gundemxeber.az Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə müavinlərin təyin edilməsi nazirlik və icra hakimiyyətlərində müzakirə mövzusuna çevrilib. Bu barədə qəzetimizə məlumat hakimiyyətdaxili mənbələrdən sızıb. Məlumata görə, nazirlik və icra hakimiyyətlərində düşünürlər ki, bu təyinatlara PA rəhbəri Ramiz Mehdiyevlə qurumun şöbə müdiri Əli Həsənovun verdiyi izahatlar iz azdırmaq üçündür. Xatırladaq ki, Əli Həsənov bu təyinatları kurasiya işinin effektini artırmaqla, Ramiz Mehdiyev isə iş həcminin böyüklüyü ilə izaş etmişdi. Hər iki şəxsin izahatlarında həqiqətən də ziddiyyətlər var. Hakimiyyətdaxili mənbələr bildirir ki, nazirlik və icra hakimiyyətlərində bu məsələnin müzakirə mövzusuna çevrilməsi onunla əlaqədardır ki, iqtidar daxilində heç kəs bu təyinatları sıradan bir addım hesab etmir. Yəni, Əli Əsədov, Zeynal Nağdəliyev, Novruz Məmmədov və Vahid Əliyevin müavinlik postunun formal xarakter daşıdığı mülahizəsini heç kim yaxına buraxmır. Məlumatlarda bildirilir ki, nazirlik və icra hakimiyyətləri bu cür düşünməkdə haqlıdırlar. Çünki artıq iqtidar dəhlizlərində danışılır ki, Ramiz Mehdiyevin müavinlərinin səlahiyyət bölgüsü aşağıdakı kimi olacaq: Əli Əsədov bütün nazirlikləri, Zeynal Nağdəliyev icra hakimiyyətlərini, Novruz Məmmədov xarici siyasət institutunu, Vahid Əliyev isə hərbi sahəni kurasiya edəcək. Bu isə artıq Paşayevlərin hakimiyyətə tam nəzarəti anlamına gəlməlidir. Məsələ burasındadır ki, Əli Əsədov və Zeynal Nağdəliyev Paşayevlərə yaxın şəxsdir. Novruz Məmmədov bu qruplaşmada təmsil olunmasa da, onun kurasiya etdiyi sahə Paşayevlərin nəzarətindədir. Vahid Əliyevə gəlincə, bu sahə onsuz da Ramiz Mehdiyevin nəzarətindən kənardadır. Beləliklə, müavin təyinatları ilə Ramiz Mehdiyevin küncə sıxışıdırılması və Paşayevlərə hakimiyyətə nəzarət üçün geniş imkanlar verilməsi haqda yazdıqlarımız təsdiqlənir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?