Eldar Namazov Milli Şuranın təsis gününü elan etdi: 28 may; ADP, Ümid, KXCP dəvət olunmadı, Rəsul Quliyev imtina etdi
“Biz Rüstəm İbrahimbəyovla daimi təmasdayıq. Onun son müsahibəsində müxalifət liderlərinin Milli Şura ilə bağlı qərarlarını daha bir həftə gözləyəcəyi ilə bağlı fikirlərində söhbət ondan getmirdi ki, Milli Şura bir həftəyə elan olunacaq və ya olunmalıdır. Söhbət ondan gedirdi ki, bu proses dayanmayıb və davam edir. Rüstəm müəllimin bu prosesin yekunlaşmasında tələskənlik göstərməsi və bu istəyi təbiidir. Hər bir Azərbaycan ziyalısı kimi Rüstəm müəllim də istəyir ki, Azərbaycan müxalifəti birləşsin və birgə mübarizə aparsın”. Bu sözləri AZNEWS.AZ-a açıqlamasında “El” Hərəkatının sədri Eldar Namazov deyib. O bildirib ki, ötən bir həftə ərzində Milli Şuranın yaranması istiqamətində bir sıra addımlar atılsa da, maneələrin hamısı tam aradan qaldırılmayıb: “Kiçik problemlər qalıb, onları da yaxın günlərdə həll edəcəyik. Deyə bilərəm ki, proses artıq son mərhələdədir”. E.Namazov bildirib ki, Milli Şuranın təsis edilməsi mayın 28-də Azərbaycan Demokratik Respublikasının 95 illiyində elan oluna bilər: “Milli Şuranın təsis edilməsi üçün çalışan müxalifət liderləri də bu fikirdədir. Biz bu prosesi ADR-in 95 illiyinə qədər yekunlaşdıracağıq”. E.Namazovun sözlərinə görə, son 20 ildə Azərbaycan Milli Şura səviyyəsində müxalifətin geniş birliyi heç vaxt olmayıb: “Zaman-zaman parlament seçkilərində müxalifət fərqli bloklarda birləşsə də, prezident seçkiləri ilə bağlı müxalifətin bu formada böyük birliyi olmayıb. 2008-də müxalifətin əsas hissəsi prezident seçkilərini boykot etdi. 2003-cü ildə seçkilərdən bir il qabaq 10-dan çox partiyanın birləşdiyi qurum yaradılsa da, seçkilərə az qalmış demək olar ki, həmin partiyaların hamısı ayrı fəaliyyət göstərirdi. Milli Şuranın yaradılması bu baxımdan daha önəmlidir. Biz bu prosesi sona qədər aparacağıq”. E.Namazov onu da qeyd edib ki, Milli Şura hələ yaranmamışdan hakimiyyətin hədəfinə çevrilib: “Ötən həftədən etibarən Milli Şura ideyası ilə hakimiyyət mətbuatında qara piar kampaniyası başlayıb. Biz bunu gözləyirdik və bu cür kampaniyalara hazırıq”. Verilən məlumata görə, Milli Şuranın təşkilatçıları 3 partiyanın – ADP, Ümid və KXCP-nin şuraya cəlb olunmaması barədə razılığa gəliblər. Bundan başqa 51 nəfərdən ibarət olacaq Milli Şuranın tərkibinin 60 faizə yaxını AXCP, Müsavat və EL hərəkatının təqdimatı ilə formalaşdırılacaq. Hər partiyanın 10 üzv təqdim etməsi qərara alınıb. Rəsul Quliyevin partiyasına və AMİP-ə hərəyə 4 üzv irəli sürmək təklif olunub. Digər yerlər müstəqil ziyalıların, ictimai-siyasi xadimlərin hesabına tutulacaq. ACP lideri Rəsul Quliyev bu formatı qəbul etməyərək faktiki olaraq Milli Şurada təmsilçilikdən imtina edib. Onun şərti budur ki, ideyanın həyata keçirilməsi ilə bağlı danışıqlarda ACP də iştirak etməli və partiyası AXCP, Müsavat və EL hərəkatı ilə bərabər əsaslarda təmsilçilik hüququ əldə etməlidir. R.Quliyevin bu şərti qəbul olunmayıb. AMİP isə mövqeyini hələ ki, bildirməyib. Məlumata görə, Rüstəm İbrahimbəyov narazı tərəflərlə şəxsən danışıq aparmaq niyyətindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?