Bakının polis rəisləri səyyar satıcıları nəzarətə götürüb
Son vaxtlar Bakıda qəzet satışına ciddi problemlər yaradılır. Proses əvvəlcə paytaxtda qəzet köşklərinin götürülməsi ilə başladı. İndiki vəziyyətdə bir köşkün götürülməsi belə, müstəqil qəzetin satışına mənfi təsir edir. Açıq görünür ki, qəzet satışını mümkün qədər məhdudlaşdırmağa çalışırlar. Bu da hökumətin bir siyasətidir. Müxtəlif bəhanələrlə köşkləri yığışdırırlar. Hakimiyyət azad mətbuata təzyiqin yeni bir üsulunu tətbiq etməyə başlayıb. Bu, həyəcan doğuran vəziyyətdir. Təbii ki, köşklərin götürülməsi onsuz da zəif olan satışa çox pis təsir etdi. Şəhərdə yeni, çox gözəl köşklər quraşdırılıb. Yeni köşkləri görəndə media əhli sevinmişdi ki, qəzet satışına müsbət təsir edəcək. Təəssüf ki, köşklər ümidləri doğrultmadı. Bu köşklərdə qəzetdən başqa hər şey satılır. Özü də heç bir yayım şirkəti həmin köşklərin kimə, hansı instansiyaya məxsus olduğunu təyin edə bilmir. Bunun ardınca isə indi Bakının rayon polis şöbələri səyyar satışa əngəllər yaratmağa başlayıb. Məsələn, xəbər verdiyimiz kimi iyunun 3-də Bakının Nəsimi rayon ərazisində polis əməkdaşları səyyar qəzet satışı ilə məşğul olanlara qarşı reyd keçirdərək, onları rayonun 22-ci polis bölməsinə aparıblar. Polislər rayon ərazisində parklarda və digər insanların sıx oldugu yerlərdə səyyar qəzet satışı ilə məşgul olan şəxsləri həbs edərək əllərindəki qəzetləri də müsadirə edir və onları polis maşınlarına dolduraraq bölməyə aparıblar. Hadisə ilə bağlı 22-ci polis bölməsinə edilən telefon zəngləri nəticəsiz qalıb. Daxili İşlər Nazirlliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov DİN-ə belə bir məlumatın daxil olmadığını deyib:“Belə bir hadisə baş vermiş olsa belə, qəzet satanların həbs olunaraq bölməyə gətirilməsi uydurmadır, onlar sadəcə olaraq ərazidən kənarlaşdırılmış ola bilərlər. Bu səyyar satıcıların maşınların hərəkət zolağında qəzet satışı ilə məşğulunun qadağan olunması ilə bağlıdır. Səyyar satıcıların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən satış icazələri yoxdur”. Saxlanılan səyyar satıcı Zülfüqar bəy isə bildirib ki, onun polis bölməsində saxlandığını və işinin yaşadığı ərazi üzrə Qaradağ rayon məhkəməsinə göndərildiyini bildirdi. Səyyar qəzet satışı ilə uzun müddətdir məşğul olduğunu bildirən Nadir bəy qəzet satışı ilə gündəlik yaşamını təmin etdiyini, lakin zamanla edilən bu müdaxilələrin ona və onun kimi bu işlə maddi durumunu təmin edən satıcılara böyük çətinliklərin yaşatdığını dedi. Nadir bəy səyyar qəzet satışına qadağanın daha çox Bakının mərkəzi rayonlarında olduğunu bildirdi: “Bu işə birbaşa polis rəisləri nəzarət edir. Hətta bəzi satıcılara açıq deyiblər ki, günə nə qədər qazanırsız verək, siz də çörəyinizdən olmayın biz də, təki küçədə qəzet satmayın” Belə çıxır ki, ya qəzet yayımına gizli qadağa hər halda var, ya da Nəsimi polisləri öz nazirlərinin iradəsinə qarşı çıxır, ona itaətsizlik göstərirlər. Hər halda baş verənlərdən ən çox zərər çəkən müstəqil qəzetlərdir. Əgər satış problemləri hansısa bir qanunsuzluqla izah edilərsə, bunu çevik bir şəkildə həll etmək olar. Səyyar satışın şəhərin estetik gözəlliyinə ziyan vurması isə gülünc bir iddiadır. Şəhərin gözəlliyini pozan daha ciddi məsələlər var. Qəzet satışı həm də bir iş yeridir, minlərlə insan bu işlə dolanır. Ən əsası isə odur ki, səyyar satışın məhdudlaşdırılması söz azadlığının məhdudlaşdırılmasıdır. Səyyar satışı gözəllik bəhanəsi ilə əngəlləyirlər. Bəs köşklərin yığışdırılması, yeni köşklərdə qəzet satılmaması – bunu nə ilə əsaslandırırlar? Qadağaların əsas məqsədi müstəqil mətbuatın fəaliyyətinə, inkişafına mane olmaqdır: Jurnalistləri tuturlar, döyürlər, bu azmış kimi qəzetlərin satışını da inzibati yollarla əngəlləyirlər. 2003-cü ildən müstəqil qəzetlərin redaksiyalarını şəhərin mərkəzindən çıxardılar, indi də qəzet satışını mərkəzdən tamamilə uzaqlaşdırırlar. Dövlətin nəzarətində olan “Qasid” firmasının köşklərinin də yığışdırılması o deməkdir ki, hökumətin müstəqil mətbuata, azad düşüncəyə, alternativ fikrə qarşı müharibəsi bitməyib, əksinə, daha qorxulu mərhələyə qədəm qoyub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?