Milli Şura sədri seçkilərədək “Azer-Ros”un iclaslarında iştirak etməyəcək; Abbasovun üzərindən şimşəkləri çəkməlidir; vahid namizəd de-fakto bəllidir
Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov icra aparatının rəhbəri Eldar Namazovla Moskvada keçirdiyi görüşdə müzakirə olunan məsələləri açıqlayıb. Rüstəm İbrahimbəyov deyib ki, Milli Şuranın fəaliyyətini, gələcək planları müzakirə ediblər. Onun sözlərinə görə, iyulun 2-də Milli Şuranın sessiyası keçiriləcək. Milli Şuranın sədri deyib ki, indi vahid namizədlə bağlı şərtlər hazırlanır: “İş artıq yekunlaşmaq üzrədir, iyulun 2-də keçiriləcək sessiyayadək hazır olacaq. Vahid namizəd olması nəzərdə tutulan şəxs həmin şərtlərlə razı olsa, onun namizədliyi irəli sürüləcək. Mən şərtlərlə tanışam. Hesab edirəm ki, normal şərtlərdir, vahid namizəd üçün heç bir çətinlik yaratmayacaq”. Rüstəm İbrahimbəyov bildirib ki, Milli Şuranın vahid namizədi ilə bağlı şərtləri qəbul edir: “Əgər mənim namizədliyim irəli sürülsə, bununla razılaşacam. Vahid namizəd olmağa razılıq vermişəm”. Sədrin sözlərinə görə, hazırda Milli Şura rəhbərliyinin Avropaya, ABŞ-a səfəri ilə bağlı müzakirələr aparılır: “Görüşəcəyimiz şəxslər dəqiqləşdirilir, səfər proqramı müzakirə olunur”. Ehtimal olunur ki, iyulun 2-də İbrahimbəyovun vahid namizədliyi ictimaiyyətə elan olunacaq. “Milli Şuranın vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı artıq qurum daxilində ümumi razılıq var. Bu məsələ Rüstəm müəllimin özü ilə də razılaşdırılıb. Qurumun növbəti iclasında vahid namizədin elan olunması mümkündür”. Bu sözləri AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı deyib. O, Milli Şuranın iyulun 2-də keçiriləcək iclasında qurumun vahid namizədinin elan olunması ehtimalını dəyərləndirərkən belə deyib. F.Qəhrəmanlının sözlərinə görə, Rüstəm İbrahimbəyovun vahid namizəd elan olunması üçün onun ölkədə olmasına ehtiyac yoxdur. O bildirib ki, artıq vahid namizəd olacaq şəxsin iki illik prezidentlik dövründə üzərinə götürəcəyi öhdəliklərlə bağlı sənəd hazırlanıb və bu sənəddəki müddəalar R.İbrahimbəyovun özü ilə də razılaşdırılıb: “Bu sənədi hazırlayan işçi qrupunun üzvlərindən biri də mən idim. Öhdəliklər hazırlanarkən, heç kim vahid namizədin elan olunması üçün İbrahimbəyovun hökmən ölkədə olmasının vacib olduğu barədə fikir səsləndirmədi. Ümumiyyətlə, vahid namizədin öhdəlikləri ilə bağlı hazırlanan sənəddə belə bir tələb nəzərdə tutulmayıb. Əsas odur ki, Rüstəm bəy seçki kampaniyası dövründə ölkəyə qayıdacaq. O, artıq özü də bu barədə bir neçə dəfə deyib. Avropadakı görüşlərini yekunlaşdırdıqdan sonra Rüstəm müəllim Azərbaycana qayıdacaq”. Milli Şura daxilində vahid namizədin ölkədə olub-olmaması ilə bağlı müəyyən fikir ayrılıqlarının olduğunu bildirən F.Qəhrəmanlı qeyd edib ki, əsas qurum daxilində ümumi uzlaşma şəraitinin yaranması və ortaq qərarların qəbul edilməsidir. “Milli Şuranın vahid namizədinin elan olunması məsələsi gecikmirmi?” sualına cavabında isə F.Qəhrəmanlı deyib ki, MŞ-i bu məsələdə gecikməkdə qınamaq düzgün deyil: “Vahid namizədin elan olunmasını gecikmiş saymaq olmaz. Əvvəla seçki kampaniyası hələ başlamayıb. Digər tərəfdən də əsas namizədin nə vaxt elan olunması yox, elan olunduqdan sonra onun