kəmaləddin Heydovun şirkəti Gilan Holdinqdən alınır. Belə demək mümkündürsə Kamal müəllim öz malını özünə satır- özü də istədiyi qiymətə. Necə deyərlər pulu bu cibindən götürüb o biri cibinə qoyur. Azərbaycan reallığında buna anoloqu olmayan ticarət deyirlər. Mənimsəmənin növbəti 2- ci mərhələsi tikinti materiallarının alınmasında həyata keçirilir. Bəzi materiallar da “fövqəlnazir”- in himayəsində və əlaqəsində olan şirkətlər və şəxslər tərəfindən xaricdən ölkəyə gətirilir. Özü də necə deyərlər su qiymətinə və yararsız vəziyyətdə... Məsələn, tikinti üçün taxta Dərbənddən 95 ABŞ dollarına alınaraq (hərgah buna taxta yox, “otxot qarbula” demək daha düzgündür) 295 dollara sənədləşdirilir (!?). Alınan malların həddən artıq baha qiymətlərlə sənədləşdirilməsi təkcə bununla bitmir. Məsələn, Belarusiyadan 1200 ədəd 95 manata alınmış keyfiyyətsiz (karton) qapılar 400 manata sənədləşdirilərək zəlzələ bölgəsinə gətirilib və hazırda da ucuz, keyfiyyətsiz malların baha qiymətlərlə alınaraq sənədləşdirilib ölkəyə gətirilməsi prosesi davam edir. Sinif otaqları üçün partalar da Türkiyədən analoji olaraq ucuz qiymətə gətirilib dəfələrlə baha qiymətə sənədləşdirilir. Sual oluna bilər; maraq nədir ki, Azərbaycanda bu qədər mebel, taxta sexlərinin olduğu bir ölkəni qoyub başqa ölkədən qapı, parta gətirilir? Təbii yenə də məqsəd birdir; dövlət vəsaitini asan yollarla, şişirdilmiş bazar qiymətləri adı altında mənimsəmək. Zəlzələ bölgəsində tikintiyə istifadə olunan standartdan kənar “kolbasa”, “bud” daşlar 10 qəpiyə alınıb 34 qəpiyə sənədləşdirilir və Bakıdan Zaqatalaya həmin kubik daşların gətirilməsi 75 qəpiyə “başa gəlir”. Mənimsəmənin 3- cü fazası. “Kür” Vətəndaş Cəmiyyətinin hesabatında da qeyd olunur ki, daha geniş miqyaslı, mənimsəmə zəlzələ bölgəsində evlərin tikilməsində həyata keçirilir. Araşdırmalarımıza görə həqiqətən Qax- Zaqatalada evlərin kvadrat metri 500 manata tikilir (!?). Bu qiymət təxminən Bakının bir çox yerlərində tikilən evlərin qiymətinə bərabər qiymətdir. Halbu ki, torpağın havayı olduğu, inzibatı müdaxilənin, tikintiyə icazənin, rüşvətin və “şapka”-nın olmadığı uzaq bölgədə fərdi həyət evinin tikintisinin 1 kvadratmetrinin 500 manata başa gəlməsi başdan- ayağa korrupsiyanın, talançılığın nümunəsidir. Digər tərəfdən Bakıda ev tikib vətəndaşlara sataraq pul qazanan şirkətlər kimi FHN- də ucqar bir bölgədə dövlətin, xalqın pulu ilə tikdiyi binalarım kvadrat metrini Bakıda olduğu kimi 500 manatdan xalqa satıb öx xeyrini götürür. Bizimlə razılaşarsınız ki, dünyanın heç bir yerində vətəndaşa ayrılan pulla bu cür bazarlıq, alış- veriş yoxdur. Elə olmasaydı evlərin tikilməsi üçün nəzərdə tutulan pullar vətəndaşın özünə verilərdi və o öz istəyinə, zövqünə uyğun özünə ev tikərdi.
