ABŞ iki sabiq məmuru necə bitirib...; Sabiq nazirin adamının ABŞ-dakı bir kompaniyanın hesabına pul köçürməsi üzə çıxıb və işin içində yenə keçmiş səfir Rino Harniş var; Rusiya diplomatı ilə danışıqlarından sonra Rəsul Quliyevin bank hesabları ilə maraqlanmağa başlayıblar; eks-spikerin prezidentə məktubla müraciət edəcəyi deyilir.
Prezident seçkiləri ərəfəsi Azərbaycanda siyasi və iqtisadi marağı olan dövlətlərin fəallaşması kəşfiyyat məlumatlarının artması ilə müşahidə olunur. Son aylar bu istiqamətdə ən ciddi fəallıq Amerika xüsusi xidmət orqanlarının məlumatlarında nəzərə çarpır. Mümkündür ki, Vaşinqton 2013 seçkilərində Vladimir Putinin Bakıya səfərinədək Azərbaycan-Rusiya münasibətlərindəki gərginlikdən istifadə edib və rəsmi Bakıya çox qiymətli məlumatlar ötürüb. Bu həm də ona işarədir ki, ABŞ seçki ərəfəsi və ondan sonra yarana biləcək gözlənilməz situasiyalarda da hakimiyyətə ciddi dəstək vəd edib.
Bu məlumatların “açılmış kodlar”ının birincisi uzun illərdi ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevlə bağlıdır. Sirr deyil ki, hər seçki ərəfəsi ciddi şəkildə fəallaşan R.Quliyev hakimiyyət daxilindəki situasiyaya qismən təsir edə bilər. Mənsub olduğu region, hakimiyyətdə hələ ona qismən də olsa bağlılığı olanların qalması və əlində isə hələ də ciddi maliyyə imkanlarını saxlaması seçkilərdə R.Quliyevin personasına marağı artırır.
2013 seçkiləri ərəfəsində də xeyli fəal olan eks-spikerin son vaxtlar susqunluq nümayiş etdirməsi, Bakıdakı partiyasının faktiki qərargahsız qalması diqqətdən yayınmır. Eks-spikerin Cəmil Həsənlinin vahid namizədliyinə qarşı çıxması və lideri olduğu ACP-nin Milli Şuradan çıxacağı ilə bağlı xəbərlər də R.Quliyev ətrafında müəmmalı proseslərin getdiyini göstərir. Məlumata görə, eks-spiker Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla ötən ayın əvvəli baş tutmuş məxfi görüşü ilə “özünü yandırıb”. Xatırladaq ki, bu barədə məlumatlarda deyilirdi ki, R.Quliyev seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib və Rusiya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. R.Quliyev prezident olacağı təqdirdə Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirəcəyini və Kremlin Azərbaycanda və Cənubi Qafqazdakı geopolitik proseslərdə iştirakını gücləndirəcəyini vəd edib.
Görüş zamanı R.Quliyev Rusiya XİN rəhbəri Sergey Lavrova da müraciət göndərib. Müraciətində eks-spiker Lavrova yazıb ki, Rusiya hakimiyyəti və dövlət orqanları ilə əməkdaşlığa hazırdır. O, seçkilərdə Putinin siyasi dəstəyini xahiş edib və yazıb: “1993-96-cı illlərdə mən parlament sədri ikən Rusiya rəhbərliyi ilə görüşmüşəm və Federasiya Şurasının deputatları qarşısında çıxış etmişəm. 2003-cü ildə Moskvada olarkən bir sıra yüksək rütbəli şəxslərlə görüşlər keçirmişəm. Mən bu məsələləri sizinlə görüş zamanı müzakirə etməyə şad olardım”.
R.Quliyevin səfirlə görüşünün digər bilinməyən detallarını Amerikanın kəşfiyyat orqanları ələ keçirib. Görüşlə bağlı ABŞ dairələri müfəssəl məlumat əldə etdikdən sonra hərəkətə keçilib. Belə ki, 1996-cı ilin sentyabrından heç bir maneəsiz Amerikada yaşayan R.Quliyevin bu ölkənin vergi orqanları ilə problemləri yaranıb. Onun ölkədə olduğu müddətdən bəri vergi sənədləri araşdırılıb. Bununla bərabər ABŞ rəsmi dairələri eks-spikerin Azərbaycandakı korrupsiya ittihamlarını yenidən “yada salıb”, onun digər Avropa banklarındakı hesablarının nə dərəcədə şəffaf olduğu da araşdırılmağa başlanıb. Hətta məlumatlar var ki, hakimiyyət ABŞ-ın qəzəblənməsindən istifadə edərək R.Quliyevin “yaşıl kart”ının ləğv edilməsini və eks-spikerin həbs edilərək Azərbaycana təhvil verilməsini istəyib.
