Prezident Adminstrasiyasının media siyasətinin gizlinləri “Gündəm Xəbər”də
Ötən saylarımızda rejimin azad mətbuata qarşı dəstək adı altında kötək siyasəti haqda araşdırmalarımızı təqdim etmişdik. İndi isə hakimiyyətin nəzarəti altında olan dövlət qəzetlərinə rəsmi və qeyri-rəsmi formada ən müxtəlif şəkildə dəstək verdiyi haqda bəhs edəcəyik. Sözügedən qəzetlərin davamiyyət və dövriliyini məhz iqtidarın stimullaşdırdığı hər kəsə məlumdur. Dövlət müəssisələrində çalışanların dövlət qəzetlərinə məcburi surətdə abunə edilməsi, məktəb və xəstəxanalardan tutmuş, mənzil istismar sahələri və polis idarələrinə qədər bütün strukturların icbari satış prosesinə cəlb olunması və s. iqtidar qəzetlərinin yaşamını təmin edən başlıca amillər sırasına daxildir. Uzun illərdir ki, ictimaiyyətin etibarını itirən və cəmiyyətdə zərrə qədər də olsun etimad qazanmayan bu qəzetlərin sırf inzibati üsullarla ayaqda durması, əslində bu qəzetlərin mətbuat orqanı kimi çoxdan tarixə gömüldüyünün isbatı hesab edilə bilər. Elə bunun nəticəsidir ki, bitərəf və müxalifət qəzetləri ilə mübarizədə açıq-aşkar yenilən və azad mətbuatla rəqabət apara bilməyən rəsmi qəzetlərin satışını təmin etmək, onların formal da olsa fəaliyyətinə şərait yaratmaq üçün hər gün yeni bir inzibati müdaxilə üsulu tətbiq edilməkdədir. Ötən gün iqtidar düşərgəsindəki «ixtiraçıların» yeni «icadı» ilə bağlı redaksiyamıza məlumat verən özəl mənbə, hakimiyyətin ən üst təbəqəsi tərəfindən bütün ölkəni əhatə edən yeni media kampaniyasına start verildiyini bildirib.
Ramiz Mehdiyevdən media tapşırığı
Hakimiyyət mediaya basqı yapmadığını, müstəqil medianın inkişafına əngəl törətmədiyini iddia edir. Əlimizdə olan faktlar isə başqa mənzərəni ortaya qoyur. Redaksiyamıza daxil olan sənəd «müstəqil qəzet» adı ilə cəmiyyətə sırınan bir çox media orqanlarının birbaşa Prezident Adminstrasiyası tərəfindən himayə olunduğunu göstərir. Adminstrasiya rəhbəri Ramiz Mehdiyevin və bu qurumun ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun birbaşa iştirakçı olduğunu təsdiqləyən sənədlər redaksiyamıza daxil olub. Əlimizdə olan birinci sənəd 17 aprel 2012-ci ildə Ramiz Mehdiyev tərəfindən imzalanıb. Sənədin tam mətnini diqqətinizə çatdırırıq: “Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarına və digər qurumlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatların, aparılan quruculuq işlərinin və qazanılan uğurların təbliğ edilməsi, dövlətin daxili və xarici siyasəti barədə vətəndaşlara dolğun məlumatların çatdırılması, kütləvi informasiya vasitələrinin maddi texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə dövlət hakimiyyəti orqanlarında və digər qurumlarda mətbuata abunə yazılışına dair tapşırıqlar hazırlanmışdır. 2012-ci ilin ikinci yarısından başlayaraq tapşırıqların icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görməyiniz xahiş olunur. Mətbuata abunə yazılışına dair tapşırıq və tövsiyyələr əlavə edilir.”
