Mübariz Ağayevin oğlunun Şabran rayonu ərazisində piyadaları vuraraq onların ölümünə səbəb olmuş hadisəni ört-basdır etdirmişdir Mübariz Ağayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsindən artıq bir ildən artıq müddət keçib. Biz artıq ötən yazılarımızda da qeyd etmişdik ki, bu dəyişiklik ilk günlər Quba sakinləri tərəfindən böyük ümidlərlə qarşılanmışdı. Lakin, artıq çox az müddət sonra bu ümidlərin doğrulacağına dair ciddi şübhələr yaranmağa başladı. Bu şübhələrə isə ilk növbədə yeni başçının qəbuluna düşmək problemi və onun vətəndaşlarla münasibətdə etinasızlıq nümayiş etdirməsi, kəskin davranış tərzinə üstünlük verməsi yol açmış oldu. Qeyd etmək lazımdır ki, Mübariz Ağayevin hələ Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıdığı zaman onun fəaliyyətinə dair mətbuat səhifələrində təqdim olunan faktlar isə heç də ürəkaçan deyildi. Xüsusən də Mingəçevirli təhsil işçilərinin və özəl sektorda fəaliyyət göstərən iş adamlarının kütləvi informasiya vasitələrinə ünvanladıqları şikayət məktublarında icra başçısının yol verdiyi korrupsiya hallarına dair çeşidli məlumatlar öz əksini tapırdı. Bu məlumatlarda bildirilirdi ki, M.Ağayevin bilavasitə göstərişi ilə Mingəçevirdə istər dövlət qurumlarda müxtəlif vəzifələrdə çalışanlardan, istərsə də özəl sektor təmsilçilərindən mütəmadi olaraq aylıq haqq yığılır. Bundan başqa məlumatlarda müxtəlif əlamətdar günlər münasibətilə şəhərdə təşkil olunan dövlət tədbirlərinin, şənlik və konsertlərin keçirilməsi üçün tələb olunan vəsaitlərin də həmin "qaynaqlardan" əldə olunduğu iddia olunurdu. Şəhərdə aparılan abadlıq və quruculuq işləri isə Mingəçevirlilərin şəxsi büdcələri üçün əsil talançılıq hesabına başa gəlirdi. Müxtəlif mənbələr təsdiq edirlər ki, bu məqsədlər üçün ayrılan dövlət vəsaitlərini mənimsəyən icra başçısı hətta şəhər üzrə toplanan pulların da bir hissəsini qənaət edərək cibinə qoymağı bacarırdı. Bir qədər sonra isə Mübariz Ağayevin bütün bu təcrübəsini Qubada da tətbiq etmək niyyətində qərarlı olması aşkara çıxdı. Bu xüsusda ölkə mətbuatında müzakirəyə çıxarılan ilk məlumatlar da Qubada yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması üçün tələb olunan vəsaitin yerli sakinlərdən yığılmasına dair xəbərlər oldu. Maraqlıdır ki, "maliyyə mənbəyi" kimi yenə də idarə və məktəb müdirləri, iş adamları seçilmişdilər. Həm də yığılan vəsaitlərin yenə də görüləcək işlərin həyata keçirilməsi üçün tələb olunan məbləğdən xeyli artıq olduğu göstərilirdi. Amma təbii ki, Qubada görüləcək "abadlıq və quruculuq işləri" təkcə Heydər Əliyev parkının yenidən qurulması ilə məhdudlaşmayacaq. Məsəl var, deyərlər bal tutan, barmaq yalayar. Təbii ki, çəkilən asfalt yolun hər kilometri, fasadı rənglənən və ya üzlənən hər bina qazanc gətirdikcə bu "quruculuq" işlərinin də sonu olmayacaq.Bu ilin əvvəllərindən etibarən isə Mübariz Ağayev digər bir "keyfiyyətinin" aşkarlanması ilə yenidən mətbuatın gündəminə gəldi. Kütləvi informasiya vasitələrində Mübariz Ağayevin əxlaqa zidd hərəkətləri, onun qadınlara etdiyi mənəviyyatsız təklifləri barədə əldə olunan məlumatlar dərc olunmağa başlandı. Məsələn, belə məlumatlardan birində qeyd olunurdu ki, nüfuzlu informasiya agentliklərindən birində çalışan jurnalist xanımlardan biri Quba rayonu ilə bağlı informasiya toplayarkən, Mübariz Ağayevin də qəbulunda olub. Mübariz Ağayev isə rayonun iqtisadi vəziyyəti ilə bağlı ona ünvanlanan suallara cavab vermək əvəzinə jurnalist xanımın evli olub olmadığını soruşub. Xanimin evli olduğunu öyrənəndən sonra Mubariz Ağayev utanıb qızarmadan bəyan edib ki, onun subaylarla ümumiyyətlə işi yoxdur. Əvəzində isə başçı məhz evli xanımlarla yaxınlıq etməyi çox xoşlayır. Bundan sonra da Mübariz Ağayev özünün iyrənc təkliflərini xanım jurnalistə bildirib... Mübariz Ağayevin malik olduğu "yüksək əxlaqi keyfiyyətləri" ifşa edən bu kimi məlumatlara mətbuat səhifələrində çox rast gəlmək olar. Ən acınacaqlısı isə budur ki, həmin bu keyfiyyətlər başçının öz ailəsinə də sirayət edərək yeni, daha təhlükəli fəsadlara səbəb olur. Belə ki, redaksiyamıza daxil olan məlumatlarda bir müddət əvvəl Mübariz Ağayevin oğlunun Şabran rayonu ərazisində, idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə ölümlə nəticələnmiş ağır yol qəzası törətdiyi bildirilir. Qeyd olunur ki, başçının oğlu öz avtomobili ilə piyadaları vuraraq onların ölümünə səbəb olmuşdur. Lakin məsələyə "vaxtında" müdaxilə edən Mübariz Ağayev övladını cəzadan qurtarmağa müyəssər olmuşdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?