Bu gün Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Rüstəm İbrahimbəyovun prezident seçkilərində namizəd kimi təsdiq edilməsi haqqında sənədlər MSK-ya təqdim edilib. Sənədlər İbrahimbəyovu prezidentliyə namizəd olaraq irəli sürmüş seçicilərin təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Elman Məmmədzadə tərəfindən təqdim edilib.
DQMŞ-nin aparat rəhbəri Eldar Namazovun Turan-a verdiyi məlumata görə, İbrahimbəyovun sənədləri MSK-nin müvafiq şöbəsi tərəfindən qəbul edilib və qanunvericiliyə əsasən 5 gün ərzində baxılmalıdır.
Namazovun sözlərinə görə, sənədlərin təqdim edilməsinin gecikməsi İbrahimbəyovun məcburi olaraq Azərbaycanda olmaması və sənədlərin şəxsən namizəd tərəfindən təsdiq edilməsi zərurəti ilə bağlı idi. Buna görə sənədlərin tərtib edilməsi və Bakıda Azərbaycan dilinə tərcüməsinin notarius tərəfindən təsdiq edilməsi üçün vaxt lazım olub.
MSK-ya təqdim edilmiş sənədlər arasında İbrahimbəyovun başqa dövlətlər qarşısında öhdəliklərinin olmaması haqqında arayış, habelə onun Rusiya hakimiyyətinə vətəndaşlıqdan çıxarılması ilə bağlı müraciət etməsi haqqında arayış var.
Nərimanov bələdiyyəsi seçicilərin təşəbbüs qrupunun iclasının protokoluna hələ də möhür qoymayıb. Lakin Namazovun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulmuş digər variantdan istifadə olunub – protokola iclasın keçirildiyi məkanın sahibi olan hüquqi şəxsin möhürü qoyulub.
Namazovun sözlərinə görə, MSK-nın İbrahimbəyova dəstək üçün seçicilərin imzalarının toplanması üçün imza vərəqələri verməmək üçün əsası yoxdur.
Rusiya hakimiyyətinin İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı gecikməni nə ilə əsaslandırdığı barədə suala cavabda Namazov deyib ki, dəqiq məlumatı yoxdur.
Lakin bu zaman o əlavə edib ki, Rusiya qanunvericiliyinə görə belə məsələlərə bir il ərzində baxılsa da, rəsmi prosedurlara bir gün ərzində riayət olunduğu presedentlər var, məsələn, Jerar Depardyeyə vətəndaşlıq verilərkən.
Bununla belə, DQMŞ-nin əlavə namizəd irəli sürülməsi haqqında qərarı qüvvədə qalır.
Bu zaman Namazov bəzi KİV-lərin bu məsələnin süni şəkildə uzadılması haqqında iddialarını təkzib edib. O xatırladıb ki, hətta namizədliyinin xüsusi fikir ayrılıqlarına və böyük mübahisələrə səbəb olmayan İbrahimbəyovun irəli sürülməsi təxminən bir ay uzanıb.
Hazırki vəziyyətdə isə İbrahimbəyov kimi qeyd-şərtsiz dəstəklənməyən namizədlər arasında seçim edilməlidir, siyasi qüvvələr, gənclər hərəkatları, DQMŞ-nin bitərəf üzvləri arasında məsləhətləşmələr və razılaşmalar üçün ən az 4-5 gün tələb olunur.
Buna görə məsələni diqqətlə hazırlamaq və avqustun 26-da birgə qərar qəbul etmək lazımdır, deyə Namazov bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?