Əli Həsənovdan gələn tövsiyyələrsə-PA-nın himayəsində olan qəzetlər
Mehdiyevin imzasıyla göndərilən məktuba əlavə edilən sənədlərdən biri “Dövlət hakimiyyəti orqanlarında və digər qurumlarda mətbuata abunə yazılışına dair tövsiyyələr” dir. Bu tövsiyyələrdə deyilir: “Mətbuata abunə yazılışı altı aydan bir olmaqla ildə iki dəfə 12 qəzet (“Azərbaycan”, “Xalq qəzeti”, “Bakinskiy raboçiy”, “Yeni Azərbaycan” , “İki sahil”, “Səs”, “Kaspi”, “Palitra”, “Paritet” , “Həftə İçi”, “Mövqe”, “Azerbaydjanskaya İzvestiya”) və “Azadinform” informasiya bülleteni üzrə aparılır. Abunə yazılışının təşkilinə və gedişinə dövlət hakimiyyəti orqanının və digər qurumun (bundan sonra qurum) rəhbərinin müəyyənləşdirdiyi vəzifəli şəxs nəzarət edir. Həmin şəxs hər il aprel və oktyabr aylarının sonlarında tövsiyyə olunan mətbu orqanlara dair tapşırıqları dəqiqləşdirir, onlara uyğun bölgü aparır və tapşırıqları bütün struktur bölmələrinin tabe təşkilatların diqqətinə çatdırır. Qurumun tabeliyində olan idarə və müəsisələrin bir qismi abunə yazılışını həm də yerli icra hakimiyyətlərinin xətti ilə həyata keçirirlər. Qurum rəhbərliyi bunu nəzərə almalı, həmin təşkilatlar üçün əlavə tapşırıqlar müəyyənləşdirməlidir. Abunənin “Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə həyata keçirilməsi tövsiyyə edilir.”
Rəsmi sənədlərin arxasındakı gizlinlər
Onu da bildirək ki, PA yalnız yazılı göstəriş verməklə kifayətlənməyib və Adminstrasiyanın Mətanət xanım adlı əməkdaşı əlavə olaraq həmin idarə və müəssisələrə zəng vuraraq prosesi sürətləndirməyi və ötən il dekabrın 25-dək pul köçürməsini bitirməyi tapşırıb. Məsələ ilə bağlı maraqlı məqam təqdim olunan siyahıda «Respublika» qəzetinin olmamasıdır. Prezident Adminstrasiyasının «Respublika» qəzeti ilə ziddiyyətdə olduğu hər kəsə bəllidir. Belə ki, digər rəsmi mətbuatla müqayisədə daha bərbad formada maliyyə resurslarına malik olan “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov neçə müddətdir ki, PA tərəfindən sıxışdırılır. Doğrudur, bu barədə verilən xəbərlərdə bildirilirdi ki, Teymur Əhmədova və onun rəhbəri olduğu “Respublika” qəzetinə qarşı kampaniyadan PA rəhbəri Ramiz Mehdiyev məlumatsızdır. Amma əldə etdiyimiz səhih məlumatlarda bildirilir ki, əslində bu gün Əli Həsənovun media istiqamətində güclənməsi onun birbaşa olaraq Ramiz Mehdiyevə arxalanmasının nəticəsidir. Məhz onun yön verməsi və dayaq olması nəticəsində bu gün Əli Həsənov KİVDF kimi dövlət qurumunu və Mətbuat Şurası kimi amorf bir təşkilatı öz nəzarət zonasında saxlamağa müvəffəq olub. Məlumatlı çevrələrdən sızan informasiyaya görə, Əli Həsənovun bütün bu təzyiqləri fonunda müdafiə olunmaq məcburiyyətində qalan “Respublika” qəzetinin rəhbərliyi də bir sıra addımların atılmasına səy göstərir: “Qəzetin baş redaktoru olan Teymur müəllim çox hörmətli adamdır və hətta ona prezident İlham Əiyevin də müsbət münasibəti var. Əgər belə olmasaydı, Ramiz Mehdiyevin qidalandırdığı əli Həsənov çoxdan Teymur Əhmədovu “yaş senzi” bəhanəsi ilə istefaya yollamışdı”.
