Əli Həsənov: "Onlar müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarır" “Milli Şuranın qondarma müraciət müəlliflərinin özlərinin keçmişi kifayət qədər qaranlıqdır və hüquqi qaydada araşdırılmalıdır”. Bunu "AzərTAc"a Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov geniş müsahibəsində deyib. Ə.Həsənov ABŞ Helsinki Komissiyasının Azərbaycanla təşkil etdiyi brifinqi qiymətləndirərkən deyib: “ABŞ Helsinki Komissiyası tərəfindən belə brifinqlərin təşkil olunması adi haldır. Mövcud qaydalara əsasən, brifinqlər qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları komissiyanın sədri və ya həmsədri deyil, sadəcə katiblik əməkdaşları aparırlar. Buna görə də Azərbaycana dair həmin brifinqə komissiya üzvlərinin heç biri qatılmamışdı. Deyilənləri nəzərə alaraq, mən bu tədbirin ABŞ-Azərbaycan əlaqələri, ABŞ-ın Azərbaycana münasibəti prizmasından qiymətləndirilməsini düzgün yanaşma hesab etmirəm. İki ölkə arasında strateji tərəfdaşlıq və müxtəlif sahələr üzrə ciddi əməkdaşlıq əlaqələri mövcuddur və tərəflər davamlı şəkildə bu əlaqələrin daha da inkişaf etdirilməsi iradəsini ortaya qoyurlar... Bu tədbirin əhəmiyyətini şişirtmək, onu Konqresdə “dinləmələr” səviyyəsinə yüksəltmək cəhdləri də vardır ki, mən bunu müəyyən daxili siyasi qrupların özünüreklam cəhdi kimi qiymətləndirirəm. Onlar çox istəyirdilər ki, bu tədbir Konqresdə dinləmələr formatında baş tutsun... Lakin heç nə alınmadı. Bu da onların iflası, elə həmin ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir". “Brifinqdə Milli Şuranın rəhbər şəxslərindən olan Eldar Namazov da çıxış edib və Azərbaycan hakimiyyətinə qarşı sərt ittihamlar irəli sürüb. Bu məsələyə münasibətinizi bilmək istərdik” sualına o belə cavab verib: “Təəssüflə qeyd etmək istərdim ki, bəzi müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin, habelə müxalifətə yaxınlığı ilə seçilən QHT və KİV nümayəndələrinin təmsil olunduğu Milli Şura adlanan qurumun təmsilçisi həmin tədbirdə Azərbaycan haqqında absurd, əsassız, qeyri-obyektiv və dezinformasiya xarakterli çıxış edib və eyni məzmunlu məlumat yayıb. Məlumat üçün bildirim ki, həmin tədbirdə Azərbaycanla bağlı iki tənqidi çıxış olub. Bunlardan birini Milli Şuranın nümayəndəsi, o birisini də ABŞ Erməni Milli Assambleyasının təmsilçisi edib. Eyni zamanda hər ikisi də tənqidi arayış yayıb. Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən Milli Şura və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar. Onlar müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarır, Azərbaycan xalqının rəyi ilə hesablaşmadan onun taleyini xaricdə həll etməyə çalışırlar. Bu gün Azərbaycan hakimiyyətinə qarşı absurd iddialarla çıxış edən, Azərbaycan prezidentinin qanunamüvafiq şəkildə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququnu şübhə altına almağa çalışan Milli Şuranın qondarma müraciət müəlliflərinin özlərinin keçmişi kifayət qədər qaranlıqdır və hüquqi qaydada araşdırılmalıdır. Gəncləri yolundan çıxararaq hüquq pozuntusuna, cinayətə, qeyri-qanuni əməllərə sövq edən belə insanlar sonradan onların həbsindən siyasi şou təşkil edir, müxtəlif beynəlxalq təşkilatlar qarşısında “məsələ” qaldırır və hakimiyyətə qarşı yeni təzyiq elementləri formalaşdırmağa çalışırlar. Nüfuzlu araşdırma mərkəzləri, beynəlxalq QHT-lər Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar barədə danışarkən, Milli Şura təmsilçisi Azərbaycanı az qala kriminal ölkə kimi qələmə verməyə cəhd göstərir. Onun nəzərinə