ictimaiyyət tərəfindən qəbul edilməsidir. Vahid namizədinin kimliyinin yaradacağı ictimai effekt onun nə zaman elan olunacağından daha vacibdir”. F.Qəhrəmanlı düşünür ki, Milli Şuranın vahid namizədinin elan olunması ölkədə yeni siyasi situasiya yaradacaq. Bu arada isə Milli Məclisin eks-spikeri Rəsul Quliyevin Milli Şura ilə bağlı səsləndirdiyi ittihamlara qarşı tərəfin cavabı gecikməyib. Milli Şuranın üzvü Zəfər Quliyev açıqlamasında eks-spikerin ittihamlarına şərh vermək istəmədiklərini bildirib. Z.Quliyev R.Quliyevə “no komment”- deyə müxtəsər cavab verib: “Rəsul Quliyev qoy yazsın, no komment. Sessiyadan sonra bu haqda danışarıq”. Qeyd edək ki, R.Quliyev Milli Şura üzvlərini əsassız bəyanatlar verməkdə günahlandırıb. ACP lideri Milli Şuranın iqtidarla dialoq təklifinə hiddətlənib. “20 ildir müxalifət hakimiyyətdən dialoq keçirməyi xahiş edir. Başqa sözlə sövdələşmək istəyir. İndiyə qədər heç vaxt dialoq olmayıb görəsən indi nə dəyişib ki höküməti dialoqa məcbur etsin. Dialoq nə deməkdir. təşkilatdan kimsə Milli Şuranın dialoqa hazır olduğunu elan edir.Yəqin ki, belə bir bəyanatın ziyanını anlamadan. Birincisi güc ortaya qoymadan belə bir bəyanatın irəli sürülməsi hakim dairələrin özlərinə inamını qat - qat artırır. İkincisi Milli Şurada nizam intizamın olmadığına dəlalət edir. Demokratiyanın elementar qanunu Milli Şura qərar çıxararsa onun adından ancaq o təşkilatın sədrinin danışmasını tələb edir. Bizdə isə istənilən bir qaragüruhçunu öz adının hansı isə qəzetdə hallandırılması daha çox maraqlandırır nəinki Azərbaycanın taleyi”-deyə R.Quliyev Milli Şura üzvlərini tənqid edib. Milli Şuradakı gərgin müzakirələrin, İbrahimbəyovun vahid namizəd olması, Rusiyanın iqtidara təzyiqləri artırması kimi dolanbac proseslərin yüksəlişində ən mühüm hadisə baş verib. Belə ki, R.İbrahimbəyov Rusiyada yaşayan azərbaycanlıların diaspor təşkilatı olan “Azer-Ros”un iyunun 28-də Moskvada keçirilən iclasında iştirak etməyib. Məlumata görə, R.İbrahimbəyov iclas keçirilən gün Moskvada olsa da, toplantıya qatılmayıb. Onun “Azer-Ros”un iclasına getməməsi Milli Şuraya sədrlik etməsi və müxalifətin prezident seçkisində vahid namizədi olmağa razılıq verməsi ilə bağlıdır. Məlumatlı mənbə qeyd edib ki, “Azər-Ros”un Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq birinci müavini Abbas Abbasovla R.İbrahimbəyov arasında yeni razılaşma əldə olunub. Razılaşmaya əsasən R.İbrahimbəyov Azərbaycanda prezident seçkiləri yekunlaşanadək “Azər-Ros”un və “Milyarderlər İttifaqı” kimi tanının Rusiya Azərbaycan Təşkilatları İttifaqının iclaslarında iştirak etməyəcək. Bu addım isə Azərbaycanda hakimiyyətin təzyiqləri ilə üzləşən A.Abbasovu daha çox zərbə altında qoymamaq üçün atılıb. R.İbrahimbəyov qafqazinfo-ya açıqlamasında “Azer-Ros”un iclasında iştirak etmədiyini təsdiqləyib: “Daha vacib işlərim və görüşlərim olduğuna görə iclasa gedə bilmədim. İndi mənin əsas işim Milli Şura və Azərbaycandakı prezident seçkiləri ilə bağlıdır. Diaspor fəaliyyətimə bir qədər fasilə vermək qərarına gəlmişəm”. Xatırladaq ki, R.İbrahimbəyov “Azər-Ros”un Ağsaqqallar Şurasının və “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvüdür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?