KİVDF-nin də hədiyyə sirri açılır
Həmiçinin siyahıda olan və özünü müstəqil sayan qəzetlərin də əslində kimə bağlı olduğu ortaya çıxır. Bununla da Azərbaycanın bir çox qanunları kobud şəkildə pozulur. Bununla milli mətbuat məhv edilir. Axı bundan sonra hansı mətbuat azadlığından, hansı iqtisadi azadlıqdan, hansı azadlıqdan danışmaq olar? İndi Əli Həsənovun siyahısında yer alan “İki sahil”, “Səs”, “Kaspi”, “Palitra”, “Paritet” , “Həftə İçi”, “Mövqe” kimi qəzetləri necə müstəqil hesab edək? Dövlət hakimiyyəti orqanları tərəfindən abunə yazılan bu “müstəqil” qəzetlər həmin qurumların işindəki nöqsanları necə yazacaqlar? Təbii ki yazmayacaqlar və yazmırlar da... Proseslər heç də bununla yekunlaşmır. Adını “müstəqil” qoyub əslində Mehdiyev-Həsənov tandeminin təbliğatçısı olan mediaya daha bir dəstək də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən edilir. KİVDF-nin son “pulpaylama” kompaniyasında bu qəzetlərin payına düşənlərə diqqət edək: “Kaspi”, “Mövqe”, “Səs”, “Yeni Azərbaycan”, “Palitra” qəzetlərinə 95 min, “Həftə içi” qəzetinə isə 60 min manat verilib. Bu zaman KİVDF qəzetlərin dövriliyini, tirajını və yayımını nəzərə alıb. Əslində isə nəzərə alınanın Əli Həsənovun tapşırığı olduğu heç kimə sirr deyil.
Özəl mülkiyyətçilər icbari qəzet satışına cəlb olunub
Preziden Adminstrasiyasının sözügedən göztərişi ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, demokratik qüvvələrlə mübarizədə öz mətbu bazasını gücləndirməyə qərar verən iqtidar, bu istiqmətdə çox ciddi bir addıma imza atıb. Belə ki, bugünə qədər yalnız dövlət müəssisəsələrində çalışan şəxslərin maddi asılılığından istifadə edərək onları dövlət qəzetlərinə məcburi surətdə abunə yazdıran iqtidar, bu kəs bütün xüsusi mülkiyyətçiləri hədəf alan bir metodun tətbiqinə start verib. Mənbənin məlumatına görə, iri restoranlardan tutmuş adi dönər köşklərinə qədər bütün obyektləri əhatə edəcək layihənin artıq ilk mərhələsinin icrasına başlanılıb: “Bugünə qədər hakimiyyət iqtidar qəzetlərinə dəstək məqsədilə yalnız dövlət idarələrinin şəxsi kontingentindən yararlanırdısa, bundan sonra xüsusi mülkiyyət sahibləri də məcburən hakimiyyətin bu siyasətinə dəstək verməli olacaq. Çünki Prezident Administrasiyası tərəfindən həyata keçirilən yeni layihədə hər bir xüsusi mülkiyyətçinin dövlət qəzetlərinə abunə yazılmasını nəzərdə tutulur. Layihədə hər rayonda nə qədər xüsusi mülkiyyətçinin olduğu, onların ən geci hansı tarixdən etibarən hansı məbləğdə abunə haqqı yazılmalı olduğu və s. kimi məsələlər ən xırda detallarına qədər nəzərdə tutulub”.
Müxalifətçilər onları söyən qəzetlərin çap xərcini ödəyəcək?
Mənbənin qənaətincə, hakimiyyətin bu addımı iqtidar qəzetlərin maddi-texniki bazasını həddindən artıq gücləndirəcək və hətta müxalif fikirli şəxsləri belə arzularının ziddinə olaraq iqtidar qəzetlərinin maddi tərəqqisinin keşiyində dayanmağa vadar edəcək: “Məlum qərar ölkədəki bütün mülkiyyətçiləri əhatə etdiyindən siyasi əqidəsindən, partiya mənsubiyyətindən, düşüncə tərzindən asılı olmayaraq, hər bir mülkiyyətçi istisnasız olaraq iqtidar qəzetlərinə abunə yazılaraq illik abunə haqqı ödəməyə məcbur olacaq. Başqa sözlə desək, əgər obyekt sahibi hətta bitərəf və ya mövcud iqtidara müxalif bir şəxs olsa belə yenə də abunə yazılışında iştirak etməyə məcbur olacaq ki, bu da iqtidar mətbu orqanının müxalif fikirli insanlar hesabına maddi tərəqqisi deməkdir. Bu gün ölkədə bütün mülkiyyətçilərin hüququnun açıq və ya gizli şəkildə tapdandığını, onların hamısından qanunsuz olaraq aylıq və ya illik rüsumlar toplandığını və bu səbəbdən də demək olar ki, bütün sahibkarların mövcud rejimdən narazı olduğunu nəzərə alsaq, bundan sonra iqtidar qəzetlərinin çap xərcinin müxalif şəxslər tərəfindən ödəniləcəyini iddia etmək olar”.
Əli Həsənovun əmri: “Abunə yazılmayan mülkiyyətçinin obyektini sökün!”
