“Əvvəllər də bunların haqsızlıqlarına etiraz edərək özümü yandırmışdım. Buna qarşı bir tədbir görülməsə intihar edəcəyəm” – 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hüsaməddin Abbasov redaksiyamıza yolladığı məktubda belə yazır. O, qeyd edir ki, ona və onunla bərabər cəzaçəkən məhbuslara müəssisə rəhbərliyi tərəfindən dəhşətli işgəncələr verilir: “Döyülürük, söyülürük və cəza otağına salınırıq. İbadət etdiyimiz otaqdan da bizi çıxarıblar. Kitablarımızı da əlimizdən alıblar. Səbəb kimi göstərərlər ki, bizim seçkiyə getməyəcəyimiz barədə məlumat əldə ediblər”. Hüsaməddin Abbasov yazır ki, müəssisə adminstrasiyasına sadə bir həqiqəti izah edə bilmirlər: “Bizim azadlığımız əlimizdən alınıb, hüquqlarımız deyil! Buranın bir sahibi varmı-yoxmu?” Məhbus işgəncələrə məruz qalaraq cəza otağına aparılan və hazırda da orada olan məhbusların adlarını da yazıb: “Elçin Əlimirzəyev, Sahib, Binəli və Rüstəm. Onlara xüsusilə ağır xəsarətlər yetirilib”. Adıçəkilən məhbuslara işgəncə verənlər isə bunlardır: “Müəssisə rəisi Fikrət Qafarov, müavini Xaləddin, əməliyyat şöbəsinin rəisi Vüsal, rejim rəisi Kamran, mayor rütbəli növbətçi Asif, rejim rəisləri Vüqar, Ramin, dəstə rəisi Zamiq, nəzarətçi Fərman, Nahid və Mətləb”. Məhbus müvafiq qurumlardan onun və adlarını sadaladığı məhkumların təhlükəsizliyinin təmin olunmasını istəyir: “Bizə təcili kömək edin”. Məsələ ilə bağlı ombudsman Elmira Süleymanova ilə əlaqə saxladıq. Onun köməkçisi Şəbnəm Qəmbərova məktubda adları qeyd edilən məhbusların yazdıqlarını E.Süleymanovaya çatdıracağını bildirdi. Ombusdman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov isə “Yeni Müsavat”a deyib ki, məsələni dərhal araşdıracaqlar: “Bu gün (oktyabrın 1-i) və ya sabah (oktyabrın 2-i) həmin məhbuslara baş çəkəcəyik”. Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Yeni Müsavat”a açıqlamasında məhbusların cərimə otağına salındığını təsdiqləyib. O deyib ki, H.Abbasov hazırda cərimə otağında deyil: “Məktubu yazan Hüsaməddin Abbasovun özü də dava saldığına görə dəfələrlə cərimə otağına salınıb. Müəssisə rəisi onun qardaşını, bacısını dəvət edib onlarla söhbətlər aparıb”. Elçin Əlimirzəyev bir neçə gün öncə 1 saylı cəzaçəkmə müəssisəsində mobil telefon aşkar ediblər, buna görə onu təcridxanaya salıblar. Digər məhkumlarda fleşkart tapılıb. Onlar da təcrid olunublar".
M.Sadıqov 1 saylı cəzaçəkmə müəssisəsində ibadət otağının qapadılmadığını dedi. O, bildirdi ki, seçkidə kimsəni iştiraka məcbur etmək qanunsuzdur: “Seçkidə iştikrak etmək sərbəstdir. Heç bir məhbus buna məcbur edilə bilməz və belə hal yoxdur. Seçkiyə 5 gün qalmış bütün namizədlərin plakatları qanunda nəzərdə tutulan yerdən asılacaq və məhbusların həmin namizədlərlə tanış olmaq imkanı yaranacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?