İqtidarin “uğurlu”, müxalifətin “uğursuz” namizədi Cəmil Həsənlinin yeni kitabi
2013-cü il prezident seçkilərinin üzərindən xeyli vaxt keçsə də seçki marafonunun “xoş xatirələri” hələ də yaddaşlardan silinməyib. Teledebatlarda baş verən qarşıdurmalar, səsləndirilən ittihamlar, deyilən pafoslu sözlər qulaqlardan çəkilməyib. Əslində son prezident seçkiləri Azərbaycan siyasətində hökm sürən ab-havanı müəyyən etmək üçün bir sınaq idi. İqtidar və müxalifət cəbhəsi xalqın qarşısında nəyə qadir olduqlarını bir daha ortaya qoyurdular. Seçkinin gedişi isə sübut etdi ki, ölkədə təşkilatlanmış iqtidar komandası qarşısında zəif durumda olan, vahid cəbhədə birləşə bilməyən, daxili intriqaların hökm sürdüyü bir müxalifət var. Uzun sürən gərgin müzakirələrdən, “mən ölüm, sən öləsən”lərdən sonra Milli Şura yaradaraq guya seçkiyə vahid namizədlə gedən müxalifətin elə ilk addımları onların seçki strategiyasının kökündən səhv olduğunu göstərdi. Milli Şura yaradanlar özləri bir ideya ətrafında birləşə bilmədikləri üçün xalqı arxalarınca apara bilmədilər, nəticədə seçkidən az sonra sərt qarşılıqlı ittihamlarla düşməncəsinə ayrıldılar. Hadisələrin gedişini yada salsaq görərik ki, Milli Şura ideyası elə Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmamasından sonra fiaskoya uğramışdı. Vaxt azlığından və ümümi mövqeyin olmaması səbəbindən çarəsiz duruma düşən müxalif qüvvələr son anda yeni bir “lider” formalaşdırmaqla seçkiyə qatıldılar. Cəmil Həsənli 2013-cü il seçkilərinin uğursuz layihəsi kimi namizəd oldu və marafona qoşuldu. 28 may 2013-cü ildə Respublika günündə “Demokratik qüvvələrin Milli Şurasının” yaradılması haqqında qərar qəbul edən müxalifət cəbhəsi 7 iyunda təsis yığıncağı keçirərək Rüstəm İbrahimbəyovun sədrliyi ilə Milli Şuranı təsis etdi. İyulun 2-də isə artıq R.İbrahimbəyovun müxalifətin vahid namizədi kimi seçkilərə qatılması qərara alındı. Lakin, İbrahimbəyovun Azərbaycana buraxılmaması və ya gəlmək istəməməsi səbəbindən, həm də ikili vətəndaşlığı olduğu üçün namizədliyi qeydə alınmadı. Belə situasiyada müxalifət ehtiyat varianta keçərək Cəmil Həsənlinin namizədliyi üzərində dayandı. Cəmil Həsənli 2013-cü il prezident seçkilərində müxalifətin növbəti uğursuz gedişi olmaqla özü yazdığı tarixə keçdi. Əslində hər iki variantda müxalifət əvvəldən uduzmuşdu. İstər Rüstəm İbrahimbəyov, istərsə də Cəmil Həsənli elə müxalifətin opponentlik etdiyi iqtidarın şinelindən çıxmışdılar. R.İbrahimbəyov hakimiyyətin dəyər verdiyi bir isim idi, sonradan görkəmli kinorejissorun maddi maraqları sona qədər təmin olunmadığı üçün iqtidardan incik düşdü. Onun məhşurluğundan, dünya səviyyəli ad sanından yararlanmaq istəyən müxalifətin arzusu baş tutmadı. Belədə Cəmil Həsənlini ziyalı kimi önə çıxarmaqla müxalifət əlavə dividentlər qazanmağa çalışdı. Cəmil Həsənli seçki marafonunda odlu-alovlu çıxışları ilə diqqətləri üzərinə çəkməyi bacardı. İqtidar