Mənbənin sözlərinə görə, Prezident Administrasiyasından yerlərdəki icra başçılarına verilən tapşırıqda göstərişə əməl etməyən sahibkarların sərt şəkildə cəzalandırılması ilə bağlı konkret müddəalar da yer tutub: “Prezident Administrasiyasının məlum göstərişində bildirilir ki, əgər hansısa sahibkar iqtidar qəzetlərinə abunə yazılmaqdan imtina etsə, o zaman ona qarşı bütün cəza növlərindən sərhədsiz olaraq istifadə edilməli, gərəkirsə, həmin şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməlidir. Abunə haqqı ödəməkdən imtina edən şəxsin obyekti sökülərək fəaliyyəti dayandırılmalı və ya onun həmin obyekt üzərindəki sahiblik hüququ əlindən alınmalıdır”. Mənbənin bildirdiyinə görə, icra başçılarının sözügedən qərarın icrasında heç bir çətinliklə üzləşməməsi üçün bu məsələdə rayon icra hakimiyyətlərinin rəhbərliyinə müstəsna səlahiyyətlər verilib: “Paytaxt və rayonlardakı bütün iri obyektlərin nazir və nazir müavinlərinə, prokuror və generalitet heyətinə, güc orqanlarının təmsilçilərinə və s. aid olduğunu nəzərə alan Prezident Administrasiyasi icra başçılarının bu yöndəki fəaliyyətini asanlaşdırmaq üçün onlara əlavə səlahiyyətlər verib. Bu səlahiyyətlər isə məlum göstərişi yerinə yetirməkdən imtina edən istənilən obyektin sökülməsini və buna görə təzyiqə məruz qalan icra başçısının Prezident Administrasiyası səviyyəsində müdafiəsini nəzərdə tutur. Göstərişdə açıq şəkildə qeyd olunur ki, əgər hansısa nazir və ya iri məmur bu məsələ ilə bağlı icra başçısına hədə-qorxu gələr və ya onu hansısa formada hədəfə alarsa, o zaman həmin məmurun özünə qarşı ciddi ölçü götürüləcək və həmin şəxs ali siyasi komandadan xaric ediləcəkdir”.
300-1000 manatlıq abunə və ya kimlik təsdiqi
Mənbənin məlumatına görə, bütün xüsusi mülkiyyətçiləri icbari abunə prosesinə cəlb edən hakimiyyət, bu məsələdə mülkiyyətçilərə bəzi «azadlıqlar» da verib. Belə ki, mülkiyyətçilərə bildirilib ki, onlar istədikləri iqtidar qəzetinə abunə yazıla bilər: “Prezident Administrasiyasının yeni mətbu layihəsində mülkiyyətçilərə müəyyən azadlıqlar da verilib ki, bunlardan da biri onlara hər hansı konkret qəzetə deyil, istənilən dövlət qəzetlərindən birinə abunə yazılmaq sərbəstliyinin verilməsi ilə bağlıdır. Yəni mülkiyətçi istədiyi iqtidar qəzetinə abunə yazıla, bu məsələdə istədiyi iqtidar qəzetinin üzərində dayana bilər”. Mənbə mülkiyyətçilər üçün təyin edilən abunə haqqına da aydınlıq gətirib. Mənbənin sözlərindən aydın olub ki, illik abunə haqqı obyektlərin böyüklüyündən, xidmət və fəaliyyət sahəsindən asılı olaraq dəyişir: “Yeni mətbu layihədə iqtidar qəzetlərinin illik abunə haqqı 300-lə 1000 manat arasında dəyişir ki, bu da obyektlərin ölçüsündən, ticari fəaliyyətindən asılı olaraq müəyyənləşir. Göstərişə görə, şəhər və ya rayon ərazisində fəaliyyət göstərən bütün xırda ticarət məntəqələri - aşağı kateqoriyalı çayxanalar, ictimai iaşə müəssisələri və s. 300 manat məbləğində abunə haqqı ödəməlidir. Lakin ərazisi və ticari intensivliyi ilə diqət çəkən digər obyektlər isə 300-1000 manat arasında abunə haqqı ödəyəcək ki, bu da onsuz da qeyri-qanuni ödənişlərdən, inzibati təzyiqlərdən kifayət qədər əziyyət çəkən sahibkarlar üçün əlavə problem deməkdir”. Azər Talıbov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?