İqtidar nümayəndələri artıq nə dediklərinin fərqində deyil Azərbaycan hakimiyyətinə beynəlxalq təzyiqlərin güclənməsi iqtidar üçün başlıca narahatlıq mənbəyinə çevrilib. ABŞ Dövlət Departamentinin hesabatından tutmuş ən nüfuzlu beynəlxalq təşkilatların yaydığı sənədlərdə hətta Azərbaycan hakimiyyətinin leqitimliyi şübhə altına alınır. Beynəlxalq aləmdə hakimiyyət əleyhinə çox ciddi kampaniya aparılır. Hakimiyyətin yürütdüyü antidemokratik və antiinsani siyasət ifşa olunur. Maraqlıdır ki, hakimiyyətin vaxtilə arxalandığı bütün güc mərkəzlərindən də ciddi təzyiqlər müşahidə olunur. Hakimiyyət nümayəndələri isə çox ciddi səylər göstərirlər ki, onlar üçün vəziyyətin o qədər də pis olmadığını sübut etsinlər. Bu zaman absurd arqumentlər səslənir. Bir tərəfdən hakimiyyət nəzarətində olan bütün imkanlardan istifadə edib güclü anti-Qərb kampaniyası aparır, digər tərəfdən sübut etməyə çalışır ki, Qərb Azərbaycanda hansısa siyasi lideri dəstəkləmir. Bu məsələ ilə bağlı Qərbin mövqeyinin həmişə prosesi dəstəkləməkdən ibarət olduğu bildirilir. Konkret olaraq YAP icra katibinin müavini Mübariz Qurbanlının “Yeni Azərbaycan” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirləri nümunə gətirmək olar. Mübariz Qurbanlı deyir: “Əli Kərimli ilə Isa Qəmbəri ABŞ, Qərbi Avropa dövlətləri səviyyəsində kimsə müdafiə edə bilməz. Bizi hansısa parlamentilər tənqid edirsə, bu o demək deyil ki, onlar Əli Kərimlini və ya Isa Qəmbəri müdafiə edir. Rusiyada kimsə hansısa mətbuat orqanında Azərbaycan hakimiyyəti haqqında hər hansı mənfi yazı yazırsa, bu o demək deyil ki, bunlar dövlət səviyyəsindədir”. Göründüyü kimi Mübariz Qurbanlının bu fikirləri yalnız ona hesablanıb ki, Azərbaycan hakimiyyətindən əlini üzən Qərbin müxalifət liderlərinə də dəstək vermədiyini ictimai rəyə sırısın. Lakin özünü dolaşdırıb. Məsələn, YAP funksioneri iddia edir ki, hansısa ölkədə nəşr olunan mətbuat orqanında Azərbaycan hakimiyyətinin tənqid olması bu həmin dövlətin mövqeyi kimi başa düşülməməlidir. Bir haldakı belədir, o zaman Mübariz Qurbanlı bu suala aydınlıq gətirsin: Nədən, Almaniyanın, ABŞ-ın, Böyük Britaniyanın və digər ölkələrin mətbuat orqanlarında Azərbaycan hakimiyyəti barədə tənqidi materiallar yer alan kimi həmin ölkələrə qarşı kampaniyaya start verilir? Əgər bu həmin dövlətlərin mövqeyi deyilsə, nə üçün onların rəsmi şəxsləri Azərbaycanın dövlət qəzetlərində tənqid atəşinə tutulur, hətta bəzən təhqir olunur? Mübariz Qurbanlı unudur ki, artıq bu cür açıqlamalarla ictimaiyyəti çaşdırmaq mümkün deyil. Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti üçün başlıca problem Qərb və ya Şərq, onların kimi dəstəkləyib-dəktəkləməməsi deyil, onlar üçün başlıca problem məhz Azərbaycan hakimiyyətidir. Lakin hakimiyyət nümayəndələrinin belə açıqlamaları onlarda müasir düşüncə tərzinin olmamasının göstərir. Təssüf ki, iqtidar nümayəndələri heç cürə başa düşə bilmir ki, belə düşüncə tərzi onları yalnız fəlakətə apara bilər. Hikmət
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?