Türk iş adamı Bayram Öztürkü kim və necə aldadıb? Rəhmətlik Molla Nəsrəddin bir nəfərə borcu olur. Xeyli vaxt keçsə də, borcunu qaytarmır. Nəhayət, borc sahibi bir gün borcunu almaq ümidiylə Mollanın evinə gəlir. Borc sahibinin gəldiyini görən Molla şagirdinə lazımi tapşırıqlar verib gizlənir. Şagirdi borc sahibini qapıda qarşılayıb deyir: - Bilirsiniz Mollanın indi borcunuzu qaytarmağa imkanı yoxdur. Amma, inşallah, yazda sizin pulunuzu qaytaracaq. -Necə qaytaracaq? - deyə sormuş adam. - Yazda yolun kənarında qaratikan kolları əkəcəyik. Qoyun sürüləri gəlib keçəndə bu kollara ilişəcək, biz də kollara ilişən yunu toplayıb satacağıq, sənin də borcunu qaytaracağıq. Mollanın onu yenə də doladığını görən borc sahibi başını bulayıb gülməyə başlayır. Bunu görən Molla pəncərədən boylanıb deyir: -Ay qardaş, işin düzəlib, gülürsən haa... Bu məsəli hər dəfə oxuyanda yadıma ölkəmizdə fəaliyyət göstərən türkiyəli iş adamı Bayram Öztürk düşür. Çünki, Bayram bəy də artıq 3 ilə yaxındır ki, öz borcunu almaq üçün döymədiyi qapı, getmədiyi ünvan qalmayıb. Amma, heç onun üçün qaratikan kolu da əkən yoxdur ki, bəlkə ümidlənə... Bayram Öztürk hardan biləydi ki, 5 may 2011-ci ildə Samux rayonunda yerləşən “Çini San LTD” MMM və ona tabe olan zavodu “AND” Firmasının direktoru Qasımov Əfqan Adıxan oğluna satandan sonra onun problemli günləri başlayacaqdır. Belə ki, 900 min dollar məbləğində olan bu alqı-satqıdan qalan 326 min dollarlıq borc artıq illərdir ki, Hacı Əfqan tərəfindən ödənilmir. “AND” Firması ilə alqı-satqıdan sonra Əfqan Qasımov bankdan kredit alıb borcunu ödəməsi üçün Bayram Öztürkdən şirkətin idarəetməsini dövr aldığı haqqında notariat qaydada sənəd almışdır. Lakin, borcun ödənilmədiyini görən Bayram Öztürk vəkalətnaməni ləğv etmişdir. Maraqlıdır ki, notarius sonradan qanunsuz olaraq vəkalətnaməni bərpa edərək, şirkətin idarəetmə hüququnu Əfqan Qasımovda saxlamışdır. Görəsən, notarius birtərəfli qaydada sənəd vermək hüququnu haradan almışdır? Türkiyəli iş adamı borcunu almaq ümidiylə dəfələrlə Əfqan Qasımova müraciət etsə də, hədə-qorxuya məruz qalmış, təhdid olunmuşdur. Maraqlıdır ki, Əfqan Qasımov borcunu ödəməmək üçün Bəylər Əyyubovun yaxın adamlarının adını hallandırır. Aldığımız məlumatlara görə, “AND” Firmasının direktoru bu məsələdə Bəylər Əyyubovun yaxın adamı Hacı Novruz adlı şəxsə güvəndiyini bildirir. Problem mətbuatda işıqlandırılandan sonra B.Əyyubovun yaxını olan Hancan adlı şəxs Türkiyədə olan Bayram Öztürkə telefon açaraq məsələnin tezliklə həll olunacağını bildirmişdir. Lakin, B.Öztürk Azərbaycana döndükdən sonra Hancanla bir dəfə görüşmüş, yenə də problemin həlli ilə bağlı vəd almışdır. Aradan xeyli vaxt keçsə də, problemin həllində heç bir irəliləyiş yoxdur və artıq B.