Lisenziyası ləğv edilmiş şirkət zəlzələ bölgəsində... Qax- Zaqatala bölgəsində baş vermiş zəlzənin nəticələrinin aradan qaldırılmasında iştirak edən, tikintiyə cəlb olunmuş şirkətlərdən biri “Şinkar İnşaat” MMC- nin lisenziyası Azərbaycan respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2009- cu ilin sonlarında geri alınıb (http://www.arxkom.gov.az/?/az/news/view/138/). Komitənin rəsmi internet səhifəsində yazılır ki, “bu şirkətlərin heç biri I və II məsuliyyət səviyyəli bina və tikililərin layihələndirilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyanın şərtlərinə əməl etməyib. Həmçinin, şirkətlərin əksəriyyətində işəgötürənlə işçilər arasında nəinki daimi, heç müvəqqəti əmək müqaviləsi də bağlanmır. Bundan başqa, bina və tikililərin layihələndirilməsi ilə məşğul olmaq üçün layihə-smeta sənədləri tərtib edilərkən bütün standartların qorunması əsas şərtlərdəndir. Bunun üçün xüsusi arayışın olması vacibdir. Hazırda layihəsini təsdiq etdirmək istəyən şirkətlərin sənədlərini yoxlamaq məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində komissiya yaradılıb. Lisenziya müddəti bitənlərin fəaliyyəti etibarsız sayılaraq sənədləri geri qaytarılır. Yaxın vaxtlarda isə qanunsuz fəaliyyət göstərən şirkətləri müəyyən etmək üçün Fövqəladə Hallar Nazirliyi ilə birgə yoxlamalara başlanılacaq” (http://www.lent.az/news.php?id=57207). Görünür bu “müəyyən etmə”- nin nəticəsi olaraq “Şinkar İnşaat” MMC FHN- nin süzgəcindən “keçərək” zəlzələ bölgəsini abad etmək üçün əraziyə göndərilib. Maraqlıdır ki, “Şinkar İnşaat” MMC- nin lisenziyası sözü gedən şirkətin fəaliyyətində yol verdiyi qüsurlara, lisenziya şərtlərinə və tələblərinə riayət edilməməsi səbəbindən geri alınıb. Elə isə ortaya maraqlı sual çıxır; lisenziyası ləğv edilmiş şirkət FHN tərəfindən hansı əsaslarla seysmik cəhətdən həssas olan zəlzələ bölgəsində tikinti işlərinə cəlb edilib?
Fərhad Əliyevin şirkəti Zaqatalada (!?)... Apardığımız digər bir araşdırmaya və bizə verilən məlumata görə “Azəri Trans” MMC vaxtilə Fərhad və Rafik Əliyev qardaşlarının tabeliyində çalışan və onlara məxsus şirkət olub. 2007- ci ildə sözü gedən şəxslərlə bağlı məhkəmələrdə “Azəri Trans” MMC külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və vergidən yayınma iddiası ilə məhkəməyə cəlb olunub və şirkətin məsul şəxsləri bununla bağlı Ağır Cinayətlərə dair Məhkəmədə ifadə veriblər. Və məhkəmə protokollarında bu şirkətin vergidən yayınma, dövlət əmlkaını mənimsəmə və s. bağlı qeydlər var (http://az.trend.az/news/society/952742.html) Məlumatda qeyd olunan şirkətlə bağlı Qax- Zaqatala bölgəsində çalışan eyni adlı şirkət haqqında müfəssəl məlumat öyrənmək üçün təəssüf ki, dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq FHN- dən lazımi bilgi ala bilmədik. Amma çox maraqlıdır ki, vaxtilə FHN rəhbəri ilə əks düşərgədə olmuş, indi isə hökümət tərəfindən asi elan edilmiş keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevə məxsusluğu qeyd olunan, dövlət əmlkaını talan etdiyi və külli miqdarda vergidən yayınmaqda ittiham olunan şirkətin Kəmaləddin Heydərovun rəhbərliyi altında zəlzələ bölgəsində hansı status və məqsədlə geniş maştablı tikinti işlərinə cəlb olunub?
