Milli Şura yanacağın qiymətinin bahalaşdırılmasına etiraz mitinqi keçirəcək. Qurumun sədri Cəmil Həsənli “Media forum” saytına deyib ki, mitinqin zamanı və yeri ilə bağlı müzakirələr aparılır: “Məsələni şuraya daxil olan partiyalarla birlikdə yenidən müzakirə edib mitinqin zamanı və məkanı haqda qərar verəcəyik. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Aksiya yaxın günlərdə olacaq”.
Cəmil Həsənli əlavə edib ki, insanlar nə baş verdiyini özləri üçün aydınlaşdırmalı, cəmiyyət qiymət artımının əsassız olduğunu dərk etməlidir: “Vətəndaş yanacaqdoldurma məntəqəsinə gedəndə və yanacaq üçün artıq pul ödəyəndə bahalaşmanın ağırlığını öz çiyinlərində hiss edəcək. Hesab edirəm ki, bunun üçün bir necə gün lazımdır. Bu, insanların yaşayışına, güzəranına qəsddir”.
Milli Şura sədrinin fikrincə, yanacağın qiymətinin artırılmasına ehtiyac yox idi: “Azərbaycanda benzin ABŞ-dakından bahadır: “Amerika vətəndaşlarının əməkhaqqı, pensiyası, sosial müavinətləri Azərbaycanla müqayisə oluna bilməz, bizdə dəfələrlə azdır. Hakimiyyət vətəndaşlara cüzi miqdarda əməkhaqqı, pensiya verir. Bəs yanacağı niyə bu qədər bahalaşdırır? Seçkiöncəsi kampaniya kimi əməkhaqqını, pensiyanı on faiz artırdılar, amma benzini otuz faiz bahalaşdırdılar. Azərbaycan iqtisadiyyatının infrastrukturu elə qurulub ki, yanacaq qiymətləri müəyyənləşdirən əsas məhsuldur. Əgər yanacaq bahalaşdırılırsa, deməli, bütün sahələrdə qiymət artacaq.
Bəla ondadır ki, hakimiyyət benzini xaricə daha ucuz satır. Bu, hakimiyyətinin öz vətəndaşlarına sayğısızlığının göstəricisidir. Yanacağın Azərbaycan vətəndaşlarına baha, xaricə ucuz satılması məsələsi ciddi araşdırılmalıdır. İnsanlar bu fərqin səbəbini bilməlidirlər. Burada böyük mənimsənilmələr var”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?