haqqında ən sərt ifadələri işlətməklə populyarlıq qazanmaq istəyən namizəd demək olar ki, bütün debatlarda qarşıdurma yaradır, hakimiyyətin ünvanına ciddi arqumentlər səsləndirirdi. İlk baxışdan düzgün strategiya idi, müxalifətin vahid namizədi iqtidarı tərifləyəsi deyildi ki... Eyni zamanda bütün bu ittihamlar güclü aqressiya və əsəblə müşayiət olunurdu. Seçki kompaniyası həm də Hafiz Hacıyev və Cəmil Həsənlinin söz davası kimi yaddaşlara köçdü. Əslində Cəmil Həsənli təzə nə isə demirdi, özündən Amerika kəşf eləmirdi. Onun dediyi sözləri ölkənin müstəqil mətbuat nümayəndələri hər gün səsləndirirlər. Bu gün rüşvətxorluq, korrupsiya haqqında faktlar hər gün qəzet səhifələrində işıqlandırılır və xalqa çatdırılır. Amma, bunu yazanların heç biri prezident olmaq iddiasında olmayan sadə qələm əhlidir. Amma, Cəmil Həsənli bunlar sanki milli qəhrəmanlıq edirmiş kimi xalqa diqtə etməyə çalışırdı. Əmək haqqlarının, təqaüdlərin azlığını, korrupsiya hallarının olmasını, məmur özbaşnalıqlarını demək Don Kixotluq deyil, bunlar cəmiyyətin bildiyi sadə faktlardır. Cəmil Həsənli seçkilərdə dəyərli bir proqram, ideya səsləndirə bilmədi. Görünür ki, bunlar heç yox imiş də. Əvəzində Hafiz Hacıyevlə küçə ifadələri işlətməklə söz güləşdirmək müxalifətin böyük uğuru kimi xalqa təqdim olunurdu. Prezident İlham Əliyevi sərt tənqid edən, iqtidarı qeyri-legitim, antidemokratik adlandıran tarixçi namizəd ona qarşı səsləndirilən ittihamlara qarşı siyasətçiyə xas olmayan əsəbilik, aqressiya ilə cavab verirdi. Yəqin ki, tamaşaçılar onu ən çox əsəbləşdirən ittihamı yaxşı xatırlayırlar. Unudanlar üçün deyək ki, bu ittihamlar Cəmil müəllimin parlamentin üzvü olduğu vaxtlarda yazdığı kitablarda, məqalələrdə mərhum Heydər Əliyev haqqında səsləndirdiyi fikirlər barədə idi. Tarixçi alim keçmiş yazılarda tutduğu məqama uyğun olaraq Heydər Əliyev haqqında heç də YAP ideoloqlarından geridə qalmayan ifadələr işlədərək onu “ümummilli lider”, “xilaskar” və sair adlandırmışdı. Amma onda zaman 2013-cü il deyildi və Cəmil müəllim də müxalifətin vahid namizədi seçilməmişdi. Bu yazıları yazanda hörmətli tarixçimiz deputat idi və tarixin diqtə etdiyi sözləri təkrarlayırdı. Hardan biləydi ki, rahat parlament kürsüsündə oturub qələmə aldığı bu ifadələr bir gün gələcək ki, onun əleyhinə çevriləcək. Axı parlament zalından baxanda problemləri görmək olmur, oranın aurası tamam başqadır. Onda Cəmil Həsənli üçün Heydər Əliyev haqqında yazmaq asan idi, uzaqgörənlik hər siyasətçiyə nəsib olan xüsusiyyət deyil. Amma, əlahəzrət tarixin təkəri 2013-cü ilin 9 oktyabrına doğru fırlanırdı. Cəmil Həsənli Milli Şuranın vahid namizədi olacaqdı... İlk baxışda düşünmək olar ki, hər bir vətəndaş kimi tarixçi alimin də mövqe dəyişmək haqqı var və o, bir zamanlar təriflər dediyi iqtidara qarşı fikirlərini dəyişib. Buna kiminsə iradı ola bilməz, demokratik cəmiyyətlərdə belə hallar tez-tez