Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun ötən həftə “apa”ya verdiyi müsahibə ölkə siyasi gündəmində xeyli geniş rezonans doğurdu. Müsahibəsində “məni namizəd olmağa məcbur etdilər”, “siyasətlə məşğul deyiləm və bundan sonra da məşğul olmayacam” kimi qalmaqal yaradan fikirlər səsləndirən MŞ sədrinin qurumun sədrliyindən kənarlaşdırılması məsələsi də artıq gündəmə gəlib. Bəs, bu mümkündürmü? R.İbrahimbəyov özünün əsas təşəbbüskarı olduğu Milli Şuranın sədrliyindən kənarlaşdırıla bilərmi?
Bu barədə AzNews.az-ın suallarını cavablandıran Milli Şuranın Hüquq Komitəsinin rəhbəri və İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın fikrincə, Rüstəm İbrahimbəyov özü bu barədə xahiş etməsə, bu məsələ qurum daxilində müzakirə olunmayacaq: “Güman etmirəm ki, Rüstəm müəllim özü belə istək irəli sürməsə, onun Milli Şura sədrliyindən kənarlaşdırılması müzakirə edilsin”.
V.Mirkamalın sözlərinə görə, müxalifətin birləşməsi və seçkilərə vahid namizədlə getməsində R.İbrahimbəyovun böyük xidməti olub, ancaq o, artıq öz rolunu oynayıb: “Rüstəm İbrahimbəyov Milli Şura sədri kimi öz fəaliyyətinə sonuncu geniş müsahibəsi ilə son qoydu. Ümumi proseslərin sonuna isə hələ qalıb”.
MŞ rəsmisinin fikrincə, Rüstəm İbrahimbəyov qurumun Tiflis görüşündən sonra sədr kimi özünü bitirmişdi: “Ona görə də düşünürəm ki, onun bundan sonra sədrlikdə qalıb-qalmaması o qədər də önəmli deyil”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?