Xəbər verildiyi kimi, bu gün sabiq millət vəkili Gülər Əhmədovanın barəsində açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə iclası davam etdirilib. Saat 11-in yarısına təyin edilmiş iclas texniki problemlərlə bağlı olaraq yarım saat gec başlayıb.
Məhkəmə prosesində iştirak edən musavat.com əməkdaşının verdiyi xəbərə görə, G.Əhmədova məhkəmə iclasının başlanğıcında söz alaraq prosesin jurnalistlər üçün qapalı keçirilməsini istəyib. Sabiq deputat deyib ki, buna səbəb jurnalistlərin milçəyi filə çevirərək, nə gəldi yazmaları və onun ailə üzvlərini ağlamaq dərəcəsinə çatdırmalarıdır.
Ancaq məhkəmə sədarəti müttəhimin bu tələbini nəzərə almayıb və proses jurnalistlərin iştirakı ilə davam etdirilib.
Çıxışını davam etdirən G.Əhmədova ittiham olunduğu CM maddələri üzrə özünü təqsirli hesab etmədiyini bildirib və əlavə edib ki, onun ABU rektoru Elşad Abdullayevlə görüşməsinin məqsədi universitet tələbələrinin problemləri ilə bağlı olub.
Bundan başqa, sabiq deputat qeyd edib ki, Elşad Abdullayev nahaq yerə ondan əlindəki videomaterialları yaymağı tələb edir, çünki onda heç bir videomaterial yoxdur.
Bundan sonra prosesdə fasilə elan edilb və məhkəmə iclası saat 14-də davam etdiriləcək.
Xatırladaq ki, sabiq MM üzvü Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?