çatdırırıq ki, “Transparency İnternational” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatında Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər əldə etdiyi bir daha təsdiq olundu... Milli Şura təmsilçisinin iddiaları qarşıdan gələn prezident seçkilərinin şəffaf, demokratik keçiriləcəyini indidən şübhə altına almaq cəhdindən başqa bir şey deyildir. Bu qrupun anlamında ədalətli seçki yalnız onların maraqları çərçivəsində təşkil olunmuş seçkidir. Yəni yalnız müxalifətin qələbəsinə təminat verən seçki mexanizmi qanunauyğun, seçki prosesi isə ədalətli və şəffaf ola bilər. Opponentlərin gücü, iddiaları, real imkanları, ən əsası isə Azərbaycan xalqının rəyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Lakin Azərbaycan müstəqil dövlətdir və ölkə həyatı, sosial, iqtisadi, siyasi, ictimai, mədəni proseslər, seçki kimi ümummilli məsələlər cəmiyyətin daxili tələbatına və xalqın rəyinə uyğun tənzimlənir. Buna görə də seçki prosesi heç vaxt hakimiyyətə iddialı olan, lakin iddiaları ilə real imkanları bir araya sığmayan daxili siyasi qrupların ambisioz planlarına uyğun təşkil oluna və tənzimlənə bilməz. Tam əminliklə demək olar ki, heç bir ciddi xarici qüvvə öz planlarını belə qeyri-ciddi siyasi qruplarla işbirliyi üzərində qurmaz. Milli Şura təmsilçilərinin hər bir xarici səfəri və bu səfər çərçivəsində həyata keçirdiyi antimilli fəaliyyət bumeranq effekti verərək bu qurumun iflasını və orada təmsil olunmuş insanların cəmiyyət qarşısında tam ifşa olunmasını sürətləndirəcəkdir". Helsinki Komissiyasının brifinqi ilə eyni gündə “Amnesty İnternational” təşkilatı da dünyada azadlıqların vəziyyəti haqqında illik hesabatını yayıb. Buna dair suala Ə.Həsənov deyib ki, bəzi xarici təşkilatlarda Azərbaycana qarşı bir növ tendensiyalı münasibət formalaşıb: “Əminəm ki, Azərbaycanda nümunəvi demokratik cəmiyyət qurulsa belə, ”Amnesty İnternational", “Human Rights Watch”, “Freedom Hause”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatlar ölkəmizi qara rəngdə təsvir etmək üçün bir bəhanə tapacaqlar. Bu hesabatların Azərbaycanla bağlı hissəsi siyasi sifariş əsasında hazırlanır və bizim bu məsələdə erməni lobbisinin, müəyyən xarici anti-Azərbaycan dairələrin xüsusi rolundan şübhələnməyə tam əsasımız vardır. Düşünürəm ki, bunu isbat etmək üçün heç uzağa getmək lazım deyil, elə “Amnesty İnternational”ın hesabatında Ermənistan ilə Azərbaycan arasında aparılan “müqayisə”yə diqqət yetirmək kifayətdir... Hesabatın əsas məqsədlərindən biri də “dinc”, “demokratik”, “inkişaf edən”, “vətəndaş hüquqları qorunan” Ermənistanla “monstr” Azərbaycanı müqayisə edib beynəlxalq ictimaiyyətdə adekvat rəy formalaşdırmaqdır. Ancaq 2008-ci ildə Sarkisyan rejiminin dinc etirazçıları gülləbaran etməsi, müxalifət fəallarını zindanlara doldurması, bu il keçirilmiş prezident seçkilərində bir namizədin güllələnməsi, o birinin aclıq aksiyası keçirməsi, hakimiyyətin əsas opponentlərinin seçkini boykot yolu tutmağa məcbur edilməsi, seçki prosesində yol verilmiş ciddi qanun pozuntuları, seçkinin total saxtalaşdırılması və digər bu kimi hallar barədə heç nə deyilmir. Bütün bunlardan sonra “Amnesty İnternational”ın hesabatını necə obyektiv hesab etmək olar? Hesab edirəm ki, belə hesabatlar ilk növbədə onun müəlliflərinə utanc gətirir. Biz belə iddiaları heç vaxt ciddi qəbul etməmişik və bundan sonra da, təhdid ritorikası davam edəcəyi təqdirdə, ciddi yanaşmaq niyyətimiz yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?