Adminstrasiya rəsmisi himayəsində olan qəzetdəri yaşatmaq üçün inzibati resurslara əl atılır
gundemxeber.az Ötən saylarımızda rejimin azad mətbuata qarşı dəstək adı altında kötək siyasəti haqda araşdırmalarımızı təqdim etmişdik. İndi isə hakimiyyətin nəzarəti altında olan dövlət qəzetlərinə rəsmi və qeyri-rəsmi formada ən müxtəlif şəkildə dəstək verdiyi haqda bəhs edəcəyik. Sözügedən qəzetlərin davamiyyət və dövriliyini məhz iqtidarın sitimullaşdırdığı hər kəsə məlumdur. Dövlət müəssisələrində çalışanların dövlət qəzetlərinə məcburi surətdə abunə edilməsi, məktəb və xəstəxanalardan tutmuş, mənzil istismar sahələri və polis idarələrinə qədər bütün strukturların icbari satış prosesinə cəlb olunması və s. iqtidar qəzetlərinin yaşamını təmin edən başlıca amillər sırasına daxildir. Uzun illərdir ki, ictimaiyyətin etibarını itirən və cəmiyyətdə zərrə qədər də olsun etimad qazanmayan bu qəzetlərin sırf inzibati üsullarla ayaqda durması, əslində bu qəzetlərin mətbuat orqanı kimi çoxdan tarixə gömüldüyünün isbatı hesab edilə bilər. Elə bunun nəticəsidir ki, bitərəf və müxalifət qəzetləri ilə mübarizədə açıq-aşkar yenilən və azad mətbuatla rəqabət apara bilməyən rəsmi qəzetlərin satışını təmin etmək, onların formal da olsa fəaliyyətinə şərait yaratmaq üçün hər gün yeni bir inzibati müdaxilə üsulu tətbiq edilməkdədir. Ötən gün iqtidar düşərgəsindəki «ixtiraçıların» yeni «icadı» ilə bağlı redaksiyamıza məlumat verən özəl mənbə, hakimiyyətin ən üst təbəqəsi tərəfindən bütün ölkəni əhatə edən yeni media kampaniyasına start verildiyi bildirib.
Özəl mülkiyyətçilərə icbari qəzet satışı
Mənbənin sözlərinə görə, demokratik qüvvələrlə mübarizədə öz mətbu bazasını gücləndirməyə qərar verən iqtidar, bu istiqmətdə çox ciddi bir addıma imza atıb. Belə ki, bugünə qədər yalnız dövlət müəssisəsələrində çalışan şəxslərin maddi asılılığından istifadə edərək onları dövlət qəzetlərinə məcburi surətdə abunə yazdıran iqtidar, bu kəs bütün xüsusi mülkiyyətçiləri hədəf alan bir metodun tətbiqinə start verib. Mənbənin məlumatına görə, iri restoranlardan tutmuş adi dönər köşklərinə qədər bütün obyektləri əhatə edəcək layihənin artıq ilk mərhələsinin icrasına başlanılıb: «Bugünə qədər hakimiyyət iqtidar qəzetlərinə dəstək məqsədilə yalnız dövlət idarələrinin şəxsi kontingentindən yararlanırdısa, bundan sonra xüsusi mülkiyyət sahibləri də məcburən hakimiyyətin bu siyasətinə dəstək verməli olacaq. Çünki Prezident Administrasiyası tərəfindən həyata keçirilən yeni layihədə hər bir xüsusi mülkiyyətçinin dövlət qəzetlərinə abunə yazılmasını nəzərdə tutulur. Layihədə hər rayonda nə qədər xüsusi mülkiyyətçinin olduğu, onların ən geci hansı tarixdən etibarən hansı məbləğdə abunə haqqı yazılmalı olduğu və s. kimi məsələlər ən xırda detallarına qədər nəzərdə tutulub». Müxalifətçilər onları söyən qəzetlərin çap xərcini ödəyəcək?
