"Ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi" Tanınmış vəkil Aslan İsmayılov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) döyülüb və ölümlə təhdid edilib. Bu barədə "Azadlıq"a Aslan İsmayılovun özü məlumat verib:
"Bu gün saat 17-də Nəriman Rayon Prokurorluğunda idim. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin Canpolad Daanov adlı müstəntiqi mənə zəng vuraraq bildirdi ki, sizinlə təcili işim var. Mən onu tanıyaram, həmişə mənə hörmətlə yanaşıb. Xahiş etdiyinə görə getdim. İçəri daxil olanda bir nəfər yekəpər məni qarşılayıb, otağı göstərib dedi ki, keçin bura. Düşündüm ki, yəqin məni saxlayırlar. Sakitcə keçdim içəri, Canpolad da otaqda idi. Məni görən kimi başladı təhqir etməyə. Dedi, sən kimsən ki, cənab naziri, Ramil Usubovu yalan danışmaqda ittiham edirsən. Ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi. Məni ölümlə təhdid edərək dedi ki, bu hələ sənə xəbərdarlıqdır. Get yaşamaq haqqında fikirləş, ağlını başına yığ. Sonra o birisi də təhqir və təhdid etməyə başladı. Mən sakit dayandım, çünki bilirəm ki, bu nə idarədir və bura nə üçündür".
Aslan İsmayılov deyib ki, BMCQMİ-dən çıxandan sonra Bakı Prokurorluğuna gedib: "Prokuror burada olsa müraciət edəcəm. Bundan başqa mən ABŞ səfirliyinə müraciət etmişəm. Ümumiyyətlə bütövlükdə ictimaiyyətə müraciət edirəm. Söhbət mənim təhqir olunmağımdan getmir. Məni öldürə bilərlər. Mən şərəfimin alçalmasına yol verməyəcəm. Mən ölümdən qorxmuram. Amma biz susduqca bu azğınlıq davam edəcək.
Eyni zamanda hakimiyyət bu məsələyə aydınlıq gətirməlidir. Bilək ki, biz dövlətdə yaşayırıq, ya yox. Əgər dövlətdə yaşayırqsa, o zaman mənə qarşı bu addımı atanlar cəzalandırılsın. Yox əgər bunlar banditdirlərsə, o zaman qayda-qanundan danışmaq əbəsdir, çıxaq gedək buradan".
Vəkil daxili işlər naziri Ramil Usubovun da məsələyə aydınlıq gətirməsini tələb edir: "Onlar məni vuranda, təhqir və təhdid edəndə Ramil Usubovun adını çəkirdilər. İndi Ramil Usubov bu məsələyə aydınlıq gətirsin. Məni öldürmək istəyirsə, öldürsün".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sabah yayılmış məlumatla bağlı araşdırma aparıldıqdan sonra günün birinci yarısında məsələ ilə bağlı açıqlama veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?