Öztürkün telefon zənglərinə belə cavab verilmir. Borc qalmaqalı mətbuatda işıqlandırılandan az sonra prosesdə adı hallandırılan şəxslər fəallaşaraq tezliklə məsələni həll edəcəklərini bildirsələr də, sonradan sanki gizlin bir qüvvə bu fəallığı dayandırdı. Artıq göndərilən müraciətlərə də heç bir reaksiya verilmir. Belə aydın olur ki, kimlərsə müraciətlərin lazımi ünvanlara çatdırılmasına mane olur, ya da adları bu işdə hallandırılan şəxslər problemin həll olunmasında maraqlı deyillər. Bu isə bir daha sübut edir ki, doğrudan da “AND” şirkəti yuxarı dairələr tərəfindən himayə olunur. Əks təqdirdə illərdir yubadılan bir borc probleminin həlli yenidən dalana dirənməzdi. Bayram Öztürk hüquqlarının bərpası ümidiylə ölkə başçısı İ.Əliyevə, H.Əliyev Fondunun Prezidenti M.Əliyevaya, Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevə, Bəylər Əyyubova müraciət ünvanlamışdır. Türkiyəli iş adamı nəhayət ki, bu problemin ən yüksək səviyyədə həll olunacağına hələ də ümidini itirməmişdir. Təəssüf ki, məsələ çözülməmiş qalmaqdadır. Görəsən, ölkənin nüfuzuna beynəlxalq səviyyədə kölgə sala biləcək bir məsələnin həll olunmasında maraqlı olan şəxslər öz şəxsi maraqlarını dövlət maraqlarından nə vaxta qədər üstün tutacaqlar. Ölkənin mühüm postlarından birinin sahibinin adını hallandırmaqla Ə.Qasımov borcunu ödəməmək üçün dövlət maraqlarını zərbə altında qoyur. Dövlət başçısı xarici iş adamlarına şərait yaradılması haqqında dəfələrlə göstəriş versə də, belə bir faktın mövcudluğu və bu işdə prezidentə yaxın şəxsin adının hallanması bilavasitə dövlət siyasətinə zərbə hesab olunmalıdır. Məhz belə şəxslərin qanunsuz əməlləri nəticəsində artıq dünyanın bir çox aparıcı şirkətləri Azərbaycana investisiya yatırmaqdan imtina edirlər. Bunun əsas səbəbi isə törətdiyi əməllərin cəzasız qalacağından əmin olan şəxslərin arxayınlığıdır. Belə olmasaydı, 3 ildir ki, hüquqları tapdalanan Bayram Öztürkün pozulmuş haqqları bərpa olunardı. Alqı-satqı müqaviləsinin bağlanmasından 3 il keçdikdən sonra Əfqan Qasımov borcu ödəməmək üçün guya satılmış avadanlıqların yararsız olduğunu, işləmədiyini bəhanə edərək borcu ödəməkdən imtina edir. Sual olunur ki, əcaba hörmətli Hacı Əfqan avadanlıqların yararsız olduğunu məhz 3 ildən sonramı başa düşmüşdür? Sonda Molla Nəsrəddinin daha bir borc sərgüzəşti yadıma düşdü. Bir dəfə gecə Molla yuxuda görür ki, bir nəfər ona yalvarır: - Ay Molla, mənim rəhmətlik atam səndən 10 qızıl borc almışdı. İndi mən ölüm-zülüm 9 qızıl düzəltmişəm. Bunu qəbul et, borcumuz bağlansın. Molla isə israr edir ki, yox, hökmən 10 qızıl verməlisən, yoxsa qəbul etmərəm. Qəflətən yuxudan ayılan Molla bunun yuxu olduğunu görüb gözlərini yumub deyir: - Eybi yox, 9 qızılı ver, biri halalın olsun! İndi Bayran Öztürk borcunu almaq üçün müraciət etdiyi bütün instansiyalardan cavab ala bilmədiyi üçün çıxılmaz vəziyyətdə qalmışdır. Borclu borclunun sağlığını istəyər, amma, maraqlıdır ki, nə vaxta qədər? Məsələni daima diqqətimizdə saxlayacağıq. Nicat Mahmudov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?