FHN- ə qarşı 130 milyon manatlıq mənimsəmə ittihamı... “Kür” Cəmiyyətinin apardığı araşdırmada diqqəti cəlb edən məqamlardan biri Qax- Zaqatalada tikilən evlərlə bağlı FHN- nin xətti ilə 130 milyon manatdan artıq vəsaitin büdcədən oğurlanması və mənimsənmə mexanizminin deşifrə olunmasıdır. Hər bir evin tikintisində 20 min manatdan 32 min manata qədər mənimsəmə var. Hesabatda tikilən evlərin daha çox 3 və 4 otaqlı olduğunu nəzərə alaraq mənimsənilən vəsaiti orta hesabla hər evdən 27 min manat götülüb və qeyd olunur ki, təkcə evlərin tikintisi zamanı nəzərdə tutulan 3545 evin tikilməsi üçün dövlət büdcəsindən nə az, nə çox 95 milyon manatdan artıq vəsait oğurlanır. Tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınması, ucuz işçi qüvvəsindən istifadə olunması, vergi və digər sosial ödənişlərin ödənilmədiyi, sığorta və əmək müqaviləsinin olmadığı və s. nəzərə alsaq mənimsəmənin həcmi 130 milyon manatı ötür. Bu vəsaitlər Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin az qala yarısını edir. Vəsaitlər isə xalqın cibindən- dövlət büdcəsindən oğurlanmaqla ayrı- ayrı şəxslərin, mafioz qüvvələrin istək və arzularının reallaşmasına, onların digər sosial- iqtisadi problemlərinin həllinə yönəldilir. Haşiyə. Hesabatda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının sifarişi ilə ev tikintisinə çəkilən xərclərlə bağlı müstəqil qiymətləndirmə da aparılıb və qiymətləndirmənin nəticələri hesabata əlavə olunub. “Əmlak Ekspert Sevris” Qiymətləndirmə Şirkəti tərəfindən aparılan qiymətləndirmədə Kür daşqınlarla ilə bağlı FHN- nin xətti ilə Saatlı rayonunun Dəllər kənd ərazisində inşa edilən 3 otaqlı 78.5 kvadrat metrlik evin dəyəri 23 959 (iyirmi üç min doqquz yüz əlli doqquz) manat təşkil etmişdir. Saatlı rayonu, Nərimankənd ərazisində yerləşən 2 otaqlı, 73.78 kv.m ümumi, 32,0 kv.m. yaşayış, 41,78 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin dəyəri isə 19 721 (on doqquz min yeddi yüz iyirmi bir) manat təşkil etmişdir. Halbu ki, yuxarıdakı cədvəldə qeyd olunduğu kimi FHN tərəfindən podratçı təşkilata 2 otaqlı evin tikilməsi üçün 45 min manat, 3 otaqlı evin tikilməsi üçün isə 65 min manat vəsait “ayrılır”. Göründüyü kimi evlərin tikintisində 2- 2, 5 dəfə artıq mənimsəmə faktı ortadadır. Zəlzələdən mənimsənilən pullar hara xərclənir? Apardığımı araşdırmalara görə Qax- Zaqatala zəlzəsi ilə bağlı mənimsənilən vəsaitlər bir neçə istiqamətdə xərclənir. Bu vəsaitlər təkcə şəxsi istək və arzuların reallaşmasına, problemlərin həllinə deyil, digər məqsədlər üçün də istifadə olunur. Çox maraqlıdır ki, bu vəsaitlərin xərclənmə coğrafiyası bəzən FHN- ni aşaraq digər yüksək vəzifəli şəxslərin maraq dairəsinə, bəzən isə siyası məqsədlərə xidmət edir. Əldə etdiyimiz bilgilərə görə həmin pulların (oxu milyonların- red.) bir hissəsi FHN- nin rəhbərliyində təmsil olunan şəxslərin, onların yaxın ətrafının, qohumlarının ailə və biznez maraqlarının təmin olunmasına srəf olunur. Vəsaitlərin digər hissəsi isə daha yuxarı oqranlara göndərilir. Mənbəmizin verdiyi məlumata görə fəlakətə ayrılan pullarla orda çalışmalı olan şirkətlər Xızıda Prezident Administrasiyaında işləyən yüksək vəzifəli şəxslərə, onların yaxın qohum- əqrabasına və digərləri üçün müasir tələblərə cavab verən yaraşıqlı, böyük iqamətgahlar tikiblər. Eyni zamanda həmin şirkətlər, konkret olaraq “Azəri Trans” şirkəti FHN rəhbərliyinə yaxın bir şəxsin ailə üzvləri üçün Göy- göldə Zodda 2400 kvadrat metr sahəyə malik prezident sayağı analoji iqamətgah tikir. Bu iqamətgah Zod kəndinin ən pik nötəsində, dəniz səviyyəsindən yüksəklikdə yerləşən 2400 kvadrat mert sahəsi olan 3 mərtəbəli liftli, böyük hovuzu, su çəni, yeni yol, qaz, suyu, işığı çəkilən yaşayış ofis villadır. Hətta Göygöl rayonun mərkəzindən Zodda olan bu iqamətgah üçün 17- 18 km yol asfalt çəkilərək hər iki tərəfindən hasarlanıb üzlük daşlarla bəzədilir. Biz sadəcə etik cəhətdən həmin şəxsin və şəxslərin adlarını çəkmirik. Amma bu istiqamətdə araşdırmalarımız davam edir. Əldə etdiyimiz digər bilgiyə görə Qax- Zaqatala zəlzələsinin əsas ilhamverici və pay sahibi olan şirkətlərindən biri olan “Azəri Trans” şirkəti Zirə qəsəbəsində Heydər Əliyev Fondunun adı ilə bu yaxınlarda orta məktəb tikib istifadəyə verib. Dövlət başçısının da açılışında iştirak etdiyi 280 yerlik bu məktəbin tikintisinə “Azəri Trans” şirkəti nə az, nə çox Zaqatala zəlzələsi üçün ayrılan vəsaitdən 9, 5 milyon manat vəsait xərcləyib. İşi həyata keçirən bütün işçilərə də bərk- bərk tapşırılıb ki, bu məktəbin FHN adından inşa olunmasına dair heç yerdə bir kəlmə də olsun danışmayın. Soruşan olsa deyin ki, məktəbi Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tikilib. Başqa misallar; FHN rəhbərliyi ilə qohumluq əlaqəsində olan Ağdaş RİH başçısının xətti ilə sözü gedən rayonda 7 mərtəbəli 5 ulduzlu Olimpiya oteli, Yanıqsöndürmə Məntəqəsinin inşa olunmasını, rayonun asfalt örtüyünün dəyişdirilməsini və digər bir sıra sosial yönümlü işləri də “Azər Trans” MMC həyata keçirilib və bunun üçün “zəlzələ qaçqınları” üçün ayrılan vəsaitdən milyonlarla manat vəsait xərclənib. Həmçinin, Lənkəran şəhərində tikilən, təməl qoyma mərasimində Prezidentin iştirak etdiyi 7 ədəd 7 mərtəbəli 5 ulduzlu otel komleksi də Qax- Zaqatala üçün ayrılmış vəsait hesabına inşa edilib. Amma bir müddət sonra maraqlıdır ki, xərc çəkilib özülü qoyulan otel kompleksi yerlə -yeksan edilib. Sual oluna bilər; bu qədər vəsaiti sərf edib, sonradan prezidenti aldadaraq otel kompleksini uçurmaqda məqsəd nə idi? Digər bir misal: Son zamanlar daha çox Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adı ilə bərabər çəkilən Qəbəblə rayonunun mərkəzi bazar deyilən hissəsindən Aeroporta kimi 48 km yolun hər iki tərəfi hasara alınaraq tikilir və üzlük daş çəkilir. Milyonların yuduğu bu məntiqsiz “hasarlama əməliyyatı”- na ilkin dövrdə 550 işçi cəlb edilmişdi. Hazırda 250 nəfər işçi heyəti ilə davam edən hasarlama işi üçün vəsait yenə də Qax- Zaqatala zəlzələsi ilə bağlı ayrılmış vəsaitdən istifadə olunur. Qəribə məntiqsizlikdir... Təyinatından kənar bu cür məntiqsiz xərcləmə ilə bağlı onlarla, bəlkə də yüzlərlə misal çəkmək olar. Amma nəticə və məqsəd birdir; dövlət büdcəsini mənimsəmək, korrupsiya, səmərəsizlik və talançılıq... Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində ayrılan vəsaitlərin təyinatından kənar xərclənməsi və korrupsiyaya uğraması, zəlzələ bölgəsində çalışan şirkətlər, onların “zəlzələ işi”- nə cəlb olunması, eləcə də zəlzələ pulları ilə ölkənin müxtəlif bölgələrində inşa olunan şəxsi obyektlər, villa- iqamətgahlarla bağlı araşdırmalarımız davam edəcək. Bizi izləyin...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?