olur. Amma, bu günlərdə əldə etdiyimiz bir kitab bizdə qəribə hisslər yaratdı. Elə kitabın ilk səhifəsindəcə Cəmil bəyin tarixçi olmasına baxmayaraq tarixi tez unutduğunun şahidi olduq. Söhbət açdığımız kitab Cəmil Həsənlinin elə bu il Moskvada “Nauka” nəşriyyatında çap olunmuş “Əli Mərdan bəy Topçubaşov- İdeya uğrunda həyat” (“Али Мардан-Бек Топчибашев Жизнь за идею) kitabıdır. Kitab 17 dekabr 2013-cü il tarixində çapa imzalanmış və 2014 cü ildə rus dilində 1000 tirajla nəşr olunmuşdur. 606 səhifədən ibarət olan bu kitabda Əlimərdan Bəy Topçubaşovun ömür yolu araşdırılıb. Kitabın elmi məziyyətlərini şərh etmək fikrində deyilik. Diqqətimizi ölkənin bir nömrəli müxalifət liderinin, Milli Şuranın sədrinin kitabının nəşrinə dəstək verənlər çəkdi. Kitab Azərbaycan Diplomatik Akademiyasının dəstəyi ilə işıq üzü görüb və redaktoru akademiyanın rektoru Hafiz Paşayevdir. Elə kitaba ön sözü də hörmətli Hafiz müəllim yazıb. Cəmil Həsənlinin kitabının nəşr tarixlərinə baxaq görərik ki, bu əsər elə seçkilərin qızğın vaxtında çapa hazırlanırmış. Yəqin Milli Şuranın vahid namizədi də çap məsələləri ilə bağlı tez-tez Hafiz müəllimlə görüşüb məsləhətlər aparırmış. Kitabın ön sözündə də Heydər Əliyev haqqında fikirlər yer alıb. Beləcə teledebatlarda iqtidara qənim kəsilən Cəmil müəllim çəkilişlərdən sonra hakimiyyətin dəstəyi ilə elmi fəaliyyətini davam etdirirmiş. Bu Azərbaycan müxalifətçiliyidir. Gecələr iqtidarla bir yerdə olub səhərlər onun əleyhinə danışmaq “milli mücadilədir”, “uca millət, böyük xalqa” sonsuz məhəbbətdir, meydan hərəkatıdır, ideologiyadır və sair. Cəmil Həsənli Əlimərdan bəyin milli hərakatda olan xidmətlərinə bax belə dəyər verib. Müxalifət olaraq qocalan “milli liderlər” 20 ildir ki, eyni sözləri təkrarlayıb, bir-birini ittiham edərək, gah Gürcüstandan, gah da Ukraynadan ilhamlanaraq inqilab eşqinə düşəndə də elə bu yolu tutublar. Həyat tərzinə görə heç də tənqid etdikləri məmurlardan geridə qalmayan müxalifət liderlərinin həm aşkar, həm də gizlin “iqtidar sevgiləri” var. Aşkar iqtidar sevgisi gündüzlər olur ki, hakimiyyətə yiyələnmək üçün min-bir variant səsləndirirlər. Ancaq, gizlin sevginin ömrü günəş doğana qədərdir. Bu “sevgi” xalq üçün deyil, nəfs üçündür. Elə dəbdəbəli həyat tərzi, xarici səfərlər də bu “sevgi”nin nəticəsidir. Cəmil Həsənlinin diqqətdən yayındırmağa çalışdığı bu kitabı da müxalifət liderinin hakimiyyətə qarşı apardığı “amansız mübarizənin” bəhrəsidir. Görəsən, hakimiyyəti söyə-söyə onun ən görkəmli xadimi ilə necə kitab nəşr etdirmək olar? Məgər hörmətli Cəmil müəllim bilmirmi ki, “iki sevda çəkənlərin cəzası var”! Seçkilər arxada qaldı, xalq öz seçimini etdi. Amma, öz siyasi orientasiyasını seçə bilməyən müxalifət liderləri indi də növbəti seçkilərə hazırlaşırlar. Yəqin yeni fundamental bir kitabı nəşrə hazırlayırlar! Gündəm xəbər
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?