Mənbənin qənaətincə, hakimiyyətin bu addımı iqtidar qəzetlərin maddi-texniki bazasını həddindən artıq gücləndirəcək və hətta müxalif fikirli şəxsləri belə arzularının ziddinə olaraq iqtidar qəzetlərinin maddi tərəqqisinin keşiyində dayanmağa vadar edəcək: «Məlum qərar ölkədəki bütün mülkiyyətçiləri əhatə etdiyindən siyasi əqidəsindən, partiya mənsubiyyətindən, düşüncə tərzindən asılı olmayaraq, hər bir mülkiyyətçi istisnasız olaraq iqtidar qəzetlərinə abunə yazılaraq illik abunə haqqı ödəməyə məcbur olacaq. Başqa sözlə desək, əgər obyekt sahibi hətta bitərəf və ya mövcud iqtidara müxalif bir şəxs olsa belə yenə də abunə yazılışından iştirak etməyə məcbur olacaq ki, bu da iqtidar mətbu orqanının müxalif fikirli insanlar hesabına maddi tərəqqisi deməkdir. Bu gün ölkədə bütün mülkiyyətçilərin hüququnun açıq və ya gizli şəkildə tapdandığını, onların hamısından qanunsuz olaraq aylıq və ya illik rüsumlar toplandığını və bu səbəbdən də demək olr ki, bütün sahibkarların mövcud rejimdən narazı olduğunu nəzərə alsaq, bundan sonra iqtidar qəzetlərinin çap xərcinin müxalif şəxslər tərəfindən ödəniləcəyini iddia etmək olar».
Əli Həsənovun əmri: «Abunə yazılmayan mülkiyyətçinin obyektini sökün!»
Mənbənin sözlərinə görə, Prezident Administrasiyasından yerlərdəki icra başçılarına verilən tapşırıqda göstərişə əməl etməyən sahibkarların sərt şəkildə cəzalandırılması ilə bağlı konkret müddəalar da yer tutub: «Prezident Administrasiyasının məlum göstərişində bildirilir ki, əgər hansısa sahibkar iqtidar qəzetlərinə abunə yazılmaqdan imtina etsə, o zaman ona qarşı bütün cəza növlərindən sərhədsiz olaraq istifadə edilməli, gərəkirsə, həmin şəxsin sahibkarlıq fəaliyyətinə xitan verilməlidir. Abunə haqqı ödəməkdən imtina edən şəxsin obyekti sökülərək fəaliyyəti dayandırılmalı və ya onun həmin obyekt üzərindəki sahiblik hüququ əlindən alınmalıdır». Mənbənin bildirdiyinə görə, icra başçılarının sözügedən qərarın icrasında heç bir çətinliklə üzləşməməsi üçün bu məsələdə rayon icra hakimiyyətlərinin rəhbərliyinə müstəsna səlahiyyətlər verilib: «Paytaxt və rayonlardakı bütün iri obyektlərin nazir və nazir müavinlərinə, prokuror və generalitet heyətinə, güc orqanlarının təmsilçilərinə və s. aid olduğunu nəzərə alan Prezident Administrasiyasi icra başçılarının bu yöndəki fəaliyyətini asanlaşdırmaq üçün onlara əlavə səlahiyyətlər verib. Bu səlahiyyətlər isə məlum göstərişi yerinə yetirməkdən imtina edən istənilən obyektin sökülməsini və buna görə təzyiqə məruz qalan icra başçısının Prezident Administrasiyası səviyyəsində müdafiəsini nəzərdə tutur. Göstərişdə açıq şəkildə qeyd olunur ki, əgər hansısa nazir və ya iri məmur bu məsələ ilə bağlı icra başçısıa hədə-qorxu gələr və ya onu hansısa formasa hədəfə alarsa, o zaman həmin məmurun özünə qarşı ciddi ölçü götürüləcək və həmin şəxs ali siyasi komandadan xaric ediləcəkdir».