Vəziyyətin ciddiliyini görən R.Quliyev isə təfərrüatları ABŞ tərəfinin əlində olan görüşü ümumiyyətlə təkzib edib. Görünən budur ki, Amerika öz ərazisində Rusiya ilə üçüncü bir dövlətdə hakimiyyət məsələsinin müzakirəsinə sərt təpki verib; R.Quliyevə isə “dinc oturması” barədə ciddi xəbərdarlıq edilib.
Böyük ehtimalla R.Quliyev prezident seçkilərindən sonra İlham Əliyevə məktub yazaraq “səhvlərini etiraf edərək” siyasətdən çəkildiyini deyəcək və ölkəyə qayıtmaq izni istəyəcək.
Amerikanın seçki ərəfəsi “ələ verdiyi” ikinci bir mühüm adam isə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdir. Bu günlərdə F.Əliyevin gözlənilmədən İlham Əliyevə dəstək bəyanatının sirri bir sıra yorumlara rəvac verib. Bəyanatın uzun müddət onun hüquqlarının müdafiəsi ilə məşğul olan, amma son illər fəaliyyəti dayandırılan komitənin rəhbəri Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi olmasından sonra verilməsi anlaşılan idi. Amma ortada daha ciddi səbəblər varmış və F.Əliyev sadəcə, C.Həsənlinin namizəd olmasından istifadə edərək belə bir bəyanat verib.
Söhbət ondan gedir ki, hakimiyyət F.Əliyevin səmimi peşmançılığına inanmır. Bu şübhə, böyük ehtimalla, yenə Amerikanın ötürdüyü ciddi faktlara əsaslanır.
2005-ci ildə F.Əliyevin sabiq ABŞ səfiri Rino Harnişlə əlaqələrin güdazına getdiyi faktdır. Məhz o zaman hakimiyyətlə çox sıx əməkdaşlıq edən Bakıdakı Rusiya kəşfiyyatı nazirlə ABŞ səfirinin “narıncı inqilab” söhbətlərini, planın bütün detallarını ələ keçirmişdi və həm F.Əliyev, həm R.Harniş bu məlumatların qurbanı oldu. F.Əliyev həbsxanaya, Harniş isə ölkəsinə üzüqara dönməli oldu. O zaman hətta başqa dövlət vəzifəliləri (Əli İnsanov, Akif Muradverdiyev) ilə yanaşı prezidentin mövcud situasiyadan narazı olan əmisi də bu prosesdən ciddi zərər çəkdilər. İddialara görə, onlar gerçəkdən də prezident İlham Əliyevi devirməyi nəzərdə tutan ciddi bir planın içərisində rol alıblarmış...
Hakimiyyətə məlum olub ki, 2011, 2012 və 2013-cü ilin keçən 8 ayında F.Əliyevin ən yaxın adamının adından ABŞ-dakı bir kompaniyaya pul köçürülüb. 2011-ci ildə bu məbləğ 80 min, 2012-ci ildə 320, 2013-cü ilin ilk 8 ayında isə 40 min dollar təşkil edib. Hakimiyyət bu para transferinin izinə düşüb və köçürülən hesabın sahibinin tapılması üçün Amerikadan kömək istənib. ABŞ-dan isə xəbər gəlib ki, hesabına pul köçürülən kompaniya birbaşa keçmiş səfir Rino Harnişə bağlıdır. Bu məlumatdan sonra hakimiyyətin birinci şəxsi “bir daha Fərhad Əliyevin adını eşitmək istəmədiyini” deyib. Transfer olunan məbləğ çox cüzi olsa da, ortadakı bağlantı hakimiyyəti sarsıdıb və F.Əliyevə qarşı tövrü netləşdirib. Para transferini aparanın Əliyeva soyadlı qadın olduğu iddia olunur.
Xəbərin mabədində iddia olunur ki, F.Əliyev pul transferi ilə bağlı faktın ələ keçirilməsində onun həbsə salınmasında rolu olanlardan şübhələnir. Amma özlüyündə bu faktın deşifrəsi onun ələ verilməsində daha ciddi mənbələrin - dövlətin rolunu göstərir.
Məlumatları müxbirimizə verən mənbə onun qısa müzakirəsi zamanı bildirdi ki, R.Harniş ABŞ-ın indiki hakim dairələrində sevilmir və imici də yaxşı deyil. “Amerika onun üçün mühüm olan heç bir adamı ələ verməz”, deyə mənbə müxbirimizə bildirib(musavat.com).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?