300-1000 manatlıq abunə və ya kimlik təsdiqi
Mənbənin məlumatına görə, bütün xüsusi mülkiyyətçiləri icbari abunə prosesinə cəlb edən hakimiyyət, bu məsələdə mülkiyyətçilərə bəzi «azadlıqlar» da verib. Belə ki, mülkiyyətçilərə bildirilib ki, onlar istədikləri iqtidar qəzetinə abunə yazıla bilər: «Prezident Administrasiyasının yeni mətbu layihəsində mülkiyyətçilərə müəyyən azadlıqlar da verilib ki, bunlardan da biri onlara hər hansı konkret qəzetə deyil, istənilən dövlət qəzetlərindən birinə abunə yazılmaq sərbəstliyinin verilməsi ilə bağlıdır. Yəni mülkiyətçi istədiyi iqtidar qəzetinə abunə yazıla, bu məsələdə istədiyi iqtidar qəzetinin üzərində dayana bilər». Mənbə mülkiyyətçilər üçün təyin edilən abunə haqqına da aydınlıq gətirib. Mənbənin sözlərindən aydın olub ki, illik abunə haqqı obyektlərin böyüklüyündən, xidmət və fəaliyyət sahəsindən asılı olaraq dəyişir: «Yeni mətbu layihədə iqtidar qəzetlərinin illik abunə haqqı 300-lə min manat arasında dəyişir ki, bu da obyektlərin ölçüsündən, ticari fəaliyyətindən asılı olaraq müəyyənləşir. Göstərişə görə, şəhər və ya rayon ərazisində fəaliyyət göstərən bütün xırda ticarət məntəqələri - aşağı kateqoriyalı çayxanalar, ictimai iaşə müəssisələri və s. 300 manat məbləğində abunə haqqı ödəməlidir. Lakin ərazisi və ticari intensivliyi ilə diqət çəkən digər obyektlər isə 300-1000 manat arasında abunə haqqı ödəyəcək ki, bu da onsuz da qeyri-qanunsuz ödənişlərdən, inzibati təzyiqlərdən kifayət qədər əziyyət çəkən sahibkarla üçün əlavə problem deməkdir».
İcra başçılarına yeni fürsət
Mənbənin sözlərinə görə, Prezident Adminsitrasiyasından daxil olan göstəriş yerlərdəki icra hakimiyyətlərinə rüşvətlə bağlı yeni fürsət qazandırıb: «Prezident Adminsitrasiyasının abunə yığımı ilə bağlı göstərişi və bu göstərişin icra başçılarına verdiyi əlahiddə səlahiyyətlər rayon rəhbərliyinə əlavə yeyinti yeri yaradıb. Belə ki, məlum göstərişi əlində rəhbər tutan icra başçıları rayondakı əksər obyektlərin sahiblərini 1000 manatlıq abunəçilər siyahısına daxil edir. Buna etiraz edən obyekt sahiblərini verilən göstərişin ciddiliyinə inandıran icra yetkililəri, mülkiyyətçilərdən daha artıq vəsait qoparmaq üçün onlara yaxın gələcəkdə daha bir neçə analoji situasiya ilə üzləşəcəklərini bildirir. Habelə, mülkiyyətçilərə təlqin edilir ki, birincidən kimin adı hansı kateqoriyalı abunəçi siyahısa salınsa, gələcəkdə də bu və bu kimi işlərlə bağlı həmin məbləğdə vəsait ödəməli olacaq». Təbii, icra yetkililəri tərəfindən verilən məlum məzmunlu izahat mülkiyyətçilərin narahatlığını daha da artırır. Məhz bundan sonra icra əməkdaşları sahibkarlara öz yardımlarını təklif edir. Sahibkarlara bildirilir ki, əgər onlar başçıya 200-300 manat məbləğində «hörmət» etsələr, o zaman icra başçısı da «insaf naminə» onların isimlərini 400-500 manatlıq abunəçi siyahısına daxil edə bilərlər. Məsələnin bu cür qoyuluşu onsuz da başqa çıxış yolu olmayan sahibkarları icra yetkililəri ilə razılaşmağa, onların «canıyananlığından» faydalanmağa vadar edir. Nəticədə isə icra başçıları həm Prezident Administrasiyası tərəfindən onlara həvalə edilən tapşırığın öhdəsindən «uğurla gəlir», həm də bu göstərişin icrasından maddi baxımdan yetərincə qazanclı çıxırlar. Qazanan isə iqtidar mətbuatı, bu mətbuatı özünə qalxan hesab edən hakimiyyət və onun yerlərdəki təmsilçiləri olur».
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?